Vaxt.Az

Xerson tikişi tutmadı


 

Rusiya 40 gün əvvəl özünə qatdığı şəhərdən çıxır

Xerson tikişi tutmadı Rusiya komandanlığının Dneprin sağ sahilindən çəkilmək əmri hərbi-taktiki baxımdan doğru qərardır.

Əgər oradakı qüvvələrini və hərbi texnikanı sağ-salamat, mütəşəkkil qaydada sol sahilə keçirə bilsələr (əslində proses Surovikinin “çətin qərarlar verə bilərik” açıqlamasından sonra başlamışdı), bu əməliyyatı həqiqətən uğurlu taktiki geriçəkilmə kimi qiymətləndirmək olar. (Logistika pozulduqdan sonra sağ sahildə indiyədək ağır itkilərə məruz qaldıqlarını da söyləmək lazımdır.)  

Lakin vəziyyətin absurdluğu bundan ibarətdir ki, cəmi 1 ay 10 gün əvvəl təntənəli şəkildə, rəsmən Rusiya Federasiyası torpağı elan etdikləri ərazilərdən, o cümlədən Xerson kimi böyük şəhərdən geri çəkilmək zorunda qalırlar. İlhaq qərarının məhz bu baxımdan tamamilə irrasional, gərəksiz, məntiqsiz olduğunu, Rusiya üçün çox ciddi reputasiya riskləri yaradacağını həmin qərar elan olunarkən yazmışdıq. 

İndi bütün dünya görür ki, Rusiya kimi nəhəng dövlət, hərbi derjava və nüvə gücü öz ərazisi elan etdiyi torpaqları və böyük şəhəri qoruya bilmir. Nüvə silahına əl atmağa da cəsarət etmir. Bu durumun Rusiyanın beynəlxalq nüfuzuna vuracağı zərbələri yaxın və orta vədədə bərpa etmək mümkün olmayacaq. 

Rusiya artıq bu müharibədə məğlub olub. Yeganə açıq qalan sual (mənim üçün) müharibənin nə zaman başa çatacağı və Ukraynanın qələbəsinin necə, hansı şərtlər çərçivəsində rəsmiləşəcəyidir.

 





09.11.2022    çap et  çap et