Vaxt.Az

«Sanki parlament seçkiləridir»


 

İqtidar partiyasının lideri bu mübarizəni istiqlal savaşı adlandırıb

«Sanki parlament seçkiləridir» Bu barədə APA TV-nin seçki prosesini izləyən Türkiyə müxbiri Mayis Əlizadə məlumat verib. Onun sözlərinə görə, İstanbulda seçici fəallığı daha çox müşahidə edilir.

«Səsvermə prosesi çox normal şəkildə gedir. Əvvəllər müşahidə etdiyim seçkilərlə müqayisədə seçicilərin çox fəal olduğunu deyə bilərəm. Türk demokratiyasının əsas xüsusiyyətlərindən biri seçkilərin sakit şəkildə keçirilməsidir. Seçkilər yaxşı şəkildə təşkil olunub. İnsanların iradələrinə müdaxilə yoxdur və hər kəs sərbəst şəkildə səs verir».

Mayis Əlizadə seçkilər zamanı 53 milyon seçicinin səs verəcəyinin gözlənildiyini deyib. Bildirib ki, ilkin nəticələr Türkiyə vaxtı ilə axşam saat 7-8 arası açıqlanacaq.

İnsanların sanki parlament seçkilərinə qatıldığını vurğulayan İstanbul bürosunun müxbiri sonuncu dəfə bu ab-havanın ölkədə 25 il əvvəl - 1989-cu il seçkilərində müşahidə edildiyini bildirib.

«O zaman təkbaşına hakimiyyətdə olan Ana Vətən Partiyası bir il yarım əvvəl keçirilən parlament seçkisində 45 faiz səs toplayaraq təkpartiyalılığını davam etdirib. Daha sonra keçirilən bələdiyyə seçkilərində bu səslərin tam yarısını toplayıb və bu onun növbəti parlament seçkilərində hakimiyyətdən getməsini şərtləndirən əsas şərtlərdən biri oldu».

Mayis Əlizadə bu seçkilərin Türkiyədəki iqtidar partiyası ilə ölkənin ən böyük dini icması arasında baş verən mübarizə fonunda keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, seçkiqabağı kampaniyalar zamanı da iqtidar partiyasının lideri bu mübarizəyə işarə edərək bu seçkiləri istiqlal savaşı kimi xarakterizə edib.

«Son günə qədər mitinqlər bu çərçivə içərisində cərəyan etdi. İqtidar ölkənin ən böyük dini icmasını ikinci dövlət qurmaqda günahlandıraraq seçkiyə getdi. O qrup da bu seçkidə iqtidara səs verməyəcəyini açıqladı».

APA TV-nin xüsusi müxbiri səsvermə prosesi zamanı böyük insidentlərin baş vermədiyini və insanların normal qaydada səsvermədə iştirak etdiklərini vurğulayıb.

 





30.03.2014    çap et  çap et