Vaxt.Az

“Vardanyan alver etmək istəyir”


 

Rusiya Azərbaycanda təhlükəli vəziyyət yaradır

“Vardanyan alver etmək istəyir” “Araik Arutyunyan hərbi cinayətkardır və əli azərbaycanlıların qanına bulaşan bir kəsdir. Azərbaycan tərəfi separatçılarla heç bir danışıqlar aparmayacaq və guya ümid var ki, rəsmi Bakı qondarma rejimin yeni “baş naziri” Ruben Vardanyanla hər hansı bir kommunikasiyalar qura, Qarabağda yaşayan ermənilər barədə danışıqlar apara bilər”. Bunu “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Qarabağ erməniləri ilə bağlı vəziyyət təhlükəli hal alır: “Belə görünür ki, Vardanyan heç bir danışıqlara köklənmir və separatçı şüarları səsləndirməyə davam edir. Digər tərəfdən də görünən odur ki, Vardanyan “stavkalarını” qaldırmaqla, əgər Azərbaycanla belə bir şey mümkün olacaqsa, alver etmək niyyətindədir.

Əslində isə bundan başlamaq lazımdır ki, rəsmi Bakı istər Vardanyanla, istər Arutyunyanla, istərsə də digərləri ilə danışıqlar aparmaq niyyətində deyil. Bizim əsas tələblərimiz bundan ibarətdir ki, Qarabağda yaşayan ermənilər əgər gələcəyini normal, dinc şəkildə burada təmin etmək istəyirlərsə, onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, Azərbaycanda Azərbaycanın qoyduğu şərtlərlə yaşamalıdırlar.

Separatçıların siyasi alver istəyi yolverilməzdir. Biz öz torpaqlarımızla bağlı heç kəslə alver aparmaq niyyətində deyilik. Rusiyanın planı bu arada ondan ibarətdir ki, Azərbaycan Arutyunyanla danışıqlar aparmırsa, Vardanyanla aparsın. Amma Moskvanın bu planı qeyri-real və çox zərərlidir.

Bakının bu məsələdə mövqeyi qətidir ki, separatçılarla heç bir danışıqdan söhbət gedə bilməz. Qanunsuz işlərlə məşğul olan, qanunsuz şəkildə separatçı rejimin mövcudluğunu dəstəkləyən qüvvələr heç vaxt rəsmi Bakı ilə bir danışıqlar masasında əyləşə bilməz.

Amma təəssüflər olsun ki, bəzi qüvvələr belə bir fikrə düşüblər. Bu fikirlər reallıqdan uzaq olsa belə onları yürütmək istəyənlər var. Bu da son nəticə etibarilə regionda vəziyyəti mürəkkəbləşdirir və qeyri-müəyyənliyi daha təhlükəli edir. Yəni indiki Qarabağ erməniləri ilə bağlı yaranmış qeyri-müəyyənlik əslində bu cür hərəkətlərlə daha çox təhlükəli hal alır”.

Qeyd edək ki, Rusiya siyasi dairələrinə yaxınlığı ilə seçilən erməni milyarder Ruben Vardanyan qondarma rejimin “baş naziri” oldu. (Milli.az)

 





05.11.2022    çap et  çap et