Bu cazibənin içərisinə təbii ki, narahat notlar da daxil olub, ona görə də perspektivdə çaşqınlıqları aradan qaldırmaq üçün nəhəng güclər TDT-ni öz tərəfinə doğru səsləyir.
TDT-dəki ideyaların təşəbbüskarları Türkiyə və Azərbaycandır və iki dövlətin birgə səylərilə təşkilat özünü rebrendinq edərək regional təhlükəsizlik üzərində daha böyük təsir imkanları qazanır.
Hərbi-siyasi ölçüsü, dünyanın hərb nisbətindəki mövqeyi, yüksək aktorluq qabiliyyəti səbəbilə təşkilatdakı ən güclü oyunçu Türkiyədir.
Türkiyə başı üzərindəki artan təzyiqləri neytrallaşdırmaqdan ötrü TDT amilindən yararlanır, ona görə də Şimali Kipr Türk Cümhuriyyətinin TDT-də müşahidəçi qismində üzvlüyünü reallaşdırdı.
Böyük panoramada Türkiyənin məqsədi Mərkəzi Asiyadakı dayaqlarını bərkitmək və Əfqanıstan üzərindən oynanıla biləcək oyunlarda özünə mövqe seçməkdir. Ankaranın TDT ilə bağlı vizyonunun ölçüsünü belə qiymətləndirmək olar.
TDT-nin Səmərqənddə keçirilən Zirvə Görüşü, qlobal tamaşada rolların dəyişməsi fonunda təhlükəli tendensiyalara qarşı birlik modelini inkişaf etdirməyin yollarını axtarmaq ideyalarını təşviq edir.
Prezident İlham Əliyevin sammitdəki çıxışı, türk dünyasının sıx birləşməsinə Azərbaycanın töhfələr verdiyini deməsi Bakının TDT-dəki ideallarının ümumiləşmiş təcəssümü kimi şərh edilə bilər.
TDT beynəlxalq nizam çalxalandıqca qütbləşən sistemin uclarında dayanan tərəflərlə tərəfdaşlıq meyllərini irəliyə aparır – həm Çin, həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqı ilə.
TDT-nin əməkdaşlıq formatı hücum deyil, müdafiə olunmaq qabiliyyətinin nümayişidir və zəruri müdafiə mexanizmlərindən biri də türk dünyasını eyni ideya ətrafında birləşdirməkdir.
İlham Əliyev buna görə də, TDT sammitində vacib bir formulu qeyd etdi. O dedi ki, kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb.
Bu ifadə əsasən iki istiqamətə yönəlib:
Birincisi, Çindir, bu ölkədə uyğurların hüquqlarının pozulması Türkiyəni və Azərbaycanı narahat edir, Əliyev isə çalışır ki, digər üzv ölkələr də eyni çağırışa qoşulsunlar. Lakin Çin mühüm iqtisadi partnyordur və hazırda regiondakı “pullu layihələrin” altından Pekinin başı görünür.
Bu mənada nə Türkiyə, nə də Azərbaycan Çinlə gərginliyə getmək niyyətindədir, hərçənd ki, uyğur amilinə görə Pekinə qarşı səsləri də ucaldacaqlar.
İkincisi isə İrandır, regional qaynama tendensiyasının vüsət aldığı zamanda Azərbaycan və Türkiyəni İrandakı türklərin taleyi düşündürür.
Molla rejiminə nəhəng obyektivlərdən dikilən baxışlar olduğundan Bakı ilə Ankara Cənubdakı soydaşlarımıza və regional təhlükəsizliyə təhdid yarada biləcək hərəkətlərin önünə keçmək vərdişlərini bəyan edir.
Geosiyasi şərait Böyük Britaniyaya TDT ilə gizli müttəfiqlik əlaqələri qurmaq fürsətləri tanıyır, hərçənd ki, TDT qismindəki nəhəng iqtisadi resurslar Çin üçün də maraqlı gəlir. Çinlə münasibətlərdə balanslaşdırıcı missiyanı Qazaxıstan həyata keçirəcək.
Böyük Britaniya İranla əlaqədar strateji meqalayihələrin həmmüəllifidir, ona görə də London TDT daxilindəki artan anti-İran əhval-ruhiyyəsinin dəstəkçisinə çevrilə bilər.
TDT uğrunda ən böyük çəkişmə Çin ilə Böyük Britaniya arasında gedir.
Çünki London da, Pekin də Asiya qitəsində artan ambisiyalarını və qlobal tədarük marşrutlarındakı şaxələndirilmələri öz inhisarına almaq istəyir, bura Rusiya, ABŞ və Avropa İttifaqının da hərisliklərini əlavə etsək rəqabət meydanının necə canlandığını təsəvvürümüzə gətirə bilərik.
TDT indi böyük gücləri tarazlaşdırmaq üçün çoxvektorlu xarici siyasətini vahid konsepsiya halında birləşdirməlidir.
Aqşin KƏRİMOV