Vaxt.Az

868 cəsəd tapılıb


 

Rusiyanın Ukraynada üç şəhərdə törətdiyi soyqırımla bağlı növbəti dəlillər

868 cəsəd tapılıb Ukrayna Milli Polisinin əməkdaşları Donetsk, Xarkov və Xerson vilayətlərinin işğaldan azad edilmiş ərazilərində 868 mülki vətəndaşın cəsədini tapıb. Milli Polisin mətbuat xidməti onlardan 24-nün uşaq olduğunu bildirib.

Mütəşəkkil Analitik Təminat şöbəsinin rəhbəri Aleksey Sergeyevin bildirdiyinə görə, cəmi bir gündə, noyabrın 2-də müstəntiqlər bu ərazilərin Rusiya qoşunları tərəfindən işğalı zamanı həlak olmuş 14 mülki vətəndaşın cəsədini aşkar edib.

Bu regionların işğaldan azad edilmiş rayonlarında polis müstəntiqləri 2670 hərbi cinayət sənədləşdiriblər ki, onlardan 2379-u Xarkov vilayətində, 260-ı Xerson vilayətində və 31-i Donetsk vilayətində baş verib”, – deyə Sergeyev bildirib.

Polis, həmçinin Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə 34 işgəncə obyekti aşkar edib.

Sergeyevin sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna Milli Polisinin müstəntiqlər Rusiya hərbçilərinin Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərinin faktları üzrə 41 mindən çox cinayət işi açıb.

Oktyabrın 27-də polis əməkdaşları Xarkov vilayətinin Borovski rayonunda kütləvi məzarlıq aşkar edib. Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki şəxslər ümumi məzarlıqda basdırılıb.

Sentyabr ayında, Rusiya qoşunlarının geri çəkilməsindən sonra Ukrayna Milli Polisi İzyum şəhəri yaxınlığında kütləvi məzarlıqlarda tapılan cəsədlərin eksqumasiyasını başa çatdırıb. Ümumilikdə, polis Xarkov vilayətinin işğaldan azad edilmiş ərazisində 460-dan çox cəsəd aşkar edib.

 





04.11.2022    çap et  çap et