Vaxt.Az

Tehranın təşkil etdiyi terror aktları


 

İranı terrorist dövlət kimi təqdim edən beynəlxalq sənədlər

Tehranın təşkil etdiyi terror aktları 1984-cü ildən başlayaraq İran İslam Respublikasının adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilib. Bu gün də eyni imiclə tanınır. ABŞ Dövlət Departamenti tərəfindən 2019-ci ildə tərtib edilən “Terrorla bağlı Ölkələr Hesabatı”nda (Country Reports on Terrorism) bütöv bir fəsil İrana həsr edilib.

Dövlət Departamentinin hesabatı uzun müddətli tədqiqatların nəticəsi olaraq ortaya çıxıb. İranın dövlət strukturlarının qanlı terror aktlarında iştirakını faktlarla sübuta yetirib.

 

İranın təşkil etdiyi sensassiyalı terror aktları

 

1980-ci ildə Livanda 14 nəfər amerikalı daxil olmaqla, çoxsaylı Qərb mütəxəssisləri oğurlanıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar İrana bağlı “Hizbullah” qruplaşması (“Allahın partiyası”- Livanın şiə kökənli siyasi partiyası) tərəfindən girov götürülüblər. Girovlar 1980-ci illərin ortalarında “İran-Kontra mövzusu” üzrə aparılan məxfi danışıqlarda İranın mövqeyini gücləndirmək üçün vasitə kimi istifadə ediliblər.

18 aprel 1983-cü ildə ABŞ-ın Beyrutdakı səfirliyinə kamikadze hücumu təşkil edilib. Yük maşınından istifadə etməklə törədilən partlayışlar nəticəsində 17 nəfər amerikalı daxil olmaqla, 63 nəfərin həyatına son qoyulub. Bundan 6 ay sonra - 1983-cü ilin oktyabrında Beyrutun hava limanında törədilmiş partlayış nəticəsində Livanda sülhməramlı qüvvələr kimi yerləşdirilmiş, müxtəlif millətlərə məxsus 241 nəfər dəniz piyadası öldürülüb.

1984-cü ildə ABŞ-ın Livandakı səfirliyinin binasında kamikadze partladılıb. Nəticədə 2-si amerikalı olmaqla 23 nəfər həlak olub. 1984-cü ildə isə Beyrut Amerika Universitetinin prezidenti Malkolm Kerri terror aktı ilə öldürülüb.

1984-cü ilin mart ayında “Hizbullah” Beyrutda Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Uilyam Baklini oğurlayıb. Bir ildən çox müddətdə işgəncə verdikdən sonra, 1985-ci ildə onu qətlə yetirib.

1988-ci ilin fevralında Birləşmiş Millətlər Təşkilatının Livanda atəşkəsə nəzarət missiyasında xidmət edən dəniz zabiti polkovnik Uilyam Hiqqinsi oğurlanıb və 1989-cu ildə öldürüb.

Bu faktlardan belə nəticə çıxmasın ki, İranın terror aktları əsasən Yaxın Şərq regionunu əhatə edib və regiona gəlmiş ABŞ təmsilçilərinə qarşı yönəlib. Bu, zahiri görüntüdür. Beynəlxalq hesabatlarda qeyd edilir ki, 1979-cu ildə “İslamçıların” hakimiyyətə gəlişindən sonra, İranın dövlət strukturlarının yönləndirməsi ilə dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər və ya terror aktları təşkil edilib. Bu aktlar Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiya daxil olmaqla, dünyanın 5 qitəsində həyata keçirilib. Bu baxımdan İran rejiminin terrora dəstək verməsi qlobal problem kimi təsnif edilib.

 

İranın Avropa dövlətlərində törətdiyi terror aktları

 

1985-ci ilin iyun ayında “Hizbullah” qruplaşmasının üzvləri İranın maddi-texniki dəstəyindən faydalanaraq, Afinadan (Yunanıstan) TWA 847 saylı reys üzrə uçan təyyarənin bort heyətini qaçırıb qətlə yetiriblər. 1985-ci ilin dekabrında, həmçinin, 1986-cı ilin sentyabrında isə Parisdə partlayışlar həyata keçiriblər. Bu teraktlar üçün logistik dəstəyi İranın dövlət strukturları göstəriblər. Nəticədə 12 nəfər ölüb, 200 nəfərə yaxın şəxs yaralanıb.

