Vaxt.Az

Bakıda 7 vaqonlu metrostansiya


 

Burada şüşə sədd və lift də olacaq (FOTOLAR)

Bakıda 7 vaqonlu metrostansiya Bakının Beynəlxalq Avtovağzal Kompleksi ərazisində salınan yeni metro stansiyasında işlər yekunlaşmaq üzrədir. «PressForum.az» saytının əməkdaşları bu stansiyada olublar.

«Avtovağzal» stansiyasının girişi şüşədən, piramida şəklindədir. 7 çıxışı var. 2-si avtovağzal ərazisinə çıxacaq.

Platforması sütunsuz, həm də indiyədək istifadəyə verilmiş bütün stansiyaların platformasından uzundur - 145 metr. Bu platformada 7 vaqonlu qatarlar hərəkət edəcək.

Platformada sərnişinlərlə qatarların arasında şüşə sədd qurulacaq. Sərnişinlər qatara şüşə səddin qapılarından minib-düşəcək. Bu sədd sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulub.

Yeni stansiyada havalandırma sistemi ilə yanaşı kondisioner sisteminin də olması nəzərdə tutulub.

Fiziki imkanları məhdud olan insanlar üçün burada trovalatorlar quraşdırılıb, bir ədəd liftin isə yaxın günlərdə quraşdırılması gözlənilir. Sayı 20-yə yaxın olan eskalatorlardan istifadə edə bilməyəcək insanlar metroya liftlə düşüb-çıxacaqlar. Stansiyanın həyətindən və platformadan liftə giriş-çıxış olacaq. Yəni stansiyanın həyətindən liftlə birbaşa platformaya düşmək, platformadan liftlə birbaşa stansiyadan çıxmaq mümkün olacaq.

Stansiyada sərnişinləri informasiya ilə təmin edəcək monitorlar qurulacaq. Sərnişinlərə gündəlik xəbərləri çatdıracaq elektron tabloların quraşdırılacağı da gözlənir.

Yeni stansiyanın istifadəyə verilməsi paytaxtdan bölgələrə və ya ölkədən xaricə gedib-gələn adamların nəqliyyat işini asanlaşdırmaqla yanaşı, bəzi şəhərdaxili avtobusların işini qəlizləşdirəcək. Bir çox sürücü ehtimal edir ki, 16 nömrəli avtobus bu marşrutdan tam çıxarılacaq, 82 nömrəli avtobuslarda isə sərnişinlərin sayı yarıbayarı azalacaq.

«Avtovağzal»ın açılışının bu ilin may ayında olacağı haqda xəbərlərin isə nə dərəcədə dəqiq olduğu hələ bilinmir.

 





31.03.2014    çap et  çap et