Vaxt.Az

«Bu, o demək deyil ki...»


 

Bahar Muradova: «Heç vaxt kiminsə rəyini dəyişməyə yönəlik fəaliyyət göstərmirik»

«Bu, o demək deyil ki...» Rusiyanın Azərbaycana yönəlik təhlükəli planları, bu təhlükələrin qarşısının alınması məsələsi son günlərin ən çox müzakirə olunan mövzusudur. Xüsusilə də BMT Baş Assambleyasında Krımın ilhaqı ilə bağlı səsvermədə Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqenin ardınca Moskvanın Azərbaycanı cəzalandıracağı barədə ehtimallar daha tez-tez səslənir. Mövcud situasiyada rəsmi Bakının mövqeyi, gözlənilən təhlükələr, Azərbaycandakı rusmeylli qüvvələrin fəallaşması, iqtidar-müxalifət münasibətləri və digər mövzularda Milli Məclis sədrinin müavini Bahar Muradova ilə danışdıq. («Yeni Müsavat»)

 

- Bahar xanım, Azərbaycana Rusiya təhlükəsini nə dərəcədə real sayırsınız?

- Bu məsələdə dəqiq, birmənalı fikir söyləmək mümkün deyil, mən heç bunun tərəfdarı da deyiləm. Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünə hörmət edən və bütün problemlərin məhz bu prinsip əsasında həllinə üstünlük verən dövlət olduğunu hamı bilir, o cümlədən Rusiya. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi vaxtda da beynəlxalq hüququn prinsiplərini, xüsusilə ərazi bütövlüyü prinsipini prioritet hesab etdiyini açıq şəkildə bəyan edib. Rusiya da neçə illərdir Minsk Qrupunda vasitəçi kimi iştirak edir və hər dəfə də Azərbaycanın bütün məsələləri ərazi bütövlüyü çərçivəsində həllinə üstünlük verdiyini bilir. Ona görə də bu, Rusiya üçün yenilik deyil. Mən düşünmürəm ki, buna görə Azərbaycanı ciddi cəzalandırmaq fikrinə düşsün. Hər halda zaman proseslərin necə gedəcəyini göstərəcək. 

 

- Amma son günlər cəbhə bölgəsində gərginliyin xeyli artmasını Rusiyanın Azərbaycana mesajı və cavabı kimi dəyərləndirənlər də var. Bu gərginlik hara qədər arta bilər? 

- Elə bir gün olmayıb ki, Ermənistanın özü təmas xəttində atəşkəsi pozmasın. Belə vəziyyətlərdə onlar özləri diqqəti daha çox cəlb etmək və öz tərəflərindən lazım bildikləri müdafiəni forpostu olduqları ölkəyə göstərmək naminə bu kimi hərəkətlər edə bilərlər. Son təxribatlar da bununla bağlıdır. Yüksək səviyyədə görüşlərin keçirildiyi gün, hətta saatlarda, XİN başçılarının görüşləri və ya həmsədrlərin bölgəyə səfərləri zamanı belə, Ermənistan tərəfi hər zaman bu kimi təxribatlara yol verib. 

 

- Rusiyanın Gömrük İttifaqına üzvlüklə bağlı təklifi Azərbaycan üçün nə dərəcədə qəbulolunandır? Artıq Ermənistan öz qərarını verib... 

- Ermənistan özü bilər. Azərbaycan isə bu kimi birliklərə qoşulmağa hər zaman ehtiyatla yanaşır və mövqeyini açıq şəkildə ifadə edir. Ona görə mən düşünmürəm ki, bu məsələdə bizi nəyəsə məcbur etmək mümkün olsun, yaxud alınmayacağı təqdirdə ciddi cəza tədbirlərinə əl atılacağı ehtimalını düzgün saymıram.  

 

- Azərbaycanda Rusiyameylli qüvvələrin mövqeyi nə dərəcədə üstündür? Görünən budur ki, Putinin son davranışları Azərbaycana aid bəzi çevrələri də ürəkləndirib. Azərbaycandakı «beşinci kolon»la bağlı nə deyə bilərsiniz? 

