Paşinyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki erməni silahlılarını Azərbaycanın qabağına çıxarmaq niyyətini güdməklə özünü baş verə biləcək hadisələrdən sığortalayır.
Azərbaycanın guya Qarabağda soyqırımına hazırlaşması iddiası isə ənənəvi nağılların təkrarı və davamıdır.
Paşinyan İlham Əliyevin qətiyyətini və iradəsini bildiyindən mesaj verir ki, gələcəkdə Azərbaycan Qarabağda dövlətə müqavimət göstərən silahlılara qarşı antiterror tədbirlərini tətbiq edə bilər.
Həmin anda isə Ermənistanın əlinə “soyqırımı” səfsətələri düşəcək və beynəlxalq aləmə car çəkiləcək ki, guya ermənilər genosidə məruz qalır.
Azərbaycan Qarabağdakı ermənilərə öz vətəndaşı kimi baxır, lap perspektivdə onlar Azərbaycan Konstitusiyasının çətiri altına keçməkdən imtina etsə belə, Bakı mülki əhalini hədəfə alan siyasətə getməz.
Bakının hədəfi erməni silahlı dəstələridir ki, onların da zərərsizləşdirilməsi heç bir halda genosid aktı ilə eyniləşdirilə bilməz. Çünki onlar terrorçu ünsürlərdir və dövlətin təhlükəsizliyi üçün zərərli ideyaların daşıyıcılarıdır.
Bu, məsələnin Azərbaycan-Ermənistan kontekstindəki mənzərəsidir, ancaq Paşinyan üçüncü tərəflərin də maraqlarını dilə gətirir.
Bəllidir ki, ermənilərin “genosid” əfsanələri Qərbin qulağına daha tez batır və bu məsələdə Rusiya üçün insan faktoru öndə gəlmir.
Ona görə də, Paşinyan köhnə mifləri təkrarlamaqla Qərbdən dəstək umur, lakin oynadığı oyunda zərin birini də Rusiya tərəfinə atır.
Rusiya Qarabağdakı mövcudiyyətini daimi etmək məqsədlərini güdür və perspektiv üçün Moskvanın ən böyük planı orada rus icmasının yaradılmasına nail olmaqdır. İndiki şəraitdə həmin perspektivin bərqərar edilməsi üçün ən münbit vasitə erməni kartıdır, yəni Kreml ermənilərin əli ilə həmin icmanı yaratmağı hədəfləyir.
Paşinyanın “ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər həll olunanadək sülhməramlıların səlahiyyət müddəti artırılmalıdır” deməsinin alt qatında Moskvanın gələcək planlarının işartısı görünür.
Paşinyan indidən 10 Noyabr Bəyanatının 5 ili tamam olmadan sülhməramlıların xidmət müddətinin uzadılmasından dəm vurur, hərçənd ki, indi üçün bu, aktuallıq qazana bilməz. Baş nazir sadəcə olaraq Moskva ilə birlikdə Bəyanatın 4 il yarımında sülhməramlıların qalma müddətinin uzadılmasına zəmin formalaşdırmaq istəyir, lakin Əliyev rus qoşunlarının çıxarılmasında israrlıdır.
Proqnozuma görə, Azərbaycan antiterror əməliyyatlarının davamını gətirəcək, çünki Paşinyanın mövqeyi danışıqlarda Bakının qoyduğu şərtlərlə uyuşmur.
Azərbaycan Xankəndidəki, Xocalıdakı təhlükəsizlik mühitini tamamilə öz suverenliyi altına almaqdan ötrü addımlarını itiləşdirdikcə Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq.