Vaxt var idi insan şərəfinin təhqir edilməsi kübar insanlar tərəfindən xüsusi həssaslıqla qarşılanırdı. Münasibətləri aydınlaşdırmaq üçün tərəflər silaha əl atırdı. Duel latın dilində müharibə anlamını verir. Duel dedikdə daha çox rusların bizə sırıdığı Aleksandr Puşkin yada düşür. Xatırladım, 1834-cü ildə Peterburqa gələn fransız baron Corc Dantes Puşkinin həyat yoldaşı Natalya Qonçarovaya vurulur və ona diqqət göstərməyə başlayır. Axırı da məlumdur. Şair fransızı duelə çağırır. Dantes də Puşkini öldürür...
Tarixdən o da məlumdur ki, Amerika Birləşmiş Ştatlarının üçüncü prezidenti Tomas Ceffersonun köməkçisi vitse-prezident Aaron Burr dueldə ağır yaralansa da sağ qaldı. O, ABŞ-ı yaradanlar sırasında yer alan, ilk maliyyə naziri Aleksandr Hamiltonla duelə çıxdı və siyasi rəqibini öldürdü...
Böyük Britaniyada isə 4 Baş nazir müxtəlif vaxtlarda düşmənləri ilə duelə çıxıb. Onlardan ikisi Baş nazir olanda, ikisi isə Baş nazir olmazdan əvvəl silaha əl atıb...
Elə təsəvvür yaranmasın ki, duel yalnız kişilər arasında keçirilib. Qadınlar arasında da belə şeylər olub. Dünya tarixinə iz salmış və dramatik xarakteri ilə seçilən belə duellərdən birindən bəhs edəcəm...
1552-ci il. 25 may. İtaliyanın Neapol şəhərində belə bir hadisə baş verdi. İzabella de Carazzi və Diambra de Pottinella kübar ailənin qızlarıydı. Onlar həm də yaxın rəfiqə idi. O vaxt Neapolun kübar qadınları arasında Fabio de Zeresola çox məşhur idi. Bir gün iş elə gətirdi ki, onların üçü də eyni toy məclisində bir araya gəlməli oldular. Fabio İzabellaya cəmi bircə dəfə nəzər saldı, o, o qədər alovlu və nüfuzlu bir baxış atdı ki, həmin vaxt İzabellanın yanında olan Diambra onların arasında nəyinsə olduğunu dərhal anladı.
Qısa söhbətdən sonra hər şey aydın oldu. İzabella Fabionun onu daha çox sevdiyini və buna görə də sevgi qanununa görə ona aid olduğunu israr edəndə vəziyyət qəlizləşdi. “Fabio mənimdir!” davası başladı. Diambra Fabionu daha çox sevdiyini və İzabellanın yalançı olduğunu iddia etdi. Diambra dedi ki, o, öz məhəbbətinə görə ölməyə hazırdır və buna görə də keçmiş rəfiqəsini altı gündən sonra tarlada görüşməyə və görüşə silahlarla gəlməyə çağırdı. İzabellanın döyüş silahları seçimi xeyli zəngin oldu: qılınclar, nizələr, gürzlər, qalxanlar və zireh örtüyünə bürünən atlar.
Duel günü Neapol sarayında olan hər kəs, o cümlədən ispaniyalı vitse-kral bu qeyri-adi hadisənin şahidi olmaq üçün hadisə yerinə toplaşmışdı. İzabella göy paltar geyinmişdi. Üstünə taxdığı brilyant qaşlar atının məxmər örtüyünə uyğun gəlirdi. Diambra yaşıl rəngli paltarda idi. Dəbilqəsindəki gerbdə qızıl ilan yer almışdı. Hər bir xanım nizəsini götürdü. Davaya səsləyən şeypur çalınanda onlar bir-birinə elə amansızlıqla hücum etdilər ki, tamaşaçılar onların cəsarətinə heyran qalırdılar.
Nizə toqquşmasından sonra qadınlar gürzləri götürdülər, bir-birlərinin qalxanlarına zərbələr yağdırdılar. Gürzlə endirilmiş ağır zərbədən sonra İzabella qalxanının yarısını itirdi. Tərslikdən atı da büdrəyib yıxıldı. Diambra atından endi və yüksək səslə İzabelladan təslim olmasını və Fabio de Zeresolanın onun olduğunu etiraf etməsini tələb etdi. İzabella qılıncını götürdü və Diambraya hücum etdi, onu yerə yıxdı və dəbilqəsinin qayışlarını kəsdi. Sonra gözlənilmədən Diambranın qalib olduğunu və Fabionun ona məxsus olduğunu etiraf etdi...
Bu əzəmətli döyüşün xəbəri ildırım sürəti ilə bütün Avropaya yayıldı və bu hekayə nəsildən-nəsilə ötürüldü. Təxminən bir əsr sonra ispan rəssamı Cüseppe de Ribera bu hadisəni qədim mifologiyadan gələn bir səhnə kimi yağlı boya ilə kətan üzərinə köçürdü...
Bu, o vaxtlar şərəf, qürur və cəngavərlik məsələsi idi. İndi də bu kimi dəyərləri öndə görənlər var. Düzdür, onlar azlıqdadır. Ancaq onların azlıqda da olsa, var olması belə çoxluğun xoşuna gəlmir...