Vaxt.Az

Tərəfimiz bəllidir ...


 

... Yaxud balans getdi, Türkiyə gəldi

Tərəfimiz bəllidir ... Qarabağ savaşından sonra bölgəyə soxulan rus hərbi kontingentinin nələr etdiklərini bilirik və suallarımızın sayı həddindən artıq çoxdur. Lakin, bunu dilə gətirmək gərəyi hiss etmirdik. Lakin, hazırda vəziyyət bir qədər fərqlidir. Çünki, zaman bizim əleyhimizə işləyir. Laçın dəhlizindəki özbaşınalıqlar, Ruben Vardanyan projesi, Xankəndidəki mitinq və s.

Artıq sualları bir-bir ünvanlamağın zamanıdır. Hətta iddialara görə Soçidə Əliyev Putinə Vardanyanla bağlı ciddi narahatlığını Putinin diqqətinə çatdırıb. Putin isə deyib ki, “xəbərim yoxdur”. Təsəvvür edə bilirsiniz? Bu qədər riyakardırlar. Artıq sıra hərbi gücdür. Çünki, zaman keçdikcə ruslar dozanı daha da artıracaqlar. Mövcud vəziyyət ilə ermənilər barışıb, Rusiya isə yox. Bir şeyi də özlüyümüzdə dəqiqləşdirməliyik ki, bizim hazırda tərəf müqabilimiz Ermənistan deyil, məhz Rusiyadır. Azərbaycan televiziyasında Rusiya əleyhinə verilən açıqlamalar təqdir olunmalıdır. Bu ritorikanı davam etdirmək lazımdır. O zamana qədər ki, biz Qarabağda tam yurisdiksiyamızı bərpa edək. Belə olmayacağı təqdirdə Rusiya ilə hansı normal münasibətdən söhbət gedə bilər ki? 

Daha bir vacib məsələ isə rus dilli məktəblərlə bağlıdır. Rusiyaya sadəcə sözdə deyil, əməldə də təpki verməliyik. Xüsusilə də dövlət tərəfindən maliyyələşdirilən rus məktəblərinin ləğvindən başlamaq lazımdır. Dövlət qurumlarında rus dilində danışan şəxslərə qarşı ciddi şəkildə mübarizə aparılmalıdır. İllərdir burda yaşayan ruslar niyə görə hələ də bizim dilimizdə danışmaq gərəyi duymurlar? Bu suala cavab verə bildiyimiz zaman bir çox məsələlərə də aydınlıq gələcək. Madam ki, xarici dil yaxşıdır, o zaman ingilis dilli, fransız dilli, alman dilli məktəblərə maliyyə ayıraq ki, potensial alimlər, elm adamları, dünya miqyasında şəxslər yetişdirək. Rus dili kimə lazımdır?! 

Uzun sözün qısası artıq balanslaşdırılmış siyasət geridə qaldı və tərəf olmaq lazımdır. Uzun zamandır da məhz bunun əsası qoyulurdu. “Şuşa Bəyannaməsi”, Türk Dövlətləri Birliyi üzvləri ilə müxtəlif istiqamətlərdə əməkdaşlıqların genişləndirilməsi və s. də buna hesablanıb. Yəni, tərəfimiz bəllidir. Daha dəqiq desək, tərəfimiz Rusiya deyil, ya yanımızda olacaq, ya da qarşımızda. Necə ki, İran hazırda bizim qarşımızdadır və nəticələrini də özü görür və görəcək...

 





06.11.2022    çap et  çap et