İzah verim. Meyxanaya münasibətim ona görə yaxşı deyil ki, sovetlərin zamanı bu janr kütləvi tanınmayıb ziyansız belə olsa, müstəqillik, söz azadlığı dövrü media, tv-lərə yol tapıb və xeyli kütləviləşəndən bəri, xeyli pozucu, antiictimai xarakter aldı. Səbəb? Meyxananın kütləvi təsir və təbliğ kimi əlverişli münbit mühit olduğunu görən və “sənət janrı, xalq folkloru” adı altında qanunla qadağasının mümkünsüzlüyünü bilən 3 əsas mənfi və təhlükəli cərəyanın bu mühitin içərisinə yeriyib, öz maraqları ilə yönəltməsi idi.
Bunlar:
1. Oğru, kriminal aləm;
2. Narkomafiya;
3. İranın pozucu təxribat şəbəkə, agenturasıdır.
Toy, şənliklər kimi kütləvi tədbirlərdə meyxana imkanlarından yararlanmaqla bu, 3 antiictimai, antidövlət yönlü zərərli cərəyan öz maraqlarını, məqsədləri, təbliği və təşviqlərini yürüdə bildi. Meyxana təşkilatçıları, aparıcıları, oxuyanlarını ələ almaqla, bu janrı və janrın yaratdığı ictimai mühiti öz təbliğat təsir dairələrinə sala bildilər.
– Kriminal aləm “yaxşi-pis oğlan, zapadlo, silah və türmə ideolojisi”, həm də, türmələrə yardlm;
– Nakomafiya “kazbekə şey basım” kimi deyim və oxunuşlar, meyxana mühitində də, narkotik vasitələrindən istifadənin “vacib norma” olması;
– İran şəbəkəsi isə, meyxana ritmi, oxunuşunu mərsiyə üzərində qurma, şiə, İmam adı altında
bu 3 cərəyan öz ictimai təsir, təbliğatını apardı.
Bu gedişlə, bu janr Azərbaycan cəmiyyəti xalqı, gəncliyinə və mütləq eləcədə də dövlətçiliyinə qarşı ziyanlı amilə çevrildi. Sıravi xalq bunu heç sezib hiss də etmədən, meyxana oxuya-oxuya və toy-şənliklərdə “kazbekə şey basım” sədası altında (hətta, elit, mədənilər) oynaya-oynaya!
Və bu toy-şənlik mərasimləri də elə bir həssas ictimai qatda yerləşən məsələdir ki, qanunun, inzibati müdaxilə, tənzimi ya qadağası çətindir. Necə ki, yas, dəfn yerinə İran şəbəkəsi rahatca girərək, din adı ilə öz pozucu təbliğatını aparır.
Bunun qarşısını yalnız, ictimai təsirlə və yaxud, daha effektlisi, həmin mühitin öz içindən daha mütərəqqi və eynilə milli-vətənçilik, dövlətçilik xüsusiyyətli biriləri ala bilərdi. Necə ki ruhanilər içindən İranın mövhumatçı, avam təbliğatına qarşı sağlam fikirlə ilahiyyatçı Elşad Miri çıxmış.
Həmin pozucu, antiictimai mənfi təsirlər altına düşməklə yolunu çaşan meyxana mühitinin də içindən, xüsusən son dövrlər məhz Rəşad Dağlı irəli çıxmışdı. Öz mədəni intellekt, savadlı, həm də, eyni zamanda öz çıxışlarında qayda, ədəbi, əxlaq, vətənçilik və qanunçuluğu gözləməsi ilə.
O, 3 mənfi və təhlükəli cərəyanı qəbul etməyib, təsiri altına düşmədən oğru-kriminal aləmi də, narkomaniya-narkomafiyanı da, İran təbliğatı və Xameneyinin özünü də açıq cəsarətlə tənqid edən meyxanaçı idi. Bununla, kütləvi meyxana mühiti içində həmənki 3 mənfi cərəyana böyük zərbə vurur, mühitin özünün düşük cılızlıqdan, ictimai pozuntulu çöküşündən xilasına çalışırdı.
Niyə xilasına deyirəm? Çünki, bu gedişlə dövlət meyxananı pozucu, ekstremist tədbir kimi, tam yasaq da edə bilərdi. Hansı dövlət imkan verər? Mən, qeyd etdiyim kimi, nə meyxana həvəskarı və nə də dinləyicisi deyiləm. Heç meyxanaçıları da, elə də tanımıram. Sadəcə Rəşad Dağlını ən əvvəllər də, nəzərə çarpan şəxs kimi müşahidə etmişdim və son dövrlər narkomaniya və İranın molla rejiminə qarşı çıxışları diqqətimi cəlb etdi. Və onu bu xüsusatlara görə də müdafiə etdim.
Yenə o fikirdəyəm ki. bu hadisə Rəşad Dağlıya qarşı həmin üç mənfi, təhlükəli cərəyanın, onu qarşılarındakı böyük maneə bilib, hansısa yolla sıradan çıxarma təşkili və təxribatı ola bilər. Ya, Rəşadın öldürülməsi, ya da, Rəşadın öldürməsi ilə edilməlidi bu. Təki sıradan, səhnədən çıxsın.
Bu təxribatın icrası da, Rəşadın qonşusu, həm narkoman və “bariqa”, həm də türmə, “zondan” çıxmış və “Zon” liderlərindən asılı olan birisinin üzərinə ehtiyatla, psixolo-ideoloji təsirli qoyula bilərdi ki, Rəşad Dağlı “zapadlo” hərəkətlər edir və onun cavabını verənsə “hörmətli oğlan” olar.
Türmə-zon kriminal liderlərinə də bu təxribatın təşkilini sifariş vermək həmin o, 3 cərəyan, yəni kriminal aləm, narkomafiya və ya İran şəbəkəsi üçün elə də çətin iş deyil. Çünki, hər üç məlum cərəyanın bəzi, güclü məmur təbəqələrində və “zona” rəhbərliklərində dayaqları olması elə də naməlum və elə də təəccüblü bir təzahür deyil. Bütün bunlara görə də bu məsələyə adicə qətl hadisəsi deyil, geniş miqyas mənada diqqətimi cəlb edən ümumi problem təzahürü kimi baxır, və geniş, dərin istintaq araşdırılması tərəfliyəm.
Günahlıya isə, qanuni, obyektiv cəza tətbiqi ilə.
P. S. Düşünürəm ki, ölkə içində də, çölündə olduğu kimi güclü qayda yaranışı dəyişikliyi getməlidir, “evin içi ilə çölü” arasında balans yaranması ilə. Və ümid edirəm ki, dövlət bunu da bacaracaq.