Söhbət isə rejissorun 1968-ci ildə çəkdiyi, bəstəkar Qara Qarayevdən bəhs edən, Azərbaycan sənədli filmlərinə yeni dalğa gətirən və xüsusi yeri olan “Bu, həqiqətin səsidir” qısametrajlı filmindən gedir. Rəşad bəylə söhbətdən bir neçə gün sonra Oktay bəy zəng etdi və filmin posteri bağlı görüşəcəyimiz günü danışdıq. Buna qədər isə rejissoru müxtəlif tədbirlərdə bir neçə görsəmdə ünsiyyət şansı olmamışdı. Sadəcə uşaqlığımdan bir görüş xatirimdədir – atamla şəhərdə gəzişərkən Səadət Sarayının yanında təsadüfən Oktay bəylə qarşılaşırıq. Gəncliyində “Azərbaycanfilm”də operator işləyən atam ötən günlərdən, həmkarlardan soruşur, qısa söhbət baş tutur. Bu görüşdən o mənim ağlımda xoş simalı və rəftarlı bir şəxs kimi qalmışdı.
Poster üzərində birgə işləmək üçün təyin olunan gün Oktay bəy iş yerimə gəlir. Buna qədər isə mən filmə baxıb artıq bir neçə eskiz hazırlamışdım. Filmə baxarkən özümə verdiyim ilk sual - nə üçün bu filmə indiyədək baxmamışam? Yəqin ki, baxmayanlar da həmin dövr sənədli filmləri üçün tamamilə fərqli bir təəssürat ötürən, “art-house” deyə biləcəyimiz bir filmlə qarşı-qarşıya qalacaqlar.
Əsl ziyalı ailəsində böyümüş, yetəri qədər təvazökar olan bu şəxslə bəzən danışaraq, bəzən susaraq eskizlər üzərində təcrübə aparırdıq.
– Bu həqiqətin səsidir. Həqiqət qaranlıqda parlayan işıqdır.
– Dinamik kadr seçmək lazımdır. Film özü dinamikdir.
– Bax bu yaxşı kadrdır. Danışır. Həqiqət danışır.
Yenə danışmağa davam edir - filmin onun diplom işi olmasından, Qara Qarayevin görüşündən, filmdə kadrarxası olan bəstəkarın səsini ilk görüşdə necə yazmasından, filmin nümayişi ilə bağlı qadağa təhlükələrindən…
Poster bitdi. Soruşuram:
– Bəs Qara Qarayev filmə baxandan sonra nə dedi?
Danışır (emosional tərzdə, sanki o günü təkrar yaşayır):
– Qarayev filmə axşam baxmaq istəyir, studiyada heç kim olmasın. Narahat olmaq istəmir. Zalda bir mən, bir Qarayev, bir də arxada kinomexanik. Heç nə demədən sakitcə filmə baxır. Tez-tez siqaret çəkir. Film bitir, işıq yanır, ancaq yenə də heç nə demir, elə art-arda siqaret çəkir. Mən isə ona nəisə deməyə çəkinirəm. Fikirləşirəm film xoşuna gəlməyib. Ancaq görürəm ki, artıq gecdir mexanik də dayanıb bizi gözləyir, evə getmək istəyir. Soruşuram - “Necə idi?” - “Nə deyə bilərəm ki – mən burada yaxşı adam kimi görünürəm… Bəlkə bir az ideallaşdırılmışam da. Deyəcəyim yeganə şey odur ki, əgər bir də kimsə mənim haqqımda film çəkmək istəsə qoy Oktayın filminə baxıb beləsini çəksin”.
Bu təvazökar, çox sadə adam bir dəfə də olsun mənə demədi ki, “film xoşuma gəldi”. Əgər desəydi bu Qarayev olmazdı. Bu onu özünü sevən adam kimi göstərib cılızlaşdırardı.
Filmin sonunda dahi bəstəkara sual - “Siz xoşbəxtsiz?” - “Mən özümə belə sual verməmişəm. Xoşbəxtlik nə deməkdir? Demək ki, sənətkar adam xoşbəxtdir?! Mənə elə gəlir bunu təsəvvür etmək çətindir. Belə bir kombinasiyanı. Yox əgər sənətkar hiss etsə ki, o tamam xoşbəxtliyə və həzzə nail olub, o zaman burada iş dayanır. Burada onu bitmiş adam hesab etmək olar. Məhz bu, xoşbəxtliyin, ona nail olmanın axtarışında, belə desək, daimi qaçan yaradıcılıq idealına çatmaq yolunda hansısa çətinliklərin öhdəsindən gəlmək məncə sənətkarın həqiqi yoludur və məncə səni irəliyə aparmağa sövq edən məmnuniyyətsizliyin təbii halıdır”.