İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz tvitində Almaniya xarici işlər nazirinin İslam Respublikasının repressiv hakimiyyətinə qarşı yeni sanksiyaların təsdiqlənməsi ilə bağlı sözlərini “təxribatçı” və “müdaxiləçi” adlandırıb.
“Cavabımız mütənasib və qətiyyətli olacaq”, – deyə xarici işlər naziri özünün sosial media hesabında yazıb.
Almaniyanın xarici işlər naziri Annalena Berbak müxalifət partiyalarının nümayəndələrinin sözlərinə cavab olaraq, İslam Respublikasına təzyiq göstərmək üçün digər Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirəcəyini açıqlayıb.
“Biz İran etirazlarının yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı növbəti sanksiyalar paketi üzərində işləyirik və gələn həftə təsdiqlənəcək. Nə qədər lazımdırsa, iranlı qadın və kişilərin yanında olacağıq və öldürülən uşaqların səsini dünyaya çatdıracağıq”, – deyə xarici işlər naziri vəd verib.