- Siz özünüz də jurnalist olaraq bilirsiniz ki, bu kimi fikirlər neçə illərdir Azərbaycanın gündəmini zəbt edir. İstər seçki ərəfəsi, istər hansısa danışıqlar, yaxud hansısa beynəlxalq miqyaslı qərar qəbulu anlarında bu kimi fikirlər səslənib. Azərbaycanda Rusiyameylli qüvvələrin təşkilatlanması, bu və ya digər addımlar atması, Rusiyanın müəyyən dairələrinin onları hansısa proqram və maliyyə dəstəyi ilə təchiz etməsi ilə bağlı fikirlər hər zaman olub. 

Amma görünən odur ki, bütün bu fikirlərə rəğmən, Azərbaycan öz yolu ilə inkişaf edir və onun daxili ictimai-siyasi sabitliyini pozmağa nə söylədiyiniz qüvvələrin, nə digər istiqamətli dairələrin heç vaxt gücü çatmır. Ona görə ki, Azərbaycan xalqının əksəriyyəti ölkədə yeridilən siyasəti, ölkə prezidentinin mövqeyini dəstəkləyir və Azərbaycanın maraqlarına xidmət edən siyasətin yanında olduğunu bəyan edir. Heç zaman kənardan yönələn səylərə müsbət cavab vermir. 

Bəlkə kimlərsə Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq üçün elə də geniş şəbəkəyə, təşkilati quruluşa, yaxud da digər imkanlara malik olmayan 3-5 adamı böyük şəbəkə kimi təqdim etməklə Azərbaycanda inamsızlıq, nigarançılıq, narahatlıq mühiti yaratmağa çalışanlar ola bilər. Amma hamımız bilirik ki, bu, qətiyyən belə deyil. 

 

- Azərbaycanda müstəqillik əleyhinə çıxışlar edən, Rusiyanın imperialist planlarının təbliğatını aparanların davranışlarını milli təhlükəsizliyimizə, müstəqilliyə təhdid sayırsınızmı və belə davranışların qarşısının qanunla alınması tərəfdarısınızmı?

- O fəaliyyət ki, qanunun müəyyənləşdirdiyi çərçivədən kənara çıxır, ona mütləq qanunun gücü ilə münasibət bildirmək lazımdır. Bu, birmənalıdır. Biz gözləməli deyilik ki, o gəlsin elə bir təhlükəli həddə çatsın ki, yalnız onda münasibət bildirək. Belə hallar varsa, münasibət bildirilməlidir. Azərbaycanın hüquq-mühafizə orqanları, Azərbaycan ictimaiyyəti, mətbuatı bu barədə çox sayıqdır, mən bunu qiymətləndirməliyəm. Xüsusilə də mətbuat belə halları anındaca sezir, qeyd edir, ona ictimai rəyi öyrənir, lazımdırsa, onu qınaq obyektinə çevirir. Bu hallar da hüquq-mühafizə orqanlarının, təhlükəsizlik qurumlarına öz işini belə fəaliyyətə qarşı daha yaxşı aparmaq üçün istifadə imkanları yaradır.

Ona görə də mən mətbuatın, müvafiq qurumların və ictimaiyyətin birgə fəaliyyətini yüksək dəyərləndirirəm. Hətta bunlar elə bil ki, bir-birini koordinasiya edir. Bu, onu göstərir ki, siyasi mövqeyimizdən, hansı partiyaya üzv olmağımızdan, tutduğumuz vəzifədən asılı olmayaraq Azərbaycanın maraqlarını hər şeydən üstün tuturuq. Bir sıra şəxslər uyğun məqam hiss edəndə, Azərbaycandan kilometrlərlə uzaqda yerləşən bir ölkədə qarışıqlıq düşəndə hesab edirlər ki, bu vəziyyəti Azərbaycanda da yaratmaq lazımdır və bundan ilhamlanırlar. Amma bu ruhlanma, ilhamlanma onların xeyrinə işləmir, əksinə, özlərini daha çox ifşa edirlər və cəmiyyətin diqqəti onlara yönəlir. Bu, bir növ profilaktik tədbirlər görməyə də imkan yaradır. 

 

- Son günlər Avropadan Azərbaycana ünvanlı növbəti tənqidlər gəldi. Bu kimi neqativ məzmunlu hesabatları minimuma endirmək üçün hakimiyyət hansısa addımları atmağı planlaşdırırmı? 