İran agentləri 1989-cu ilin iyul ayında Vyanada (Avstriya) İran kürdlərinin liderini və daha iki nəfəri qətlə yetiriblər. Eyni üsulla, 1991-ci ilin avqust ayında Fransada İran rejiminə müxalifət olan hərəkatın liderlərindən biri- İranın keçmiş baş naziri Şapur Bəxtiyarı öldürüblər. 1992-ci ilin sentyabrında Berlində dörd nəfər İranlı dissident qətlə yetirilib. Bu qətllərdə şübhəli bilinən 4 nəfər SEPAH agenti 1997-ci ildə ələ keçirilərək mühakimə olunublar.

İranın terror hədəflərinin Qərb ölkələrinə yönəlməsi, digər regionları “unutması” anlamına gəlmir. Bu ölkəyə bağlı terror qrupları teraktları paralel şəkildə dünyanın əksər bölgələrində gerçəkləşdirirlər.

İran “HƏMAS” və digər Fələstin terror qruplarına silah, təlim və maliyyə yardımı edir. BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə tərtib etdiyi qadağalara rəğmən, “Hizbullah”ın silahlanmasına yardım edir. Yəməndəki terrorçuları və Əl-Qaidəni dəstəkləyir. “Şiə”liyi müdafiə etmək adı altında terrorçu qrupları hazırlayaraq Suriya, İraq, Əfqanıstan və Pakistana göndərir. İran Mərkəzi Bankı vasitəsilə “Qüds Qüvvələri” və “Hizbullah qruplaşması”na milyonlarla dollar məbləğində vəsait yönləndirildiyi müəyyən edilib.

 

İranı digər terror təşkilatçılarından fərqləndirən məqamlar

 

Yuxarıda sadalanan faktlardan belə nəticə çıxır ki, İran adına törədilən terror aktlarının əksəriyyəti “Hizbullah” və “HƏMAS” tərəfindən təşkil edilir, SEPAH (İran İnqilab keşikçiləri Ordusu) isə onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktlarının planlaşdırılması və gerçəkləşdirilməsi üçün İranın bütün mərkəzi dövlət qurumları əlaqələndirilmiş formada çalışır, vahid bir mexanizm halında birləşirlər. Məsələn, 1989-cu ilin iyul ayında Vyanada törədilmiş terror aktının icraçıları Avstriya ərazisinə İran diplomatik xidmətlərinin pasportlarından yararlanaraq daxil olublar.

ETTELAAT, rəsmi təqdimata əsasən, İranın İnformasiya Nazirliyidir. Normal ölkələrdə İnformasiya Nazirlikləri kommunikasiya qurumlarının, o cümlədən, KİV-in fəaiyətini tənzimləyirlər. İranda isə bu qurum Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi missiyasını icra edir. Məsələ ondadır ki, İranda ETTELAAT həm də qəzet adıdır. Bu adda qəzet nəşr edilir, 10-larla əməkdaşı vardır. Bu əməkdaşlar “jurnalist” adı altında müxtəlif ölkələrə ezam olunurlar. İnformasiya Nazirliyinin, yaxud “ETTELAAT qəzeti”nin əməkdaşı qismində gəlmiş “jurnalistin” İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin əməkdaşları olması kimin ağlına gələr ki? Bu, İranın KİV və jurnalistikadan casusluq, təxribat məqsədilə istifadə etdiyini göstərən kiçik bir detaldır. İranın himayəsində olan təşkilatlar tərəfindən törədildiyi təsdiqlənmiş terror aktlarının əksəriyyətində ETTELAAT-ın izi tapılıb.

SEPAH-İnqilab Keşikçiləri Ordusu İranın rəsmi silahlı qüvvələrindən biridir. Əsas missiyası daxili sabitliyin təmin edilməsi, inqilabın nəticələrinin qorunmasıdır. Amma fəaliyyəti ilə rəsmi missiyası az uyğunlaşır. Xarici ölkələrdə törədilən terror aktlarının əksəriyyətinin altından bu qurumun adı çıxır. SEPAH 1979-cu ildən dövlət siyasətinin tərkib hissəsi kimi bütün dünyada terror fəaliyyətlərini istiqamətləndirir, təşkil edir və həyata keçirir. Bu gün SEPAH Baş Qərargahı nəinki Yaxın Şərqdə, həm də altı qitənin beşində terror aktları planlaşdırıb həyata keçirməklə məşğuldur.

