Eramızdan əvvəl bu coğrafiyada ciddi siyasi-ideoloji qüvvə kimi proseslərdə iştirak edən Midiya dönəminin Qamları da, orta əsrlərdə türk fütüvvət fəlsəfəsinin yaradıcıları və türk dövlətçiliyində dərin dövlət anlayışını gətirmiş Əxilər də, XX əsrin əvvəllərində müasir türk milli dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən “Türkləşmək, müasirləşmək, islamlaşmaq” düsturunun ideoloqları da məhz bu torpaqlardan – Azərbaycandan çıxdılar.
Bu torpaqların adsız qəhrəmanları xeyirlə şərin mübarizəsində bir millət olaraq bizim üçün biçilmiş haqq missiyasında hər zaman ilahi həqiqətlərin və əmanətlərin qoruyucuları oldular. Bəlkə bu səbəbdəndir ki, tariximiz saysız savaşlardan ibarətdir: həm aşkar, həm gizli...
Təsəvvür edin ki, orta əsrlərdə türk imperiyalarının idarəetməsində, eləcə də ideoloji tutumunda müstəsna rol oynamış Türk Fütüvvət təşkilatı – Əxilik təşkilatının qurucusu Əxi Evrən – Şeyx Nəsrəddin Mahmud Xoyi və ardıclıları məhz Azərbaycandan idilər.
Türk dünyasının ruhu Azərbaycandır! Bu gün İlahinin işığından nur almış bu ruhi məkanın yaralarının sağaldığı zamandır!
Bu gün ilahi-kəlimətullahdan feyz alaraq dünyanın dörd bir yanında İLAHİ HİKMƏTİ TÜRK ƏDALƏTİ ilə yayan bir ulusun bütünləşmə sınağıdır!
Bu torpaqlar hər zaman haqq davasında işıq saçan mərkəz, haqq sirlərinin əmanətçisi oldu.
Və heç bir zaman minillərin tarixindən sərpilərək gələn qan yaddaşını itirmədi.
Müqavimət göstərdi, şəhid verdi, amma əsla və əsla diz çökmədi!