Vaxt.Az

Kütlə – cəmiyyətin “qara dəlik”i


 

Yaxud heç bir özəlliyi olmayanların “ortaq dəyəri”

Kütlə – cəmiyyətin “qara dəlik”i Fransız sosioloqu Bodriyar kütləni “Qara dəlik”ə bənzədir. Kütlə xalqın, cəmiyyətin “qara dəlik”idir. Bu “qara dəlik” necə yaranır? Heç bir özəlliyi olmayan insanların, onları heyran edən “ortaq dəyər”lərinin kəşfi və təbliğiylə. Əsas məsələ bu “ortaq dəyəri” tapmaqdır. Bu “ortaq dəyər” tək halda heç kim olduğunu hiss edən insanlara bir kimlik bəxş edən, Nitsşenin sözləri ilə desək, onları öldürməyib, gücləndirən psixoloji-mistik varlıqlar da ola bilər, Vladimir İliç Lenin də.

Din dayaq nöqtəsi olaraq ən günahsız, çarəsiz, yetim insanı seçir, kommunizm dayaq nöqtəsi olaraq ən yoxsul insanı önə çıxarır. Demokratiya ən hüquqsuz vətəndaşı “ortaq dəyər”ə çevirir, feminizm ən qaragünlü qadını öz bayrağının sapına keçirir və s. Çünki eqo özündən güclüyə qorxu, özündən zəifə mərhəmət adlı emosional bir bağla daha tez bağlanır.   

Beləliklə, “ən axırıncılar” onları “ortaq dəyərə” çevirib kimlik qazandıran özlərinin “ən birincilərini” yaradırlar və onun simasında, əslində, özlərinə heyran olurlar. Buna sosiologiyada “kütlə narsisizmi” deyilir. 

Bu gün Azərbaycan xalqı televizorlarda ancaq onun özünü göstərən verilişlərə baxır, onun öz zövqünü ifadə edən mahnılara qulaq asır. Onun özünün sözünü deyən, onun özü kimi düşünən insanları ilahiləşdirir. 

Televizorlarda, sənətdə, sosial şəbəkələrdə özünə heyran olan narsist kütlə, Bodriyarın dediyi o “qara dəlik” bir-bir fərdləri udur. Bu dəliyə düşməmək üçün müqavimət göstərənlər lənətlənir. Bəzən şəxsi uğursuzluqlarının qisasını cəmiyyətdən almaq istəyən farmazonlarımız da düşməyənləri bu “qara dəliyə” düşməyə həvəsləndirir.    

Halımızı əldəqayırma əndamında belə bizi özümüzün heyranına çevirən müğənnimiz daha səmimi ifadə edir: 

“Zülm, zülm, zülm ...”.

 





13.11.2022    çap et  çap et