Vaxt.Az

Qısa filmlər festivalı başlayır


 

905 filmdən 72-si müsabiqədə iştirak hüququ qazanıb

Qısa filmlər festivalı başlayır Noyabrın 11-də saat 19:00-da Nizami Kino Mərkəzində 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Mərasimdə nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, filmləri müsabiqədə yarışan beynəlxalq və yerli müəlliflər, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Bu il festivala 79 ölkədən 814 film qatılıb. Bunlardan 91 film Yerli müsabiqəyə təqdim edilib.

Seçim Komissiyasının qərarına əsasən 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

Beynəlxalq müsabiqədə yarışan filmləri “Qarğıdalı adası” filmi ilə Karlovı Varı, “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan, eyni filmlə “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasının qısa siyahısına düşən, tanınmış gürcü rejissoru və prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri, fərqli mövzularda kino mühazirələri ilə tanınan, müxtəlif illərdə Beynəlxalq Gənclər Kinofestivalının proqram direktoru, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, “Rabarba” aylıq kino jurnalının təsisçisi, uzun illər Boğaziçi Film Festivalının bədii rəhbəri olmuş tanınmış türkiyəli prodüser Əmrah Kılıç qiymətləndirəcək.

Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından biri olan “FOCAL” fondunun “AVANTİ” proqramının qalibi, müasir kinomuzun ən məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, ölkənin mədəni, ictimai həyatında yaxından iştirak edən yazıçı-publisist, türkoloq, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan sənədli kinosunda maraqlı tərzi və yanaşması ilə seçilən, “Didor”, “Kiş” və s. festivalların mükafatçısı, “Fokus” kino jurnalının layihə rəhbərlərindən biri Əli İsa Cabbarov, son illər Azərbaycan ədəbi mühitində özünəxas məqalələrlə adını gündəmdə saxlayan, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alır.

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, Dövlət Film Fondu, ÖZ FİLM şirkəti, “British Council”, Azərbaycan Prodüserlər Gildiyası, Bakı Kitab Mərkəzi, “Metafliks” platforması yer alır.

Festivalın açılış mərasimi-  11 noyabr /saat 19:00 / Nizami Kino Mərkəzi

Filmlərin nümayişi- 11-15 noyabr / saat 11:00-dan – 18: 00-a qədər / Nizami Kino Mərkəzi

Türkiyəli prodüser Əmrah Kılıçın ustad dərsi – 13 noyabr / saat 17:00 / Nizami Kino Mərkəzi

Festivalın bağlanış-mükafatlandırma mərasimi  -15 noyabr / saat 19:00 / Nizami Kino Mərkəzi

 





10.11.2022    çap et  çap et