- Avropa qurumları öz fəaliyyətində tənqidə daha çox üstünlük verir, bu, birmənalıdır. Özü də təkcə Azərbaycan tənqid olunmur. Mən Avropa qurumlarında Azərbaycanı təmsil edən bir nümayəndə kimi bunu gündəlik fəaliyyətimdə görürəm. Bəzən ayrı-ayrı ölkələrin ünvanına çox ciddi tənqidləri, hətta onlara qarşı qərarları bir tərəfə qoyub Azərbaycan haqqında hiss olunmayacaq fikirləri belə açıq-aşkar qabartmaq meylləri görünür. Əgər biz Avropa qurumlarında təmsil olunuruqsa - qarşımızdakı hədəf demokratik cəmiyyət qurmaqdır və bu mənada böyük uğurlarımız var - əlbəttə ki, iş olan yerdə müəyyən tənqidi fikirlərin söylənməsinə imkan verən məqamlar ola bilər. Ümumilikdə ideal bir cəmiyyət yoxdur ki, onu tənqid etməyə heç nə olunmasın. Elə bu günlərdə ABŞ-da bütün dünyanı şoka salan hadisə baş vermişdi. Daşlıqda yatmış evsiz-eşiksiz bir şəxsi polislər rəhm etmədən gülləboran edib məhv etmişdilər. Bu fakt Avropada, Amerikada olan qurumların tənqidinə layiq deyilmi? Ona görə də hesab edirəm ki, media nümayəndələri bu kimi məsələləri də gündəmə gətirməli, Avropa qurumlarının da diqqətini bu istiqamətə yönəltməyə çalışmalıdır.

Bir ölkədə olanlara zərrəbinlə diqqət yetirmək, digər ölkədə isə çox kobud şəkildə baş verən hadisələrə göz yummaq heç bir obyektivlikdən, qərəzsizlikdən, bitərəf mövqe göstərməkdən xəbər vermir. Çoxsaylı ölkələrin cəmləşdiyi beynəlxalq qurumlar mütləq obyektiv, bitərəf və qərəzsiz olmalıdır. 

Azərbaycana gəldikdə, mən ölkəmizin imicinə ciddi xələl gətirə biləcək nöqsanlarımızın olduğu fikrində deyiləm. Kimlərsə tənqid etmək istəyirsə, edir və bu, onun öz işidir. Amma biz heç zaman kimlərinsə rəyini dəyişməyə yönəlik fəaliyyət göstərmirik. Bizim həm Avropa qurumları, həm ölkə daxilindəki siyasətimizin əsas mənası, məzmunu, hədəfi Azərbaycan insanıdır, Azərbaycanda hər bir vətəndaşın rahat, rifah içərisində, azad şəkildə yaşamasını təmin edən bir cəmiyyət qurmaqdır. Biz quruculuqla məşğuluq və kimlərsə bizim hansısa fəaliyyətimizi bəyənməyə bilər, bu, onun öz işidir. Biz bu tənqidləri diqqətlə dinləyir, öyrənirik, hansılar ki, obyektivdir, onunla bağlı müəyyən addımlar atılır, hansılar ki, qərəzlidir, qarayaxma kampaniyasına xidmət edir, əlbəttə, ona açıq mövqeyimizi ifadə edirik.  

 

- Azərbaycanın xarici təhdidlərlə, şimal təhlükəsi ilə üzbəüz qaldığı indiki situasiyada iqtidar-müxalifət anlaşmasına daha çox ehtiyac duyulur. Hakim düşərgənin üzvü kimi bu yanaşmalara münasibətiniz necədir? 

- İstənilən vəziyyətdə əgər müxalifət, iqtidar, yaxud prosesi kənardan müşahidə edən qüvvələr hesab edirlərsə ki, müəyyən təhlükəli məqamlar var və qüvvələr birləşdirilməlidir, həmin anda bu, niyə də olmasın? Azərbaycanda biz dəfələrlə bunun şahidi olmuşuq. Ciddi məqamlarda, harda ki, vahid mövqe sərgiləmək lazım gəlir, çox şükür ki, biz həmin mövqeni sərgiləyə bilirik. Mən xırda siyasi və qrup maraqlarını nəzərə alaraq başqa mövqe göstərən kiçik qrupu çıxmaq şərtilə bu fikri deyirəm. Bizdə çox təəssüf ki, Azərbaycan dövlətinin maraqlarını bir kənara qoyub öz maraqlarını düşünən adamlar var. Düzdür, onlar azlıq təşkil edir. Amma əsas siyasi dairələrdə cəmləşən qüvvələr həmişə bu maraqlara uyğun mövqe ortaya qoya bilir. Ən az açıqlamalar olur ki, birləşmək, vahid mövqelər tələb olunarsa, o halda ümummilli mövqedən çıxış etməyə hazırıq, bax, bu açıqlamaların özünü mən çox yüksək dəyərləndirirəm. Hətta çox ciddi bir təhlükə olmasa belə, onlar şəxsi maraqlarını kənara qoyub dövlətin maraqları uğrunda birləşə biləcəklərini bəyan edirlərsə, bu, özü çox şeydən xəbər verir və əlbəttə ki, mən bunu alqışlayıram. 

