O bildirib ki, Paşinyan son çıxışlarını Putinin təzyiqi altında edir: “Rusiya sülhməramlılarının belə tezlikdə Qarabağdan çıxmasını istəmir. Dövlət başçımız Soçidən çox narazı qayıtdı. Daha sonra Şuşada “Sülhməramlılar müvəqqətidir, getmək vaxtları var, vaxtları gələndə gedəcəklər”, onu deməyə əsas verir ki, Azərbaycana sülhməramlıların vaxtının uzadılması təklif olunub və Azərbaycan bunu qəbul etməyib.
Rusiya tərəfi də bunu vaxtaşırı uzatmağa çalışır. Gah bunu ermənilərin istəyi ilə əsaslandırır, gah da təhlükəsizliklə. Ən son Soçi görüşündən qabaq Xankəndidəki çoxminlik mitinq də məhz buna hesablanmışdı. İstədilər açıq şəkildə göstərsinlər ki, Azərbaycan ərazisindəki ermənilər (Qarabağ erməniləri) Rusiyanın bölgədə qalmasını istəyir. Onlar Rusiyadan təhlükəsizlik təminatını istəyirdilər.
İlham Əliyevin də Şuşadakı çıxışı ona cavab idi ki, biz sülhməramlıların 5 ildən artıq orada qalmasına imkan yaratmayacağıq. Eyni şəkildə Nikol Paşinyanın Soçi görüşündən öncəki çıxışı da, - “Ermənistan Qarabağda Rusiyanın daha 10 il, 20 il qalmasına etiraz etmir”, – eyni məqsədə xidmət edir. Demək ki, Vladimir Putin Paşinyana belə bir təklif, təzyiq edib ki, Paşinyan buna razı olduğunu bildirib.
Aydın məsələdir ki, sülhməramlıların Qarabağda daha uzun müddətə qalması Azərbaycan üçün qəbuledilməzdir. Bizim üçün sülhməramlıların getmə müddəti var və həmin müddətə kontingent Qarabağda müvəqqəti nəzarət zonalarındakı qanunsuz erməni silahlılarını tərksilah etməlidirlər. Həmin müddət ərzində Zəngəzurdan Naxçıvana gedən dəhlizin açılması məsələsi həll olunmalıdır. Və bu müddətin sonunda Azərbaycanın təhlükəsizlik qüvvələri (Azərbaycan Ordusu, Azərbaycan polisi) artıq Qarabağda təhlükəsizliyi təmin etməlidirlər. Necə ki, Azərbaycan bütün ərazisində bütün etniklərə qarşı eyni münasibəti bəsləyir.
Bu, bizim birmənalı mövqeyimizdir və biz heç bir halda Qarabağın “Rusiyalaşmasına”, Rusiyanın orada özü üçün Dnestryanı kimi və yaxud yeni bir Cənubi Osetiya yaratmasına icazə verməyəcəyik”. (Milli.az)