Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “BBC News Azərbaycanca”ya müsahibəsində deyib.
“Mədəniyyət Nazirliyi deyir ki, filmlər üçün pulumuz yoxdur. İmkanlı adamlar da deyir ki, mən pullarımı toya müğənni çağırmağa xərcləyirəm, kino üçün pulum yoxdur. Bir dəfə də məni müdafiə edin. Cəfər Cabbarlı ilə bağlı filmi çəkməyə mənim imkanım yoxdur”, – Xalq yazıçısı bildirib.
AYB sədri müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsindən də danışıb: “Uzun illər bu yara varsa, bu yara bir günə sağalmayacaq. Hələ bir nəsil dövr edəcək. Başımıza gətirilən müsibətlərindən də üzərindən keçə bilmərik. Mənim “Şəhərin qış gecələri” pyesimdə erməni obrazı var. Bu erməni obrazı yanvar gecəsi gəlib azərbaycanlı ailəsinə sığınır. Azərbaycanlılar onu nəvəsi ilə birgə qoruyurlar. Nəvəsinə də Moskvaya getməyə kömək edirlər. Lakin nəvəsi gedib Moskvada çıxış edir ki, azərbaycanlı bizi qırırdılar. Həmin erməninin isə vicdanı dözmür, özünü eyvandan atıb öldürür. Bu, olan hadisədir. Yəni, belə erməni də var. Erməniləri “genosid” ideyası ilə elə zəhərləyiblər ki... Mən demirəm ki, “yaxşı erməni” obrazını yaratmaq lazımdır. Mən deyirəm ki, obyektiv obraz yaratmaq lazımdır, ermənini də ancaq qara rənglə göstərmək lazım deyil. Ermənilərin 90 faizi zəhərlənibsə, 10 faizi zəhərlənməyib”.
Jurnalistin yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanını nümunə çəkməsinə isə Xalq yazıçısı belə reaksiya verib: “Sən Allah, Əkrəmdən danışmayaq. Biri var erməninin yaxşı obrazını yaratmaq, biri də var, öz xalqını biabır etmək. Ermənilər bizə qat-qat zülm veriblər”.