Avropa Parlamenti 1996-cı ildə rəsmi sənədlərdə “irq” kəlməsinin yazılmasını qadağan etdi. Bu qadağa ona Adornonun sözləri ilə desək, siyasəti mədəniyyətdən ayırmaq, daha doğrusu, siyasi imperializmi mədəni imperializmin arxasında gizləmək üçün lazım idi.
Qərb düşüncəsinə görə, modernizm Qərbin milli dəyəridir. Yalnız Qərb və onun açıq, gizli müstəmləkələri modern mədəniyyət yarada bilər. Digərləri ekzotikdir və ekzotik qalmalıdır. Qərb müsəlman Şərqinin modern üzünü sevmir. Siz onun üçün yallı gedən, xalça toxuyan ekzotik mədəniyyətin daşıyıcılarısınız. Əgər onun mədəni hegemonluğunu qəbul etməsəniz, belə də qalacaqsınız. Bir müsəlman, ya da bir afrikalı modern mədəniyyət yarada bilməz, lakin onun ekzotikası ən nüfuzlu mükafata və alqışa layiqdir.
Qərbin, postmodernist muğam ifaçısı Alim Qasımovun sənətinə verdiyi dəyər onun, aktyorlarından və dekorundan başqa heç bir modern yanı olmayan müasir İran kinosuna verdiyi dəyərlə eynidir. Əslində, muğamı dəyərləndirməklə Qərb bizi predmodern, yəni modern mədəniyyətin problem və mövzularından xəbəri olmayan xalq kimi göstərib kiçiltmək məqsədi güdür.
Məsələn, Qərbdə Azərbaycanın modern simfoniyalarının bəstəkarı Fikrət Əmirovu üç-beş musiqiçidən başqa heç kimi tanımır. Hətta tanısa belə onu Azərbaycan mədəniyyətinə nümunə kimi göstərməz. Çünki Fikrət Əmirov bir modernistdir. Həm də Qərb mədəniyyətdən kənarda milli bir modernistdir.
Eləcə də Üzeyir Hacıbəyov hər nə qədər muğamı özünün simfonik əsərləri üçün təməl götürsə də, modernist idi, həm də milli modernist. Avropa Orxan Pamuku da osmanlı ekzotikasını yaşatdığı üçün alqışlayır. Çünki bu ekzotikada özünün yaratdığı osmanlı qürubunun gözəlliyini seyr edir.
Demək istədiyim odur ki, Avropalının muğam, yaxud musiqili meyxana sevgisi mədəni imperializmin Azərbaycan mədəniyyəti üçün qurduğu tələdir. Heç bir müasir problemin qoyulmadığı və həll olunmadığı ekzotik sənətə yabançı sevgi bizi gələcəyin baxar korlarına çevirmək üçündür.
Məsələnin milli tərəfinə gəlincə, hər bir xalq öz mədəni potensialını bilir. Ermənilər dünyada heç bir mədəni dəyəri olmayan bədəni ilə ad çıxarmış Kim Qardaşyanı göylərə qaldırırlar. Çünki bilirlər ki, mədəniyyətlərinin əlinin üstündə daha üstün bir mədəniyyətin əli olmasa dünya səviyyəli heç nə yarada bilməyəcəklər. Azərbaycanlılar isə dünyaya bədəni ilə deyil, əsəri ilə çıxan Çingiz Abdullayevə, Üzeyir Mehdizadəyə ağız büzürlər. Çünki bilirlər ki, hər iki sənətkar Azərbaycanın mədəni potensialının altında olan sənət adamlarıdır. Azərbaycanın mədəni potensialı imkan verir ki, özünü dünyada daha üst mövqedən göstərə bilsin. Yüz il əvvəl Üzeyir Hacıbəyov kimi universal bir sənət adamı yetişdirən xalq bu gün dünyaya Üzeyir Mehdizadə ilə çıxmasını həzm edə bilmir.
Həzm edənlər öz xalqının mədəni potensialından xəbəri olmayanlardır.