Ancaq ən çox diqqətçəkən odur ki, Ərdoğan təşəkkür çıxışında Avropadan Misirə qədər bir çox xalqların, bölgələrin adını çəksə də Qafqaz və Orta Asiya müsəlman-türk respublikalarını «unutdu»: «Fələstində gözlərini seçkinin nəticələrinə dikərək Türkiyənin qələbəsini öz qələbəsi kimi görənlərə təşəkkür edirəm. Misirdə demokratiya mübarizəsi aparan bizim mübarizəmizi çox yaxşı anlayanlara təşəkkür edirəm. Balkanlarda, Kosovada, Avropada bu an zəfəri bayram edən qardaşlarıma təşəkkür edirəm».
Qeyd edək ki, Türkiyə baş naziri bir qayda olaraq çıxışlarında nədənsə Avropa, Asiya, Afrikanı yaddan çıxarmasa da, post-sovet məkanındakı türk-müsəlman xalqlarını, respublikalarını «unudur». Əlbəttə, Ərdoğan kimi təcrübəli siyasətçi özünün çıxışında Yaxın Şərqi, Afrikanı, Avropanı xüsusi intonasiya ilə qeyd edib, qardaş ölkə dediyi Azərbaycanı unutmasını yaddaş problemi ilə əlaqələndirmək həddən artıq sadəlövhlük olardı. Deməli, baş nazirin bu seçiminin hansısa səbəbləri var. Türkiyənin baş nazirinin bu seçiminin səbəbləri ilə bağlı zaman-zaman müxtəlif versiyalar ortaya atılıb. Onların bir neçəsini qeyd edək.
Daha əvvəl hesab olunurdu ki, AKP hökumətinin Yaxın Şərq və Şimali Afrikanın xalqlarını qeyd etməsi AKP-nın ərəb-müsəlman dünyasına yönəlmiş «açılım» siyasəti ilə əlaqədardır. Ümumiyyətlə, AKP hökuməti üçün ərəb dünyasına yönəlik güclü bir xarici siyasət kursu mövcud olub. Xüsusən də Əhməd Davudoğlu xarici işlər naziri təyin olunduqdan sonra AKP hökuməti planlı şəkildə ərəb dünyası ilə yaxınlaşma siyasəti aparıb. Bir müddət, xüsusən də «ərəb baharı» prosesi başlayana qədər Türkiyə hökuməti ərəb dünyasında güclü əlaqələr qura bildi və münasibətlər yüksək səviyyədə inkişaf etdi. Bu mənada bir çoxlarına görə, Ərdoğan üçün ərəb dünyası xarici siyasətin prioritet istiqamətləri idi. Bu səbəbdən də vurğu daha çox bu coğrafiyaya vurulurdu.
Ancaq hətta belə olsa da Türkiyə hökumətinin qanı bir, canı bir, dini bir xalqları bir qayda olaraq xatırlamaması bu bölgələrdə, xüsusən də Azərbaycanda narazılıqla qarşılanıb. Türkiyənin özündə də bir çoxları baş nazirin bu addımını tənqid ediblər. Lakin bütün bunlara baxmayaraq Ərdoğan yenə də üzünü şərqə doğru çevirmir. Türkiyə siyasət bilicilərinin fikrincə, Ərdoğanın post-sovet türk-müsəlman insanlarına soyuq münasibətinin özəl səbəbləri var. Bunlardan birincisi Rusiya amilidir. AKP hökuməti ilk günlərdən Rusiya ilə normal münasibətlər qurmaq siyasi kursunu götürüb. Bu mənada Ərdoğan və hökuməti bir qayda olaraq keçmiş sovet respublikalarına Rusiya təsir dairəsi kimi yanaşaraq bu bölgələrdə fəal siyasət aparmaq kursundan imtina edib. Bunun əyani nümunəsi əvvəlki hökumətlərin dövründə aparılan fəal siyasətin zəiflədilməsidir. Hazırda Türkiyənin post-sovet türk respublikalarına təsiri əhəmiyyətli şəkildə azalıb.
Ərdoğanın türk-müsəlman cümhuriyyətlərinə münasibətinin daha bir özəl səbəbi AKP hökumətinin türkdilli respublikalarla bağlı mövqeyidir. AKP ideoloqlarına görə, Türkiyənin üzünü indiki şəraitdə post-sovet türk-müsəlman respublikalarına çevirməsi faydasızdır. Əksinə, bu, Rusiyanın təpkisini çəkə bilər və ən mühümü müsəlman cəmiyyətləri hələlik bu vəziyyətə hazır deyil. Yəni hesab olunur ki, hazırda «rus dilində danışan» türk respublikaları liderlərinin Türkiyə ilə hansısa yaxın əməkdaşlığa daxil olması mümkün deyil. Bu mənada AKP-nin xarici siyasətində post-sovet məkanına yönəlik taktika ehtiyatlı və yeni nəslin formalaşmasına hazırlıqla yekunlaşır. Hesab olunur ki, daha böyük yaxınlaşma üçün müəyyən zaman keçməlidir.
Əlbəttə, bu, yanlış siyasət hesab olunur, buna görə Ərdoğana qınaqlar da var. Amma burda reallıq elementləri də yox deyil. Ərdoğanın Yaxın Şərqə istiqamətlənmiş «açılım siyasəti»nin nəticələri də ortadadır. Bu mənada Türkiyə hökumətinin post-sovet respublikaları ilə bağlı çəkingən mövqeyinə yenidən baxmasında fayda var.