Vaxt.Az

58 rayon özü-özünü dolandıracaq


 

Hansı rayonlar dövlətdən dotasiya alacaq?

58 rayon özü-özünü dolandıracaq 2023-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 8 rayona vəsait ayrılacaq. 58 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Qeyd edək ki, dövlət büdcəsindən bu il 14 rayon vəsait alır. Gələn il həmin rayonlardan altısı özünü maliyyələşdirmə prinsipi ilə işləməli olacaqlar.

Layihəyə əsasən, Cəbrayıl (dövlət büdcəsindən 1 milyon 521 min manat ayrılacaq), Xocavənd (1 milyon 367 min manat), Xocalı (1 milyard 168 milyon manat), Kəlbəcər (2 milyon 347 min manat), Laçın (1 milyon 797 min manat), Lerik (1 milyon 161 min manat), Yardımlı (2 milyon 184 min manat) və Zəngilan (761 min manat) gələn il dövlət büdcəsindən vəsait ala biləcəklər. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 12 milyon 306 min manat vəsait ayrılacaq.

Ağdam (dövlət büdcəsindən bu il 4 milyon 980 min manat nəzərdə tutulub), Balakən (1 milyon 612 min manat), Goranboy (2 milyon 156 min manat), Qax (5 milyon 476 min manat), Oğuz (2 milyon 484 min manat) və Zərdab (2 milyon 917 min manat) bu il dövlət büdcəsindən vəsait alsalar da belə 2023-də bu rayonlara pulun verilməsi nəzərdə tutulmayıb. 

Gələn il büdcədən vəsait alacaq 8 rayonun altısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımdan vacibdir. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir.

 





05.11.2022    çap et  çap et