KTMT-nin oyuncaq, mənasız qurum olduğu, de-facto işlək institut olmadığı ilk Ermənistanın həyasızlığından sonra üzə çıxdı, indi isə Rusiyanın özü tərəfindən bilmədən də olsa “qətl” edilir – KTMT-nin nizamnaməsinə görə təşkilata üzv dövlətlərin ərazi bütövlüyünə təhdid yaranarsa, ərazi bütövlüyü pozularsa, ərazisinə hücum olarsa bütün ölkələr təcavüzə uğrayan ölkəyə yardım etməli, həmin üzv ölkə tərəfindən savaşa daxil olmalıdırlar. 40 gün öncə Rusiya müstəsna həyasızlıqla Xerson, Zaparojye, Donbas bölgəsini öz ərazisi elan etdi, Rusiyanın indiki Konstitusiyasına görə həmin bölgələr Rusiya Federasiyası ərazisidir. Öz qanunlarına və KTMT-nin qaydalarına görə indi Rusiya “təcavüzə” uğrayıb, “işğala” məruz qalır, “əraziləri” atəşə tutulur, torpaq itkisi ilə üzləşir – amma görünən odur ki, Rusiya öz müttəfiqləri olan KTMT bir qırağa, heç öz əhalisinə belə, məsələn, Xersonun Rusiya torpağı olduğuna inandıra bilməyib, Kremlin əsl məğlubiyyəti məhz budur.
Moskvanın Ukraynanı işğal etməklə “SSRİ-2” yaratmaq xəyalı MDB-nin də dağılması ilə yekunlaşacaq, MDB-nin dağılması ilə post-sovet məkanında yeni ittifaqlar qurulacaq, bu coğrafiyada ən işlək və dayanıqlı ittifaq modellərindən biri məhz Türk Dövlətləri Təşkilatı ola bilər – sabah Səmərqənddə TDT rəhbərlərinin toplantısı bu yolda atılacaq növbəti addım kimi dəyərləndirilməlidir...