Vaxt.Az

“Tarix təkrarlanır?”


 

Ərdoğan: “Əgər dərs alınsaydı, təkrarlanmazdı”

“Tarix təkrarlanır?” Dünən NATO-nun genişlənməsinə həsr edilmiş toplantıda iştirak edən Türkiyə prezidenti və İsveç baş nazirinin maraqlı görüşü oldu.

Görüşdə tərəflər ikitərəfli  münasibətlərin əsrlərlə dayanan tarixinin olmasına dəlalət edən hədiyyələrin  mübadiləsi apardılar.

İsveç baş nazir Kristerssonun İsveç və Osmanlı İmperiyası arasında 1739 -cu ildə imzalanmış müttəfiqlik müqaviləsinin surətini Türkiyə prezidenti Ərdoğana verərək, öz xalqının NATO-da yer almağa layiq olan güvənli müttəfiq olmasını nümayiş etdirməyə çalışdı.

Kristersson Türkiyə prezidentinə bildirdi ki, müasir Türkiyə Respublikasının sələfi ilə bağlanmış bu müqavilə , iki ölkənin bir-birinin təhlükəsizliyinə sadiqliyinin simvoludur. 

Müttəfiqlik müqaviləsi İsveç kralı XII Çarlzın ruslara qarşı Poltava döyüşündə biabırçı məğlubiyyətdən sonra Osmanlıya məxsus qalaya sığınmasından sonra imzalanıb.

Ömrünün sonuna kimi XII Çarlzın bütün xərcləri türklər tərəfindən qarşılanıb və buna görə də türkcə ona  “Dəmirbaş” deyirdilər.

Türkiyə prezidenti İsveç baş nazirinə hədiyyəsi isə İstanbuldakı İsveç səfirinin  minnətdarlıq məktubu oldu. 

Məktubda səfir İsveç kralı adından  Osmanlı dövlətinə onlara maliyyə yardımı göstərdiyi  üçün təşəkkür edir, Türkiyənin İsveçlə Rusiya arasında vasitəçiliyinə görə padşaha minnətdarlığını ifadə edir.

Türkiyə prezidenti Ərdoğan Kristerssona Türkiyənin İsveçə yardım kimi buğda göndərilməsini sənədləşdirən fərman da hədiyyə edərək, bunu Türkiyənin vasitəçilik rolunun tarixi nümunəsi kimi göstərdi. 

İsveç baş naziri Kristersson “tarix təkrarlanır” deyərək Rusiyanın Ukraynada başladığı müharibədə Türkiyənin arbitr rolu və buğda sazişinin  imzalanmasında nüfuzuna eyham vurdu.

Türkiyə prezidenti isə “əgər dərs alınsaydı, təkrarlanmazdı” deyə cavab verdi.

Kristersson da “mən tamamilə razıyam” dedi. 

 





10.11.2022    çap et  çap et