Vaxt.Az

“Xocəsən” hazırdır


 

İl yarıma ili stansiya istifadəyə veriləcək

“Xocəsən” hazırdır Yaxın günlərdə metronun “Xocəsən” stansiyası istismara veriləcək. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O, gələn il xəttə buraxılacaq qatarların sayından da danışıb. Hidayət Məmmədov qeyd edib ki, Rusiyadan alınan sonuncu 10 vaqonlu 2 qatarın 2023-cü ilin əvvəlində xəttə buraxılması gözlənilir.

Hidayət Məmmədov əlavə edib ki, metrostansiyalarda gediş haqlarının bank kartları vasitəsilə ödənilməsi istiqamətində də işlər davam etdirilir. Artıq texniki dizayn işlərinə start verilib, ilkin sınaq işləri uğurla aparılıb.

Qurumun baş mühəndisi Əlixan Osmanov isə bildirib ki, şərti adı “B 4” olan stansiyanın tikintisi 2024-cü ildə başa çatdırıla bilər. Hazırda “8 Noyabr stansiyasından “B 4” stansiyasına qədər tunellər qazılıb. Tunellərin daxilində quraşdırma işləri gedir.

“Gələn ilin sonuna, ən gec halda isə 2024-cü ilin əvvəlinə “B 4” stansiyasının tikintisini başa çatdıra bilərik”, – deyə o əlavə edib

Əlixan Osmanovun sözlərinə görə “yaşıl xətt” üzrə tikilməsi planlaşdırılan, şərti adı “Y 14” olan stansiyasının layihə sənədləri artıq hazırdır. Maliyyə vəsaitinin yönəldilməsi və digər məsələlər həll edilsə, stansiyanın tikintisinə başlanılacaq. Baş mühəndis “Y 15” və ''Y 16'' stansiyaları ilə bağlı məsələyə də diqqət çəkib.

O vurğulayıb ki, “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər “yaşıl xətt” üzrə üç stansiya nəzərdə tutulub.

Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin 55 illik yubileyi qeyd olunub və 6 Noyabr – Metropoliten işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.

 





05.11.2022    çap et  çap et