Ermənistan informasiya təxribatları da həyata keçirir. Bir neçə gün əvvəl Ermənistan ordusunun hərbi qulluqçusunun guya Azərbaycan ordusunun atəşi nəticəsində yaralanması barədə saxta məlumat yayılıb. Müdafiə Nazirliyi dərhal məlumatı təkzib edib. Ermənistan adətən öz təxribatlarından əvvəl belə təbliğat aparır.
Sərhədlərində Avropa İttifaqının (Aİ) müşahidəçiləri olan Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli Soçi Bəyannaməsinin güc tətbiq etməkdən və ya güc tətbiq etmək hədəsindən çəkinmək prinsipini pozur. Üstəlik onu da qeyd edək ki, bu təxribatlar Rusiya Prezidenti Vladimir Putinin KTMT sammitində iştirak etmək üçün Ermənistana ehtimal olunan səfəri fonunda edilir. Bir neçə gün əvvəl Putin və Paşinyan KTMT sammitinə hazırlıq üçün telefon danışığı aparıb.
Putinin səfərindən cəsarətlənən Ermənistanın təxribatları yolverilməzdir. Ancaq burada başqa faktı da diqqətdən qaçırmaq olmaz. Sentyabr ayında baş verən toqquşma zamanı Ermənistan Xarkov ətrafında rusların məğlub olmasından sonra təxribata cəhd etmişdi. Təxribatın nəticəsi Ermənistan üçün çox ağır oldu. İndi isə Rusiya Xersonda məğlub olur və Ermənistan bu məğlubiyyətdən faydalanmaq istəyir.
Noyabrın 7-də Mirzoyan və Ceyhun Bayramov arasında görüş təşkil edən və vasitəçilik missiyası kontekstində güc tətbiqinin qarşısını almaq məsuliyyətini öz üzərinə götürən Vaşinqton bu barədə nə düşünür?