Mümkün sülh sazişi ilə Qarabağın Azərbaycanın daxili məsələsi olduğu reallığı rəsmi sənədlə təsbit olunacaq. Ki, bundan sonra Bakının separatçıların olduğu bölgəyə nəzarət istiqamətində aktiv hərəkətə keçəcəyi gözlənilir və belə bir situasiya rus sülhməramlılarının bölgədə qalma müddətinin uzadılmasını da sual altına salır. Paşinyan Soçidə Putinin də istəyinə uyğun olaraq, sülhməramlılar məsələsini müzakirəyə çıxardı, lakin Əliyevin mövqeyinə təsir edə bilmədikləri və diplomatik masada bunun mümkün olmayacağını anladıqları bəllidir.
“Sülhməramlı istəyi”nə nail olmaq üçün Rusiyaya “ehtiyac”ı artırmaq lazımdır. Moskva bununla bağlı iki gediş etdi:
– Soçi görüşündən bir gün öncə Xankəndindəki mitinq təxribatı ilə “ermənilər Azərbaycan vətəndaşlığını istəmir” əsasını yaratdı. Məqsəd Soçidə Əliyevin mövqeyinə təsir etmək idi, lakin nəticə olmadı və ruslar “məsələni sonraya saxladılar”;
– Separatçıların silahlandırılması ikinci gedişdir: ermənilərin “müqavimətini” artırmaq və sülhməramlılara ehtiyacın olduğu əsasını gücləndirmək məqsədilə silahlı təxribatlara hazırlıq gedir;
Silahlandırma eyni zamanda, separatçıların Azərbaycanın mümkün anti-terror əməliyyatlarına qarşı dayana bilməsinə də hesablanıb.
Və bu silahın daşınması faktı göstərir ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalansa belə, Qarabağda “etnik münaqişə” kartını işə salacaqlar: bu, Rusiyaya bölgədə qalma müddətini uzatmaq, Ermənistan və Qərbdə İrəvanla eyni mövqedən çıxış edənlər üçün qondarma “arsaxı” saxlamaq lazımdır və bu nöqtədə Bakı ilə Ankaradan savayı bütün tərəflərin mövqeyi böyük ölçüdə uzlaşır;
Hərçənd, mövcud vəziyyətdə Bakının həm hərbi, həm də siyasi baxımdan proseslərə müdaxilə etmək imkanları tükənməyib. Və silahın daşınması faktının aşkarlanması da Bakıya “Laçın dəhlizinə” nəzarət məsələsini aktuallaşdırmaq imkanı verir.