Vaxt.Az

«Tallindən Bakıyadək»


 

Nüfuzlu «Stratfor» analitik mərkəzi ABŞ-ın Ukraynadan sonrakı mümkün strategiyası haqda geniş təhlili məqalə hazırlayıb; proseslərin bundan sonrakı dinamikası regionun gənc dövlətlərinə nə vəd edir?

«Tallindən Bakıyadək» «Ukraynada proseslərin necə cərəyan eləməsindən asılı olmayaraq ABŞ Rusiya ilə qarşıdurmaya cəlb olunub. Bu sitat ABŞ-dakı nüfuzlu Stratfor analitik mərkəzinin «Estoniyadan Azərbaycanadək - Amerikanın Ukraynadan sonrakı strategiyası» məqaləsindəndir. Məqalə yeni soyuq müharibənin mümkünlüyü, Qərb-Rusiya münasibətlərinin perspektivi və bu perspektivin postsovet məkanına mümkün təsirlərini təhlil edib.

Müəllif Corc Fridman iki güc mərkəzi arasında gərginliyi şərh edərək yazır ki, ayrı-ayrı şəxslərə qarşı heç bir mənası olmayan sanksiyalara uyan ABŞ-ın imkanı var ki, Rusiya ilə qarşıdurmadan yayınsın və prosesləri öz axarına buraxsın: «Lakin bu mərhələdə konfrontasiyadan imtina ona gətirəcək ki, Rusiyanın ucqarlarındakı ölkələr - Estoniyadan Azərbaycana kimi qərar verməli, Amerikanın özünü kənara çəkməsi və Avropanın dağınıqlığı şəraitində Rusiya ilə dil tapmalı olacaqlar. Bu, Moskvanın hakimiyyətini genişləndirəcək və Rusiya təsirinin bütün Avropa yarımadasına yayılmasının yolunu açardı».

Ancaq Fridman Birləşmiş Ştatların hadisələrin öz axarı ilə getməsinə imkan verməməsini daha real sayır. Qeyd edir ki, ABŞ iqtisadi və hərbi, siyasi, maliyyə ardıcıllığı üzrə strategiyaya möhtacdır: «Bu zaman iki üstünlük var: Rusiya ucqarındakı bəzi ölkələr Rusiya dominantlığını istəmirlər. İkinci yandan, Rusiya bəzi güclü tərəflərinə rəğmən, faktiki olaraq zəif dövlətdir və ABŞ-la iki dünya müharibəsinin, soyuq müharibənin nümunəsi üzrə gərginlikdə olmaq istəməyəcək».

Analitikə görə, nə etməsindən asılı olmayaraq Putinin iki çıxış yolu var: «Birincisi, sadəcə, Ukraynadakı dəyişikliyi qəbul eləmək, hansına ki, o, çətin gedə. İkincisi isə Qərb üzərində qısa müddətdə diplomatik və siyasi qələbə qazanmağın mümkün olduğu yerdə - Baltikyanı regionda, Qafqazda və ya Moldovada hərəkət eləmək, zamanı yetişəndə Ukrayna hökumətini dağıdıcı dalana itələmək və Estoniya-Azərbaycan xətti üzrə ikitərəfli əlaqələr qurmaq. Bu, ABŞ-ın çəkindirici strategiyasına mane olur. Hansı strategiya ki, soyuq müharibə dövründə işləyib. Onu məhz avropalılar müstəqil şəkildə reallaşdıra bilmirlər. Bu strategiya amerikanlardan asılıdır».

Məqalədə daha sonra deyilir: «Madam ki, hazırkı Rusiya SSRİ-dən xeyli dərəcədə zəifdir və regionun ümumi coğrafi prinsipi dəyişməz qalır, Ukrayna hadisələrindən sonra analoji balans qüvvələrinə bənzəyən strategiya - 1945-89-cu illərdəki siyasətə oxşar strategiya ortaya çıxa bilər. Bu strategiya detallə şəkildə olmasa da, gücləri, iqtisadiyyatı, maliyyəni birləşdirəcək və hegemon qüvvə kimi Rusiyanın inkişafını məhdudlaşdıracaq. Amerikanın özünü isə yalnız məhdud, lakin nəzarət altında olan bir risk qarşısında qoyacaq». 

Ekspert Amerikanın Ukraynaya birbaşa hərbi müdaxiləsini mümkün hesab eləmir və qeyd edir ki, Rusiya qarşı uğurlu strategiya qismində ideal mexanizm NATO olardı: «O NATO ki, ora Azərbaycan və Gürcüstan istisna olmaqla praktik olaraq bütün kritik ölkələr daxildir. Problem ondadır ki, NATO funksional alyans deyil. 

O, soyuq müharibənin şərtləri çərçivəsində yaradılıb və cəbhə xətti üzrə əvvəlki hüdudları da indikindən xeyli qərbdə yerləşib. Daha vacibi odur ki, o zaman Sovet İttifaqını Qərbi Avropanın mövcudluğu üçün təhlükə sayan ortaq bir prinsip vardı. Belə bir konsensus hazırda yoxdur. Bu gün müxtəlif ölkələrin Rusiyaya münasibətdə müxtəlif dəyərləndirmələri və Kremldən müxtəlif dərəcəli ehtiyatlılığı var. 1945-ci ildən 1989-cu ilədək ölkələr başqa riskə məruz qalmışdılar, indiki ölkələr isə - başqa. Bu müqayisə olunmaz risklərdir. İndi risklə üzləşən ölkələrin çoxu həm də o zaman Sovet İttifaqının tərkib hissəsi idi. NATO-nun köhnə sistemi belə konfrontasiya üçün yaradılmayıb».

Analitikin fikrincə, Estoniya-Azərbaycan xətti «ilkin maraq» baxımından suverenliyin Rusiya gücündən qorunmasını ehtiva edir: «Yerdə qalan Avropa təhlükədə deyil və bu ölkələr maliyyə və hərbi səylərini səfərbər edib problemi, onların fikrincə, minimal risklə yoluna qoymağa hazır deyillər. Deməli, Amerikanın istənilən strategiyası NATO-dan yan keçməli və ya ən azından regionun təşkili üçün yeni strukturlar yaratmalıdır».

Fridmana görə, iştirakçı dövlətlərin hər biri unikaldır və ona müvafiq münasibət olmalıdır: «Lakin bu ölkələrin hamısı ümumi təhlükə qarşısındadır və Ukraynadakı hadisələr yayıla və onların daxili sabitliyi də daxil, milli təhlükəsizliyinə birbaşa toxuna bilər. Baltikyanı ölkələr, Moldova və Cənubi Qafqaz bölgəsi rusların öz məğlubiyyətinə görə təzminat almağa çalışacağı əsas bölgələrdir. Bu səbəbdən, həmçinin, həqiqi zərurət səbəbindən Polşa, Rumıniya və Azərbaycan ətrafında yeni alyansın qurulacağı forpost ölkələr olmalıdır...»

Qeyd edək ki, kifayət qədər geniş həcmli təhlili məqalə ilə ətraflı şəkildə nüfuzlu qurumun saytında tanış olmaq olar.

 





31.03.2014    çap et  çap et