Rusiya münaqişə zonasından sakinlərin təxliyəsini sürətləndirib və Xerson vilayətində vəziyyətin pisləşdiyini etiraf edib. Fevraldan bəri Moskvanın ilhaq etdiyi ərazilər arasında yeganə böyük şəhər olan Xersondan artıq azı 70 min nəfər mülki əhali köçürülüb.
Kremlyönümlü media orqanları Rusiya qoşunlarının qərargahlarını təxminən 80 km. cənub-şərqə köçürdükləri, bəzilərinin isə 18-ci əsrin rus komandirlərinin bürünc heykəllərini özləri ilə apardıqları barədə məlumatlar yayıb.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının cümə günü bildirdiyinə görə, Rusiya qüvvələri cəbhənin müəyyən hissələrində hərbi əməliyyatların intensivliyini üç dəfə artırıb və gündəlik 80-ə qədər hücum təşkil edib.
Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin hazırda əməliyyatlarını Bahmut, Avdiyivka və Donetsk vilayətinin qərbi istiqamətində cəmləşdirdiyini bildirib.
Britaniyanın Müdafiə Nazirliyi şənbə günü kəşfiyyat yeniləməsində bildirib ki, Rusiyanın “yeni səfərbər edilmiş çağırışçılarının çox güman ki, hazırlığı minimumdur və ya heç təlim keçmir”.
Hesabatda deyilib ki, “Rusiya yəqin ki, cari səfərbərlik kampaniyası və illik payız çağırışı üçün hərbi təlimləri gücləndirməkdə çətinlik çəkir. Sentyabr ayında elan edilən qismən səfərbərliyə tələb olunan təqribən 300 min hərbçi üçün təlimlər artıq Rusiya Silahlı Qüvvələrini gücdən salıb”.
Nazirlik “bu, noyabr ayında illik çağırış zamanı 120 minə yaxın çağırışçı ilə daha da ağırlaşacaq”, – deyə bildirib.
Nazirliyin dediyinə görə, Rusiya “ölkəsində təlimlər üçün heyət, döyüş sursatları və obyektlərin çatışmazlığı səbəbindən” qoşunlarının Belarusda hazırlanmasına əl atıb. Kəşfiyyat yeniləməsində “Az və ya heç bir təlim olmadan qüvvələrin döyüş xəttinə yerləşdirilməsi hücum qabiliyyətini çox az təmin edəcək” deyilib.