Von der Leyen noyabrın 10-da bildirib ki, Moldova yanvarın 1-dən başlayaraq bu qış qaza olan ehtiyaclarını ödəmək üçün Avropa İttifaqından 100 milyon avro qrant və eyni məbləğdə kreditlər almalıdır.
Moldovanın qərbyönlü Prezidenti Maya Sandu ilə birgə keçirilən mətbuat konfransında Von der Leyen deyib ki, əlavə 50 milyon avro ölkənin ən həssas vətəndaşlarına yardım üçün ayrılacaq.
“Avropanın Moldova Respublikası ilə həmrəyliyi sarsılmazdır. Sizi əmin edirik ki, bu böhrandan çıxmaq üçün sizə yardımda əlimizdən gələni edəcəyik”, – deyə Von der Leyen bildirib.
27 üzvlü blokun icra başçısı bildirib ki, bu ayın sonunda Parisdə Moldovaya enerji resurslarının alınmasına yardım etmək üçün donorların toplantısı keçiriləcək.
Rusiyanın qonşu Ukraynaya əsassız hücumu fonunda Moldova yüz minlərlə qaçqını qəbul edib.
Von der Leyen deyib ki, moldovalılar Ukraynaya necə yardım edirsə, Avropa İttifaqı də Moldovaya elə yatdım edəcək.
“Moldova bizim Avropa ailəmizin bir hissəsidir və zaman çətinləşəndə ailə bir yerdə olmalıdır”, – Von der Leyen deyib.