“Reuters” xəbər agentliyinin məlumatına görə, Fransanın xarici işlər naziri saxlanılan digər iki vətəndaşla bağlı narahatlığını ifadə edərək, “Biz ziddiyyətli məlumatları yoxlamağa çalışırıq”, – deyib.
“Figaro” qəzeti bu iki vətəndaşın İranda etiraz nümayişlərinin başlamasından əvvəl həbs olunduqlarını yazıb.
Qeyd edək ki, İran İslam Respublikası Radio və Televiziya Şirkətinə bağlı ərəb dilli “Əl-Aləm” telekanalı oktyabrın 6-da iki Fransa vətəndaşının məcburi etiraflarını yayıb.
Onların beş ay əvvəl “İslam Respublikasını devirmək üçün inqilaba hazırlıq işləri aparmaq məqsədilə İrana səfər etdikləri”ni iddia edib.
İki Fransa vətəndaşından yayımlanan videoda xanım Sisli Kuller hicab taxır və özünü “Fransa Xarici Təhlükəsizlik Xidmətinin kəşfiyyat və əməliyyat məmuru” kimi təqdim edir. Jak Perri də bu videoda “Fransa xarici təhlükəsizlik xidmətində məqsədimiz İran hökumətinə təzyiq etməkdir”, – deməyə məcbur edilib.
Fransalı məhbusların etiraflarının məcburi yayımı Avropa Birliyinin Məhsa Əmininin ölümündə və İranda xalq etirazlarının geniş şəkildə yatırılmasında iştirak edən şəxslər və qurumlara sanksiya qərarı verməsi ərəfəsində həyata keçirilir.
İran İslam Respublikası hökuməti uzun illərdir ki, xarici vətəndaşları casusluqda ittiham edərək öz imtiyaz və tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.
Bu hökumət əvvəllər də iranlı və əcnəbi məhbusları etiraf etməyə məcbur edib.
Onlar azadlığa çıxandan sonra etiraflarını qəti şəkildə rədd edib və etiraflarının məcburi və təhdid altında alındıqlarını bildiriblər.