Vaxt.Az

Xankəndi şeytan yuvası olmayacaq!


 

Ermənilərə gələn silah karvanının sahiblərinə ...

Xankəndi şeytan yuvası olmayacaq! Azərbaycan 10 noyabr üçtərəfli bəyanatından keçən 2 il ərzində bir çox məsələlərdə öz mövqelərini gücləndirdi:

Azad edilən ərazilərin bir çoxunda hərbi infrastrukturun formalaşdırılması;

Ermənistanla yeni sərhədin müəyyən olunması və o sərhədyanı bölgələrdə üstünlüyün təmin edilməsi;

İşğaldan azad edilən ərazilərdə bərpa, yenidənqurma, iri infrastruktur layihələri həyata keçirilir;


Demək olar ki, Azərbaycan özündən asılı olan bir çox məsələlərlə bağlı bu müddət ərzində qarşısına hər nə məqsəd qoymuşdusa, ona nail olub. 

Amma Bakıdan asılı olmayan məsələlər də var ki, bu, Ermənistanın sərgilədiyi destruktivliklə bağlıdır. Təəssüf ki, son zamanlar ermənilərin bu cür davranışına rəvac verən kənar qüvvələrin artması müşahidə olunur. Bu gün Azərbaycanın təklif etdiyi, Ankaranın isə dəstəklədiyi sülh paketi açıq-aydın görünür ki, qəbul edilmir. Azərbaycan bunu məcburən qəbul etdirir.

Münaqişə 2 il əvvəl bitib. Əvvəl gündən də bəllidir ki, Azərbaycan Qarabağ erməniləri ilə bağlı heç kəslə müzakirə aparmaq fikrində deyil. Bu məsələ artıq xarici qüvvələr tərəfindən o dərəcədə qabardılır ki, üçtərəfli bəyanatdan 2 il keçməsinə baxmayaraq Azərbaycanın dövlət başçısı Soçidə 31 oktyabr görüşü zamanı bunu bir daha Vladimir Putinə xatırlatmağa ehtiyac duydu. Çünki rəsmi Bakıya məlumdur ki, bu məsələ ilə bağlı spekulyasiyalar hələ də var.

Hazırda formalaşan Ermənistan-Azərbaycan gündəliyi davamlı sülh üçün önəmli sənədə çevrilə bilər. Bakı ilə İrəvan sülh müqaviləsi, ardınca kommunikasiya xətlərinin (Zəngəzur dəhlizi) açılması, sərhədlərin delimitasiyası və humanitar (əsir və itkin düşmüş şəxslərlə bağlı mübadilə) məsələlərlə bağlı önəmli irəliləyişlərin şahidi ola bilər. 

Lakin oyundan kənar vəziyyətdə qalan Rusiya başda olmaqla, cənub qonşumuz İran da Ermənistanın Bakının sülh müqaviləsi şərtlərini qəbul etməyinə açıq etiraz etməyə başladı. Məlum oldu ki, 30 illik işğal dövründə Azərbaycan bu iki dövlətin timsalında sadəcə treyler izləyib, kino isə qabaqdadır...

Lakin kor-kor, gör-gör ki, İkinci Qarabağ müharibəsindən sonra İranın Azərbaycana təzyiqləri ifrat dərəcəyə çatıb. 30 il erməni işğalına seyrçi qalan, niyə məscidləri, dini abidələri dağıtdıqlarını bir dəfə də Ermənistandan soruşmayan Tehran indi Azərbaycanın geosiyasi üstünlüyündən narahat olmağa başlayıb. 

İndi Azərbaycana “sərhədləri dəyişmək olmaz” deyən Tehran bəs Ermənistan Azərbaycan ərazilərini işğal edərkən, tapdağı altında saxlayanda bəs niyə Ermənistana bir dəfə də olsun bunu demədilər?

Amma biz görürük ki, molla rejimi indi Azərbaycana qarşı açıq şəkildə qırmızı cizgiləri aşıb, keçiblər. Amma bu, onların Arazı da aşıb, bu taya asanlıqla keçə biləcəkləri mənasını vermir. Rəsmi Bakı Tehrana bu ikili standartlara uyğun davranışına layiq şəkildə artıq cavab verdi.

Artıq hər iki tərəf üçün “geri dönüş” imkansıza çevrilir. Təbii ki, bütün bunlara görə günahkar İrandakı rejimdir. Hadisələr də göstərir ki, bu mola rejimi və ya təhlükəli xarici siyasəti köklü dəyişməyənə qədər Azərbaycan-İran münasibətlərində müsbət nəyəsdə ümid etmək sadəlöhvlük olar. 

Lakin eyni ssenariyə bənzərini biz indi Rusiyadan da görməyə başlamışıq. Halbuki, hələ müharibənin gedişində Rusiya siyasi elitasında qatı ermənipərəst siyasətçilərin dövlət televiziyasında anti-Azərbaycan bəyanatlarının şahidi olurduq. Bu məsələ bu gün də Rusiyanın aparıcı dövlət media strukturları tərəfindən təbliğ edilir. Demək ki, burada Kremlin də razılığı alınıb. 

Nəzərə alsaq ki, Rusiya bu gün Xersonu da tamamilə tərk etdi və böyük məğlubiyyətin ilk işartıları görünməyə başladı, demək ki, rəsmi Moskva Şərqi Avropa cəbhəsindəki geriləməni Cənubi Qafqazla kompensasiya etmək barədə düşünə bilər. 

Çox güman ki, elə bu səbəbdən də son günlər Rusiyanın Qarabağdakı erməni separatçılara olan marağı birə-on artıb. Xankəndidə Soçi görüşü saxta mitinq oyunu, Ruben Vardanyanın “dövlət naziri” təyin olunması, Nikol Paşinyanın son sərsəm bəyanatları bütün bunların tamamilə Moskvanın başı altından çıxdığını düşünməyə əsas verir.

Bir neçə gün əvvəl İran üzərindən Qarabağdakı separatçılara silah-sursat apardığı barədə faktlar ortaya çıxması da, Rusiyanın Qarabağ məsələsində Azərbaycana güzəştə getmək niyyətində olmadığını bildirib. Amma Azərbaycan da mövqeyini qəti və açıq şəkildə bildirdi. Prezident İlham Əliyev Şuşada sülhməramlıların Qarabağda müvəqqəti olduqlarını və müəyyən məlum müddətdən sonra bölgəni tərk edəcəkləri mesajını xatırlatması Bakının Kremlə cavabı idi. Bununla da Əliyev Qarabağın Azərbaycan torpağı olduğunu və orada qərarları yalnız Azərbaycanın verdiyini bir daha Moskvaya çatdırmış oldu. 

Lakin Rusiyanın erməniləri silahlandırması ilə paralel, İrandan da kamikadze dron və ballistik raketlərin alınması deməyə əsas verir ki, Ermənistan bu iki dövlət tərəfindən ciddi şəkildə Azərbaycana qarşı müharibəyə hazırlaşdırılır. Ermənilərin, separatçı rejimin sürətli şəkildə silahlandırılması bölgədə növbəti eskalasiya riskini artırır. Bakı artıq istənilən riski gözə alıb və bütün planlarını buna uyğun olaraq icra edir. İndi narahat olacaq bir ölkə varsa, o da Ermənistandır.

Sülhməramlılara arxayın olub, Qarabağda növbəti məkrli plan hazırlığını görən ermənilərə və onlara havadarlıq edən qüvvələrə İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı xəbərdarlığını etdi: “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

 





12.11.2022    çap et  çap et