Vaxt.Az

Hər kəsdən narazı Paşinyan


 

Brüsseldən və Soçidən əliboş dönən baş nazirin XİN rəhbəri də Vaşinqtondan heç nəsiz qayıdıb

Hər kəsdən narazı Paşinyan Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Twitter” profilində Azərbaycanı Soçi Bəyannaməsini pozmaqda ittiham edib. Əslində Paşinyanın buradakı məqsədi gülünc iddialarla Azərbaycanı ittiham etmək deyil, o, Rusiyanın vasitəçilik səylərinin uğursuzluğa düçar olduğunu göstərmək üçün belə ittihamlar səsləndirir. Görünür, Xersonda ağır məğlubiyyətə uğrayan Rusiyaya bir təpik də Paşinyan tərəfindən vurulur. Paşinyan eyham vurur ki, əgər Rusiya bacarırsa, onun himayəsi altında imzalanmış bəyanatın pozulmasına cavab versin.

Paşinyan növbəti dəfə Rusiyanın bu məsələdə imkansızlığını və ya istəyinin olmadığını göstərməyə çalışır. O, Putinin Soçidən əvvəl Valdaydakı məşhur çıxışından sonra belə bir cəhd edib və müqavilənin rus versiyası üzərində bir sıra təkliflər irəli sürüb. Lakin bunlar Rusiya tərəfindən təmin edilməyib və nəticəsiz qalıb.

Paşinyan Soçi görüşündən narazıdır, çünki istədiklərinin heç biri həmin bəyannamədə qeyd olunmayıb. Ardınca Brüsseldə sərhəd komissiyalarının görüşü keçirilib. Daha sonra isə Vaşinqtonda XİN başçıları səviyyəsində görüş olub. Ermənistan bu görüşlərdən birindən, bəlkə də hamısında narazıdır və bu narazılığını sərhəddə təxribat törətməklə dilə gətirir.

Burada İran faktorunu da nəzərə almaq lazımdır. Paşinyan Soçidən Tehrana səfər edib. Orada müəyyən razılaşmalar imzalayıb. Tehrandan qayıtdıqdan sonra Ermənistan sərhəddə bir sıra təxribatlar törədib. Ancaq son günlər Azərbaycan ordusunun mövqeləri yalnız Ermənistan ordusu tərəfindən deyil, Rusiya sülhməramlılarının olduğu Azərbaycan ərazilərindəki qanunsuz erməni hərbi dəstələri tərəfindən də atəşə tutulur. Putinin səfəri öncəsi belə təxribatların kimlər tərəfindən sifariş edildiyi çox maraqlıdır.

 





12.11.2022    çap et  çap et