Bütün təhlükələri bir kənara atıb demək ki, yox, bizim ətrafımızda obyektiv, ya subyektiv, təbii və ya süni səbəblərdən aləm bir-birinə qarışsa da, bunun Azərbaycana təsiri olmayacaq, biz bu fikri söyləməkdən tamamilə uzağıq. İstər iqtisadi, istər siyasi böhranlar, bu və ya digər qarşıdurmalar mütləq bütün ölkələrə az və ya çox dərəcədə təsirini göstərir. Ən azı cəmiyyət içərisində belə bir narahatlıq varsa və bu, müzakirə edilirsə, deməli, təsir var və ilk növbədə təsir ondan ibarətdir ki, cəmiyyətin fikrini məşğul edir və insanlar ciddi təhlükə olacağı təqdirdə nə edəcəklərini düşünürlər. Bu, cəmiyyətin ayıq-sayıq və bütün kritik məqamlara hazırlığının göstəricisidir. Biz çox zaman Azərbaycan cəmiyyətindən narazılığımızı ifadə etməklə fikrimizi bölüşürük. Əgər Azərbaycan insanı və ya siyasiləri  başqa ölkədə baş verənlərdən narahat olub öz ölkəmizin də belə bir təzyiqlərə məruz qala biləcəyini düşünürsə, yollar arayırsa, bu, çox gözəldir. Bunun özü təhlükəli hal olacağı təqdirdə bizim doğrudan da vahid mövqe ortaya qoyacağımızın görüntüsüdür.

 

- Bir müddət öncə parlamentdəki nurçu deputatların olması ilə bağlı iddialar səslənirdi. Müxtəlif cərəyanların üzvü olanların cəzalandırılması ilə bağlı tədbirlər parlamenti də əhatə edə bilərmi?

- Parlamentdə ən müxtəlif məsələlər haqqında fikirlər səslənə, yaxud parlament üzvləri haqqında fikirlər ortada ola bilər. Amma bu, o demək deyil ki, deyilənlərin hamısı həqiqətdir. Lakin bu fikirlər əlbəttə ki, təhlillər üçün, müəyyən nəticələr çıxartmaq üçün qida verir. Müvafiq dairələr də öz işini bilir. Mən bu məsələ ilə bağlı hansısa ciddi açıqlama verə bilmərəm, çünki elə bir informasiyam yoxdur. Mənim tək arxayınçılığım ondandır ki, bizim hüquq mühafizə orqanları istənilən məsələni nəzarətdə saxlayır və təhlükə ola biləcək anında lazımi addımların atılması üçün öz fəaliyyətlərini qururlar. Ona görə mən bundan artıq fikir söyləmək istəməzdim. Hər halda bu, müvafiq qurumların və ali dövlət rəhbərliyinin səlahiyyətidir. 

 

- Bu günlərdə məlumat yayıldı ki, parlamentin 2015-c ildəki tərkibi ilə bağlı Prezident Administrasiyasında ciddi müzakirələr aparılıb və çıxdaş ediləcək adlar müəyyənləşdirilib...

- Bütün seçkilər ərəfəsində belə məlumatlar, müxtəlif siyahılar mətbuat səhifələrində özünə yer tapır. Bu bir həqiqətdir ki, hər seçki prosesində kimlərsə bu və ya digər səbəbdən yenidən parlament üzvü seçilə bilmir, parlamentə yeni şəxslər gəlir. Kimlərsə bunu götürüb özü üçün siyahı halına sala, cəmiyyətə təqdim edə, yaxud özünü çox ciddi öncəgörən kimi təqdim edə bilər. Ona görə mən belə əsassız, arqumentə söykənməyən fikirləri şərh etmək istəməzdim. Azərbaycanda seçkilər seçki qanunvericiliyinə uyğun həyata keçirilir.

 





31.03.2014    çap et  çap et