Vaxt.Az

“Formula 1” əfsanəsi...


 

... Saçından dırnağına qədər “Ferrari” aşiqi

“Formula 1” əfsanəsi... Deyirlər ki, “Formula 1”lə “Ferrari”siz və ya “Ferrari”ni “Formula 1”siz təsəvvür etmək çətindir. Amma azarkeşləri də bilirlər ki, uzun müddət “Ferrari”ni onsuz təsəvvür etmək mümkün deyildi...

1962-ci ildə Enzo Ferrarini onu öz komandasına texniki direktor təyin edəndə cəmi 27 yaşı var idi. Təcrübəli mütəxəssislər ağzından süd iyi gələn birinin belə yüksək posta gətirilməsinə etiraz da etmişdilər. Amma gənc mühəndis cəmi bir ildən sonra sıfırdan yığdığı maşınla həm sürücülər, həm də komandalar arasında titul qazanmışdı...

Modenada anadan olmuşdu. Evin yeganə uşağı idi. Atası həmyerlisi Enzo Ferrarinin şirkətində mexanik işləyirdi və bəzən oğlunu 20 km uzaqlıqda yerləşən zavoda aparırdı. Daha sonra elə Enzonun dəstəyi ilə universitetdə texniki təhsil aldı və elə eyni zavodda mühəndis kimi çalışmağa başladı.

Şirkət rəhbəri biləndə ki, onun sürətə həvəsi var, düşünmədən komandaya götürdü. Bir ildən sonra komandanın texniki direktoru Karlo Kiti istefa verəndə onun yerini tutdu. Komandada ondan təcrübəli mühəndislər bu təyinatı birmənalı qarşılamasalar da, gənc mühəndis komandanın yeni sürücüsü Con Sörtizlə dostlaşdı, ondan geri bildirişlər almağa başladı və bir ildən sonra Conu tarixin yeganə çempionuna çevirdi – Con həm ikitəkərli, həm də dördtəkərli texnikada dünya çempionu olmuş yeganə şəxsdir bu günədək.

O zaman heç kim təsəvvür etməzdi ki, bu gənc “Ferrari” kimi bir komandada 23 il texniki direktor kimi çalışacaq – düzdür, arada bir il Enzo onu Le Man maşınları ilə işləməyə “sürgün” etmişdi, amma cəmi bir ildən sonra təcili geri çağırmışdı.

Nəhayət, 1984-cü ildə Enzonun tərsliklərindən təngə gəlib istefaya getdi – bu illər ərzində Condan sonra Niki Lauda və Codi Şekterlə də titullar qazandı, Mühəndislər Kubokunu isə 7 dəfə Maranelloya gətirdi. Məhz ondan sonra komanda dərin böhrana düşdü və bu böhran nə az, nə çox, 15-16 il sürdü...

Noyabrın 2-də əfsanəvi mühəndis saçından tutmuş dırnağına qədər “Ferrari” aşiqi olan Mauro Forqyeri 87 yaşında dünyasını dəyişdi...

 





03.11.2022    çap et  çap et