İnqilab Keşikçiləri Ordusunun xüsusi təyinatlı “Qüds Qüvvələri” dünyada terror aktları planlayan və həyata keçirən təşkilat kimi tanınır. O öz fəaliyyətində həmçinin, Livanda Hizbullah, Fələstində İslami Cihad, Bəhreyndə əl-Əştər Briqadaları, İraqda Kataib Hizbullah kimi terrorçu təşkilatların fəaliyyətindən yararlanır.

“İran Hava yolları”nın (İİMK) terrorçular üçün tranzit xidməti göstərməsi faktı da öz təsdiqini tapıb. “Mahan Air”, “Caspian Air”, “Miraj Air” və “Pouya Air” şirkətləri bu məsələdə İİMK-nun ortağı kimi çalışıblar. “Mahan Air” bu mövzuda bütün qlobal aviasiya prinsipini pozduğu üçün 2011-ci ildə ABŞ hökuməti tərəfindən sanksiyaya məruz qalıb. Şirkət terrorçuların, silah və texnikanın daşınması ilə məşğul olub. Onları qaynar nöqtələrə, o cümlədən, hərbi təlim və döyüş əməliyyatları məntəqələrinə daşıyıb. Nümunə üçün qeyd edək ki, “Qüds Qüvvələri”nin komandanı Qasım Suleymanin fərdi daşınması da bu şirkət vasitəsilə həyata keçirilib.

BMT-nin ekspertlər qrupunun 2018-ci ildə dərc etdikləri hesabatda göstərilir ki, İran hakimiyyəti ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən terror təşkilatlarına dəstək verməklə yanaşı, həm də terrorçulara öz ərazisində təhlükəsizlik sığınacaqları da yaradıb. “Əl-Qaidə” liderlərinin İran İslam Respublikası ərazisində “daha aydın göründüyü” bildirilir. İran Əl-Qaidə agentlərinin ölkədə qalmasına, onların maliyyə əməliyyatlarına icazə verib, üzvlərinin Cənubi Asiya və Suriyaya daşınmalarına şərait yaradıb. ABŞ Maliyyə Nazirliyi 2016-cı ildə İranda yaşayan 3 nəfər Əl-Qaidə agentini müəyyən edib və onlara qarşı sanksiyalar tətbiq edib.

 

İran terror qruplarına hər il 16 milyard dollar vəsait ödəyir

 

1979-cu ildən etibarən, İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib. ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı 48 səhifəlik hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir. Mayk Pompeo ABŞ Dövlət Departamentinin İranla bağlı dərc etdiyi hesabata istinad edərək tvitində yazıb ki, “İran xalqı iqtisadi problemlər içində boğulduğu bir zamanda, İran İslam Respublikası terror aktlarına 16 milyard dollardan çox vəsait xərcləyib”.

 

Xərclərin bölgüsü belə göstərilir:

– Livanda “Hizbullah” üçün illik ödənilən məbləğ 700 milyon dollar;

– Suriyada Əsəd rejiminə ödənilən məbləğ 4,7 milyard dollar;

– Yəməndə Husilərə ödənilən məbləğ ildə 100 milyon dollar;

– İraqda “Şiə keşikçiləri” adlı təşkilata ödənilən məbləğ 100 milyon dollar və sair.

 

Araşdırmalar zamanı o da bəlli olub ki, Fələstinli terror qruplaşmalarına hər il 100 milyonlarla dollar məbləğində vəsait xərcləyən İran, yardıma ehtiyacı olan Fələstin xalqına cüzi məbləğ ayırır. Məsələn, Fələstinli Qaçqınlara Yardım Təşkilatının (UNRWA) hesabına son 10 il ərzində cəmi 20 min dollar məbləğində yardım edib. Müqayisə üçün deyək ki, ABŞ eyni dövr ərzində UNRWA-ya 3 milyard dollar, Avropa İttifaqı dövlətləri 2 milyard dollar, Səudiyyə Ərəbistanı isə 600 milyon dollar vəsait ödəyib.

