Noyabrın 10-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.
Sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunub. Sərgilənən əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bütün istiqamətlərini əhatə edir.
***
Noyabrın 10-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənd şəhərində Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrında “Lazgi” balet tamaşasına baxıblar.
2019-cu ildə Özbəkistanın təqdimatı ilə Lazgi – Xarəzm rəqsi” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Xarəzm torpağında yaranmış “Lazgi” rəqsi təbiətdəki səs və təzahürləri, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssümüdür. “Lazgi” rəqsi Özbəkistanın bütün regionlarında populyardır. Rəqs əsasında hazırlanan balet tamaşasına Berlin Milli Operası yanında balet məktəbinin məzunu xoreoqraf Raul Raymondo Rebek quruluş verib. Balet tamaşası Özbəkistan rəqs ənənələrinin beynəlxalq mədəni mühitdə yaymaq məqsədi də daşıyır.
***
Noyabrın 11-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə Ekspo Mərkəzində təşkil edilən “Zamanın ilğımları” adlı sərgi ilə tanış olublar.
Fərqli dizaynla hazırlanan sərgi insan üçün zamanın əhəmiyyəti və əsas həyat ölçülərindən biri olduğunu diqqətə çatdırır. Sərgidə yer alan sərhədsiz qumluqlar sanki keçmiş günlərin sirlərini özündə saxlayır. Salonun tavanı elə bir formada tərtib edilib ki, səmaya baxarkən insan özünü sanki ulduzların əhatəsində - qalaktikada hiss edir.. Burada yaxın sivilizasiyaların fraqmentləri, sənətkarların əl işləri təqdim edilir.
***
Həmin gün birinci xanımlar Mehriban Əliyeva, Ziroatxon Mirziyoyeva, Əminə Ərdoğan və Aniko Levai “Əbədi şəhər” tarixi-etnoqrafik kompleksində də olublar.
Komplekslə tanışlıq zamanı TDT ölkələrinin folklor və musiqi qruplarının ifaları da təqdim edilib.
“Əbədi şəhər” tarixi-etnoqrafik kompleksi “Böyük İpək Yolu” beynəlxalq turizm kompleksinin bir hissəsidir. Şərq memarlığının bütün səciyyəvi cəhətlərini əks etdirən kompleksdə məşhur sənətkarların, tətbiqi sənət ustalarının və müxtəlif xalqları təmsil edən rəssamların özbək milli mədəniyyətinin rəngarəngliyini, xalq adət-ənənələrini özündə birləşdirən qalereyaları və emalatxanaları yerləşir.
“Əbədi şəhər” Səmərqənd, Buxara, Fərqanə, Daşkənd, Xivə və digər qədim şəhərləri təcəssüm etdirən böyük kompleksdir. Ərazidə 44 nadir orijinal bina tikilib. Kompleksin konsepsiyası Özbəkistanın mədəniyyətini və adət-ənənələrini bir məkanda təqdim etmək ideyasına əsaslanır. Ərazidə rəssamların və sənətkarların mağazaları, kitabxana, kukla teatrı, istirahət guşələri, kafe və restoranlar fəaliyyət göstərir.