Əfqanıstan ordusunun keçmiş rəisi, general Heybətulla Əlizay deyib ki, Tehran Yəməndə Husi üsyançılarının sıralarını gücləndirmək üçün bu ölkədə yaşayan keçmiş əfqan qüvvələrinin bu ölkədən asılılığından istifadə edir.
“Keçmiş Əfqanıstan hərbçiləri vizalarını uzatmaq üçün İrandakı immiqrasiya bürolarına gedəndə onlara husilərə dəstək üçün Yəmənə getmələri deyilir”, – deyə Əlizay Amerikanın Səsinə bildirib.
Əfqanıstanın elit Milli Ordu Komando Korpusunun keçmiş komandiri Məhəmməd Fərid Əhmədi deyib ki, Əfqanıstanın keçmiş xüsusi təyinatlıları hazırda dünyanın “altı kritik bölgəsində”, “kiçik qruplar” şəklində fəaliyyət göstərir.
ABŞ və NATO tərəfindən təlim keçmiş əfqan komandoları Əfqanıstanda ən təcrübəli hərbi qulluqçular hesab olunurdu. Əfqanıstanın Talibanın əlinə keçməsindən əvvəl komandolar ölkənin hər yerində mürəkkəb döyüş əməliyyatlarının əksəriyyətinə rəhbərlik edirdi.
“Associated Press” xəbər verir ki, Rusiya hazırda Əfqanıstanın İrandakı keçmiş xüsusi təyinatlılarını Ukraynadakı hərbçiləri ilə birlikdə döyüşmək üçün cəlb etməyə çalışır. Rusiya onlara “ayda 1500 dollar, özləri və ailələri üçün təhlükəsiz sığınacaq” vəd edir.
Rusiyanın Vaşinqtondakı səfirliyinin rəsmiləri və İranın Birləşmiş Millətlər Təşkilatının nümayəndələri hökumətlərinin keçmiş Əfqanıstan silahlı qüvvələrini və komandolarını cəlb edib-etmədiyinə dair elektron poçtla göndərilən suallara cavab verməyib.
“Associated Press” xəbər verir ki, Vaqner Qrupunun rəhbəri Yevgeni Priqojin keçmiş əfqan əsgərlərinin işə götürülməsi ilə bağlı iddiaları “cəfəngiyyat” adlandırıb.
Əfqanları döyüşməyə məcbur etmək yeni taktika deyil. “Human Rights Watch” təşkilatı 2016-cı ildə İranın Suriyada döyüşmək üçün əfqan qaçqınlarından əsgər kimi istifadə etdiyini bildirmişdi.
Keçmiş Ordu Komando Korpusunun rəhbəri Əhmədi deyib ki, Taliban Kabilə nəzarəti ələ keçirməzdən əvvəl Əfqanıstanda təxminən 30 min komando xidmət edirdi.
“Əfqanıstanın keçmiş komandolarının böyük əksəriyyəti indi Əfqanıstan daxilindədir və onlar gizlənərək yaşayır”, – deyə, Əhmədi bildirib. O əlavə edib ki, “onlardan bəziləri Taliban tərəfindən saxlanıb və işgəncələrə məruz qalıb”.
ABŞ-ın Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttiş Ofisinin (SIGAR) bir neçə ay əvvəl dərc etdiyi hesabata görə, ölkədə qalan keçmiş əfqan komandoları “demək olar” ya Milli Müqavimət Cəbhəsi kimi tanınan yeni formalaşmış müxalifət qrupuna qoşulub, ya da Taliban tərəfindən öldürülmək və ya həbs olunmaq qorxusundan gizlənərək yaşayır.
Əhmədi deyib ki, Əfqanıstanın xüsusi təyinatlıları özlərini ölkənin keçmiş siyasi liderləri tərəfindən xəyanətə uğramış hiss edir və hazırda bir çoxları özlərini “çarəsiz və ümidsiz” hiss edir.
O, həmçinin Vaşinqtondakı rəsmiləri son 20 ildə ABŞ qüvvələri ilə çiyin-çiyinə döyüşən əfqanlara yardım etməyə çağırıb.