İnsan həyatı toxunulmazdır, müqəddəsdir. Bu fikir aksiomadır, müzakirə və mübahisə mövzusu ola bilməz. Bir şəxsin səhv və ya düz olduğunu yalnız məhkəmə, hüquq müəyyən edə bilər və sair. Bunlar gündəlik olaraq eşitdiyimiz yayılmış fikirlərdir. Doğrudur. Amma kaş ki, bütün məsələlər yalnız bu kimi fikirlərlə həll olunacaq qədər sadə olsaydı. Dünya hüquq sistemində o qədər mürəkkəb hadisələr və fərqli hökmlərlə bitən o qədər işlər olur ki..
Kiçik bir arayış. Hər bir cinayətdə motiv var. Əgər cinayətdə motiv yoxdursa, deməli ya təsadüfdən, ehtiyatsızlıqdan olub, ya da təhrik olub. Sonuncu təhrik məsələsinə gəlincə. Dünya hüquq sistemində, xüsusilə ABŞ-da bu təhrik məsələsinə çox önəm verilir. Bir insanı bilərəkdən bir cinayətə təhrik etməyin özü cinayətdir. Qarşınızdakını şantaj etməklə, onu tələyə salmağa çalışmaqla, hədə-qorxu ilə həyatını cəhənnəmə çevirməklə, onu təhqir etməklə, onun həyatını alt-üst etməyə çalışmaqla əslində onu cinayətə təhrik etmiş olursunuz. Dostluğumda olan hüquqşünaslar yaxşı bilirlər. Cinayətdə təhrik varsa və sübut olunarsa, cinayəti törətmiş şəxs ya bəraət alır, ya da daha yüngül cəza. Özünümüdafiə də həmçinin.
Qeyd olunan hadisəyə qayıdaq. Həyatda bəzi məsələlər vardır ki, ondan qaçmaq, mənə dəyməz, mənə aidiyyatı yoxdur demək doğru deyil. Narkomaniya da elə bir zəhər, elə bir bəladır ki, kimsə sığortalanmayıb. Bu səbəbdən cəmiyyət narkomaniyaya YOX deyir, deməlidir. Narkomaniya dövlətin sütunlarını laxladan amillərdən biri kimi qiymətləndirilir. Bu səbəbdən bütün dövlətlərdə terrora qarşı olduğu kimi narkotiklərə də qarşı ayrıca mübarizə idarələri, bölmələri, təşkilatları olur. Son dövrlərdə narkomaniyaya qarşı dünyanın əksər ölkələrində, o cümlədən ölkəmizdə mübarizə günbəgün şiddətlənir. Təqdirəlayiqdir.
Önəmli bir digər fakt. Bütün dünyada və ölkəmizdə narkomaniyaya qarşı mübarizənin kəskinliyi ilə polisin nüfuzu, reputasiyası arasında düz mütənasiblik var. Mübarizə şiddətləndikcə polisin nüfuzu artır. Deməli, cəmiyyət də narkomaniyanın bəlasını, təhlükəsini anlayır və bu mübarizəni alqışlayır.
Belə bir dövrdə narkomaniyaya qarşı mübarizə aparan insanlar da bu mübarizənin qurbanı olur. Amma belə insanların qurban olduğunu düşünmürəm. Hüquq-məhkəmə sistemimizin, polis orqanlarının narkomaniya ilə bağlı vəziyyəti bizdən milyon dəfə yaxşı bildiklərinə şübhəm yoxdur.
Hər birimizi narahat edən ən təhlükəli məqam odur ki, narkomaniya təkcə ona qurşananları, ona aludə olanları öz qurbanına çevirmir. Bizi narahat edən odur ki, cəmiyyətdə narkomaniyanı görməyən, heç bir əlaqəsi olmayan insanlar da narkotik vasitələrin təsiri altında qəza, müxtəlif cinayət törədənlərin qurbanlarına çevrilirlər. Narkotik vasitənin təsiri altında nə qədər qəzalar, cinayətlər olub və ya narkotik vasitə almaq üçün öz günahsız yaxınlarını qətlə yetirənlər az olub?
Nəzərə alaq ki, narkomaniya bütün dünyanı hazırda çox ciddi narahat edir. Nəzərə alaq ki, narkomaniya iqtisadiyyatı məhv edən əsas amillərdən biridir. Yazılarımın birində tiryək müharibələri, ölkələrdən valyuta axınını sürətləndirmək, ölkəni çökdürmək üçün narkotiklərin peşəkarcasına yayılması məsələlərinə toxunmuşdum. Bunu da nəzərə alaq ki, ölkəmizdə narkotiklərə qarşı mübarizədə ən təsirli dairə şairlər, yazıçılar (təəssüf ki, şair və yazıcıların bu məsələ ilə bağlı demək olar ki, mövqeləri gözə dəymir) və lap elə meyxanaçılardır. Çünki, toylarda və məclislərdə onlara ən çox gənclər qulaq asır. Əgər hər hansı bir şəxs həqiqətən səmimi olaraq narkotiklərə qarşı səsini ucaldır və bunun qurbanına çevrilirsə, onun qurban olmasına dövlət və cəmiyyət imkan verməz. Çünki bu narkotiklərə qarşı mübarizədə tərəddüd, qorxu, bəlkə susmaq lazımdır deyə yanlış fikir formalaşdırar. Əksi olarsa, narkomaniyaya qarşı mübarizədə cəmiyyət də hüquq-mühafizə orqanlarına daha çox yardım edər, daha çox təbliğat-təşviqat işləri aparılar və bu mübarizədə ən öndə gedən qüvvə elə meyxanaçıların özləri ola bilər.
P.S. Meyxana həvəskarı deyiləm, ümumiyyətlə qulaq asmıram. Söhbət meyxanaçıdan, meyxanadan getmir. Söhbət kimin haqlı, kimin haqsız olmasından getmir. Buna hüquq-mühafizə orqanları qiymət verəcək. Söhbət dövlətin sütunlarını laxladan narkomaniyaya qarşı mübarizədən, narkomaniya qarşı səsini ucaldan bir insanın özünün dolayı yolla narkomaniyanın qurbanına çevrilməsindən gedir. Söhbət susmaq lazımdır kimi yanlış bir presedentin yaranması riski, təhlükəsindən gedir.