 

İran son terror aktlarını “modern texnologiyalar əsasında qurur”

 

Beynəlxalq təşkilatlar müəyyən ediblər ki, İrana bağlı olan qanlı terror aktlarının sayı 2000-ci illərin əvvəllərindən başlayaraq, kəmiyyətcə çoxalıb. Belə hadisələr 2009-cu ildən sonra daha intensiv, daha təhlükəli və dağıdıcı xarakter alıblar. Səbəb odur ki, İran bəşəriyyətin tərəqqisi üçün kəşf edilmiş modern texnologiyaları oğurlayaraq, onları terror aktlarının törədilməsi üçün istifadə etməyə başlayıb. Beynəlxalq hesabatlarda qeyd edilir ki, İranın kiber təhlükəsizlik təsisatları (İKK) tərəfindən dünyanın nüfuzlu universitetlərinə hər il yüzlərlə kiberhücumlar təşkil edilir və onların İntellektual mülkiyyətləri oğurlanır.

2020-ci il hesabatında göstərilir ki, İran Yaxın Şərq və Mərkəzi Asiyadakı terrorçu qruplaşmalara təkcə maliyyə deyil, həm də modernləşdirilmiş texnika təminatı ilə dəstək göstərir. İranın Argentina, Hindistan, Tailand, Gürcüstan, Azərbaycan, Keniya və bir sıra Avropa ölkələrində törətdiyi terror aktlarında yeni texnologiyalardan istifadəsinə dair nüanslar üzə çıxıb.

2018-ci ildə Belçika, Fransa, Almaniyada İran agentlərinin kütləvi toplanış məntəqələrində müasir texnologiyalardan yararlanmaqla təxribatlar törətmək planları aşkarlanıb və qarşısı alınıb. Belçika, Fransa və Almaniyada həbs edilmiş İran agentlərinin istintaqı zamanı bu yöndə ciddi faktlar ortaya çıxıb. 2018-ci ildə Almaniyada xüsusi qorunan ofislərə şübhəli təmas edən 10 nəfər saxlanılıb. Onların SEPAH agentləri olduğu sübut edilib. 2013-cü ildə Bosniya və Herseqovinada iki nəfər “iranlı diplomat” saxlanılıb. Onların casusluq və terrorla əlaqələri sübuta yetirilib. 2012 ildə Türkiyədə dörd SEPAH agenti saxlanılıb. Onlar İsrailə bağlı hədəflərinə hücum etmək üçün Türkiyədən yararlanmaq istəyiblər.

 

Terror aktlarında uşaqlardan istifadə edilir

 

“Human Rights Watch” təşkilatı (HRW) SEPAH-ın “uşaq əsgərlər” siyasətini sənədləşdirib. Hesabatda qeyd edilir ki, İranda sığınacaq tapmış 14 yaşlı əfqan qaçqınlar “Fatimiyun” adlı hərbi qruplaşmaya cəlb ediliblər. Həmin uşaqlar Suriya döyüşlərində istifadə ediliblər və öldürülüblər.

HRW-nin bu hesabatının dərc edilməsindən sonra ABŞ Dövlət Departamenti 2018-ci ildə qeyd edilən faktları araşdırıb. Araşdırmalar bitdikdən snra İranın adını “uşaqları qanunsuz hərbi xidmətə cəlb edən dövlətlərin siyahısı”na əlavə edib.

“Human Rights Watch” təşkilatının ekspertləri “Fatimiyun”da “xidmət keçən” 20-yə yaxın döyüşçü uşaqdan müsahibə alıblar. Uşaqlar öz müsahibələrində qeyd ediblər ki, Suriyada döyüşməyə məcbur ediliblər. Onlardan biri qeyd edib ki, İran vətəndaşı statusu almaq üçün bu qrupda xidmət etmək məcburiyyətində qalıb.

“The New York Times” qəzetinə verdikləri müsahibədə “Fatimiyun” üzvləri qeyd ediblər ki, döyüşlər zamanı əfqanlardan tez-tez “birinci dalğa” kimi istifadə edilir. Nəticədə ən yüksək itkilər onların sırasında qeydə alınır. SEPAH-ın əfqan qaçqınlardan, uşaqlardan “ət sipəri” kimi istifadə etməsi faktı ortaya çıxır.

 





11.11.2022    çap et  çap et