1920-ci ilin 28 aprelində Rusiyanın ölkəmizi işğalından sonra Cümhuriyyətin bayrağı bir də Vətən səmasında dalğalanmaq üçün 70 il gözləməli oldu.
1988-ci ildə başlanan xalq hərəkatında üçrəngli bayraq Azadlıq meydanda dalğalanıb. 1990-cı noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən tarixi iclasında muxtar respublikanın bayrağı kimi qəbul edilib. Ali Məclis Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb.
1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikamızın dövlət bayrağı elan olundu.
Prezident İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli sərəncamı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Həmçinin Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu əlamətdar gün ölkəmizdə qeyri-iş günüdür.
Otuz ilə yaxın idi ki, hər bir soydaşımız üçrəngli bayrağımızın işğal altındakı əzəli torpaqlarımızda, Şuşada dalğalanmasını arzulayır, bunun nisgilini ilə yaşayırdı. Artıq iki ildir bu arzumuz gerçəkləşib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu düşmənin ayağını yurdumuzdan kəsərək əsir torpaqları azadlığına qovuşdurdu. Bununla da ulularımızın müqəddəs əmanəti olan şanlı bayrağımız Qarabağ və Şərqi Zəngəzurda dalğalanmağa başladı. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bayrağı bu ərazilərdə, ata-baba yurdlarımızda əbədi dalğalanacaq.