Vaxt.Az

«Qarabağ» 18 illik rekordu təzələdi


 

... və «Neftçi»yə çatdı

«Qarabağ» 18 illik rekordu təzələdi Topaz Premyer Liqasının 28-ci turunda «Qəbələ»ni məğlub edən «Qarabağ» bir neçə rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, 3:0 hesablı qələbə həm mövsümün, həm də milli çempionatların tarixinə düşüb.

 

MÖVSÜMÜN REKORDU

 

Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan Ağdam təmsilçisi mövsümün rekordunu müəyyənləşdirib. «Neftçi» (4:1), «Bakı» (4:0), «İnter» (3:0), «Sumqayıt» (3:0) və «Qəbələ»ni (3:0) məğlub edən «Qarabağ» mövsümdə ardıcıl 5 matçda xal itirməyən ilk komanda oldu. 

Qeyd edək ki, Azərbaycan çempionatlarında ən uzun qələbə seriyası «Kəpəz»ə məxsusdu – 20 qələbə.

 

«NEFTÇİ»nin 18 İLLİK REKORDU TƏKRARLANDI

 

«Qarabağ»ın ardıcıl əldə etdiyi 5 qələbənin hamısı böyükhesablı olub. Bununla da Qurban Qurbanovun yetirmələri Azərbaycan çempionatları tarixində ən yüksək göstəricini təkrarlayıb. 5 qarşılaşmanı ümumilikdə 17:1 hesabı ilə bitirən Ağdam təmsilçisinə qədər yalnız «Neftçi» belə nailiyyətlə fərqlənmişdi.

 

TOXUNULMAZLIQDA 3-cü

 

«Qarabağ»ın qapıçısı İbrahim Şehiç ardıcıl 4-cü matçda qapısından qol buraxmayıb. «Quru» seriyasını 367 dəqiqəyə çatdıran Şehiçə mövsümün 3-cü göstəricinə imza atıb.

«Quru» seriyaya əsasən mövsümün rekordu isə Şehiçin komanda yoldaşı Fərhad Vəliyevə məxsusdur. Ardıcıl 5 quru oyun keçirən qolkiperin hesabında 554 dəqiqə var. Şehiç kimi 4 ardıcıl görüşdə qol buraxmayan Pavel Kapsa isə 505-də dayanıb.

1. Fərhad Vəliyev («Qarabağ») – 554

2. Pavel Kapsa («Simurq»)– 505

3. İbrahim Şehiç («Qarabağ») - 367

4. Kamran Ağayev («Bakı») – 360

5-6. David Pyetrkeviç («Qəbələ»), Pavel Kapsa («Simurq») – 335.

 





31.03.2014    çap et  çap et