“Hazırda 50 minə yaxın insan döyüş bölgələrindədir. Qalanları hələ döyüş əməliyyatlarında iştirak etmir. Lakin [hərbi əməliyyatlar] zonasında 80 minə qədər adam var. Qalanların hamısı poliqonlardadır”, – deyə Putin qeyd edib.
Noyabrın əvvəlində “Mediazona” Ukraynadakı müharibədə həlak olan 115 çağırışçı haqqında məlumat dərc edib. “Novaya qazeta” da analoji rəqəmlər olduğunu bildirib. Nəşr ölülərin real sayının daha çox olduğunu ehtimal edib. Jurnalistlər yalnız Rusiya Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatları nəzərə alıb. Ölüm xəbərlərinin mənbələri ən çox qurbanların yaxınlarından alınıb.
Daha əvvəl müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, səfərbər olunan 300 min nəfərdən 87 min nəfəri “təlim və döyüş koordinasiyasından sonra” Ukrayna ilə döyüş bölgəsinə göndərilib. Nazirin sözlərinə görə, çağırışçılar müharibəyə göndərilməyəcək.
Oktyabrın 28-də Rusiyanın müdafiə naziri Şoyqu Prezident Vladimir Putinə səfərbərlik işlərinin “qismən” başa çatdığını bildirsə də, Putin müvafiq fərmanı imzalamayıb. Oktyabrın 31-də o, imza atmağın gərək olub-olmadığını “düşünmədiyini” bildirib və vəkillərlə “danışacağına” söz verib.
Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişasın bildirdiyinə görə Rusiyada “qismən səfərbərliyin” başa çatması ilə bağlı əlavə sənədlər tələb olunmur.
Rusiyada “qismən” səfərbərlik sentyabrın 21-də elan edilib. Hüquq müdafiəçiləri bundan əvvəl də səfərbərliyin çoxsaylı pozuntularla həyata keçirildiyini vurğulamışdı. Səfərbərlik çağırışları Müdafiə Nazirliyinin rəsmi tələblərinə uyğun gəlməyən şəxslərə: xroniki xəstəliyi olanlara, əlillərə, müəyyən yaş həddini keçənlərə gəlib.
Səfərbər olunanlar və onların yaxınları hamını – heç vaxt orduda xidmət etməyənləri, əməliyyat keçirənləri, insult keçirənləri, infarkt keçirənləri, insulindən asılı şəkər xəstələrini, hətta zədə aldıqdan sonra çətinliklə hərəkət edənləri belə orduya çağırdıqlarından gileylənib.