Vaxt.Az

«Demokratiyanın ən gözəl gününü yaşayırıq»


 

«Seçkinin nəticələrinə hər kəs hörmətlə yanaşmalıdır»

«Demokratiyanın ən gözəl gününü yaşayırıq» Türkiyə Prezidenti Abdullah Gül və xanımı Xeyrünnisə Gül bu gün ölkədə keçirilən bələdiyyə seçkilərində səs veriblər.

Trend-in «Anadolu» agentliyinə istinadən verdiyi məlumata görə, Prezident jurnalistlərə açıqlamasında nəticələrin millətin iradəsi olduğunu deyib: «Seçkinin nəticələrinə hər kəs hörmətlə yanaşmalıdır. Bütün vətəndaşlarım buna inansın ki, dövlətimiz güclüdür, dövlətimizin bütün qurumları da güclüdür. Qarşılaşdığımız bütün sıxıntılar, problemlər əsas qanunlar, hüquq dövləti nizamı çərçivəsində həll edilir və Türkiyə güclü bir şəkildə yoluna davam edir».

A.Gül Türkiyə vətəndaşlarına dövlətə, millətə güvənmələrini və gələcəyə ümidlə baxmalarını tövsiyə edib: «Bu gün çoxpartiyalı sistemdə demokratiyanın ən gözəl günlərindən birini bərabər yaşayırıq ».

Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.

 





30.03.2014    çap et  çap et