Vaxt.Az

Atəşkəs və tərəflərin mövqeləri


 

Putinə hansısa naməlum qüvvələr tərəfindən “sülh təklifləri” gəlib

Atəşkəs və tərəflərin mövqeləri Son günlərin müzakirə olunan mövzularından biri də Rusiya-Ukrayna sülh danışıqları, ABŞ-ın guya, Ukraynanı danışıqlar masasında oturmağa məcbur etməsi ilə bağlı trollar tərəfində gündəmə gətirilən söz-söhbətlərdir. Ən müxtəlif səviyyələrdə təkziblər verilməsinə, Ukrayna Təhlükəsizlik Şurası tərəfindən rəsmi qərar qəbul edilməsinə baxmayaraq, mövzu gündəmdən düşmür.

Bunun əsas səbəblərindən biri də bütün müharibələrin sonda danışıqlar və sülh müqaviləsinin bağlanması ilə bitməsidir. Bu baxımdan bu müharibənin də sonda danışıqlar masasında bitəcəyi aydındır. Ancaq müəyyən qüvvələr bu məsələdə tələskənliyə yol verirlər. Əsasən Rusiya tərəfi qısa müddət ərzində hərbi əməliyyatlardan danışıqlar masasına keçmək istəyini müxtəlif səviyyələrdə dilə gətirilir. Məlum olur ki, son bir həftə ərzində Rusiya rəsmiləri beş dəfə qeyd-şərtsiz danışıqlara başlamaq istəklərini bildiriblər. Hətta Rusiya prezidenti Vladimir Putin də Nazirlər Kabinetinin iclasında “Ukraynalı tərəfdaşlarla” (?) danışıqlara başlamağın vacibliyini dilə gətirib (video əlavə edilir).  

Ukrayna tərəfi isə yalnız bütün ərazilər azad edildikdən sonra danışıqların mümkünlüyünü vurğulayır. “The New York Times” nəşri yazır ki, Xersonun azad edilməsindən sonra Ukrayna qoşunları hücum əməliyyatlarını dayandırmaq fikrində olmadıqlarını nümayiş etdirirlər. Qəzet yazır ki, ölkənin şərqində Ukrayna Silahlı Qüvvələri irəliləməyə davam edir və Rusiyanın dəfələrlə Baxmut və Pavlovkanı tutmaq cəhdlərini dəf edir, cənubda isə Dnepr çayının sol sahilindəki rus mövqelərini atəşə tutur. Nəşr qeyd edir ki, Ukrayna hərbçiləri və könüllüləri getdikcə daha çox eyham vururlar ki, Ukrayna Silahlı Qüvvələri bu iki cəbhə arasında – Zaporojye vilayətindən cənuba və Melitopol istiqamətində Rusiyanın Ukraynanın bütün cənub ərazisi üzərində nəzarətinə meydan oxumaqla yeni hücuma hazırlaşır. 

Meduza saytının mənbələrinin məlumatına görə isə Rusiya hakimiyyəti atəşkəsə nail olmaq və sakitlikdən istifadə edərək 2023-cü ilin fevral-mart aylarında yeni hücuma hazırlaşmaq istəyir. Amma noyabrın 11-də axşam milli telemarafonun efirində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bu məsələni belə şərh edib: “Biz heç nəyi dondura bilmərik. Biz soyuducu anbar deyilik. Biz hava şəraitindən, fəsildən asılı olmayaraq ərazilərimizi azad etməliyik. Biz heç cür dayana bilmərik, çünki xalqımız oradadır, onların necə əzab çəkdiklərini, bizim oğlanlarımızı, ərazilərimizi azad edən əsgərlərimizi göz yaşları ilə necə qarşıladıqlarını görürük. Ona görə də ölkəmizin prezidentinin silahlı qüvvələrin qarşısına qoyduğu vəzifə kifayət qədər sadə və başa düşüləndir – bütün ərazilərimizi terrorçulardan, işğalçılardan azad etməkdir. Və bu, mütləq həyata keçiriləcək”. 

Bu arada bəzi saytlar yazırlar ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk dəfə Rusiya prezidenti Vladimir Putinə hansısa naməlum qüvvələr tərəfindən “sülh təklifləri” gəlib. Putinə təklifi bir kənara atmamaq, ona verilə biləcək şansı “tutmaq” və təklifin əsas bəndlərinin konsepsiyasını dəyişmədən istəklərini “ətraflı” nəzərdən keçirmək tövsiyə olunub. 

Təfərrüatlar tam məlum olmasa da, “sülh təklifinin” konturları belədir:

• Rusiya qoşunlarını işğal olunmuş ərazilərdən çıxarır və Ukrayna Silahlı Qüvvələrinə dövlət sərhədinə çatmağa imkan verir. 

• Krım yeddi il müddətinə gündəlikdən çıxarılır. Rusiya Ukraynanın 7 il NATO-ya üzv olmayacağına dair zəmanət alır. Krım tamamilə silahsızlaşdırılmış (yalnız kiçik atıcı silahlar qalmaqla) zonaya çevrilir. Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanması Krımı tərk edir. 

• Rusiya və Belarus Respublikasının Ukrayna ilə quru sərhədi 100 km-lik məsafədə demilitarizasiya zonası (ağır silahlardan azad) elan edilir. Altı ölkə qarşılıqlı hücum etməmə zəmanətlərini verməyə və nəzarət etməyə hazır olur. 

• Dnestryanı Moldovanın nəzarəti altına keçir.

Təklifin kim, yaxud hansı ölkə tərəfindən gəldiyi barədə məlumat verilmir. Ola bilsin ki, bu, Türkiyə, yaxud Fransadır. Əgər deyilənlər doğru olarsa, təfərrüatlar da, aktyorlar da müəyyənləşər.

 





12.11.2022    çap et  çap et