Vaxt.Az

Cavab çox sərt olacaq


 

“Terror bıçağı” Türkiyənin sümüyünə dirəndi

Cavab çox sərt olacaq Türkiyə ABŞ-ın PKK-YPG terror təşkilatları ilə əlaqələrini kəsməsini gözlədiyi bir vaxtda Vaşinqton məkrli planından dönənə bənzəmir. BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna və BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair qətnamələrinə uyğun olaraq, Türkiyənin həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı regionda sülh və sabitlik mühitini təmin edib.

Türkiyənin regionda həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində PKK-YPG və İŞİD terror təşkilatlarının əməliyyat zonasından çıxarılması təmin edilib. Bu hərəkat eyni zamanda Suriyanın da ərazi bütövlüyünün qorunmasına töhfə verib.

Hələ 6 gün əvvəl ...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Türk-Amerika Milli İdarəetmə Komitəsinin proqramında iştirak edərkən çıxışı zamanı “Terrorla mübarizədə ABŞ-dan müttəfiqliyə uyğun hərəkət gözləyirik” ifadələrinə yer verməsinə rəğmən ötən gün baş verən terror aktı Ankaranı Vaşinqtonla münasibətinə yenidən baxmaq məcburiyyətində qoyacaq kimi görünür.

Türkiyənin ABŞ-dan gözləntisi PKK-YPG terror təşkilatı ilə əlaqələrini kəsməsi, onlara olan dəstəyini dayandırması və 17 oktyabr 2019-cu il tarixli Birgə Bəyanatın müddəalarını yerinə yetirməsi olduğu bir vaxtda ötən gün İstanbulun mərkəzində, Taksimdə 6 nəfər dinc insanın həlak olması, 81 nəfərin yaralanması ilə nəticələnən dəhşətli terakt Ankaranın sərt üzünü göstərməyə rəvac verdi.

Baxmayaraq ki, Ərdoğan sözügedən çıxışı zamanı ABŞ-dan Türkiyənin müttəfiqlik ruhuna uyğun olaraq terrorla mübarizəsinə “PKK-YPG-dən İŞİD-ə, FETÖ-yə qədər heç bir ayrı-seçkilik etmədən bütün terror təşkilatlarına qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk və davam etdirəcəyik. Terrorun qanlı və qaranlıq kölgəsini bölgəmizdən mütləq çıxaracağıq”,- sözləri ilə Vaşinqtondan dəstək verməsini istəmişdi.

Bu teraktla bağlı ən sərt açıqlamalardan biri Türkiyənin Daxili İşlər Naziri Süleyman Soyludan gəlib. Nazir bildirib ki, “Bu terror hadisəsi ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmirik, rədd edirik”. Türkiyə naziri əlavə edib ki, izi itirmək üçün terrorçu teraktdan dərhal sonra öldürülməli idi.

Soylu ABŞ-ı bu terror hadisəsinə görə əsas cavabdeh tərəf kimi təqdim edib: “Təbii ki, Kobanidəki terror zonalarını qidalandıran və oradan Türkiyənin sabitliyini pozmağa çalışan və bu məqsədlə öz senatlarından pul göndərən bir dövlətlə müttəfiqliyimiz müzakirə olunmalıdır.

Əməliyyatlar davam edir. Terrorçular təbii ki, tutuldu. Yaxalamasaydıq bu gün Yunanıstana qaçaqmalçılıq yolu ilə aparacaqdılar. Biz bildiyimiz terror strukturu ilə qarşı-qarşıyayıq. Onların necə koordinasiya edildiyini və haradan başladığını bilirik. PYD-ni orada kim bəsləyirsə, kim PKK-ya daxili kəşfiyyat məlumatları verməyə çalışırsa, elə günahkar odur. Bizə verilən mesajı aldıq. Nə baş verdiyini bilirik. Çox sərt cavab verəcəyik”.

Soylu deyib ki, Beyoğluda terror aktını törədən şəxsin sorğu-sualında PKK/PYD/YPG terror təşkilatı tərəfindən kəşfiyyatçı kimi təhsil aldığı və Afrindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğu məlum olub: “Terror aktından sonra təhlükəsizlik qüvvələri 1200 kamera görüntüsünü araşdırıb və 21 ünvanda əməliyyat keçirib. Artıq 46 şübhəli saxlanılıb. Onlarla yanaşı terror hadisəsini törədən şəxsi də tutduq. Terror təşkilatı bəlkə bu xəbərə üzüləcək, amma o terrorçunu öldürmək təlimatı verilən şəxsi də yaxaladıq”.

Soylu ilə yanaşı Türkiyənin xarici işlər nazirinin ABŞ-ı İstanbuldakı terror aktının təşkilatçılarına dəstək verməkdə ittiham etməsi də əldə kifayət qədər faktların olduğundan xəbər verir.

Türkiyə XİN-i Vaşinqtondan gələn başsağlığına daha sərt reaksiyası ilə diqqət çəkib:

“ABŞ-ın Türkiyəyə bu teraktla bağlı başsağlığı verməsi ona bənzəyir ki, qatil cinayətin törədildiyi yerə ilk gələnlərdən biri olur. ABŞ Senatından terrorçulara pul göndərən sözdə müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır”.

Nəzərə alsaq ki, belə acımasız bir vəhşilik aktının arxasında Türkiyənin apardığı siyasətə qarşı çıxan və ölkədə sabitliyi pozmaq istəyən əks qüvvələr dayanır, istisna edilmir ki, Ankaranın iddiaları əsassız ola. Xüsusən də Türkiyə ilə Amerika arasında gərginlik yaradan xeyli mövzu var ikən...

Amerika Türkiyədə 2016-cı ildə hərbi çevrilişə cəhd edən Fətullah Güləni Türkiyəyə ekstradasiya tələbindən imtina edir, Türkiyəyə “Partiot” raketləri satmaqdan vaz keçib, Türkiyənin 1 milyard dollar ödəməsinə baxmayaraq, F-35 hərbi təyyarələrini də satmır. Bu hadisədən sonra yaxın perspektivdə iki ölkə arasında buzların əriyəcəyi real görünmür.

Təbii ki, terroru dəstəkləyən qüvvələr Türkiyənin günü-gündən artan iqtisadi, hərbi və siyasi gücündən narahatdırlar. Bu gün dünyada əsas güc mərkəzlərindən birinə çevrilən Ankara, dayanmadan bu yolda zirvəyə doğru sürətlə irəliləyir. Ukrayna-Rusiya müharibəsi də göstərdi ki, Dünyada Türkiyənin yeri, ona olan inam-etibar tam başqadır. R.T.Ərdoğanın qlobal siyasi proseslərin mürəkkəbliyi ilə seçilən belə bir dövrdə verdiyi qərarlar bəşəriyyəti, dünyanı ağır vəziyyətdən xilas etmək üçün diqqət çəkən addımlardır. Şübhəsiz ki, dünya ictimaiyyəti bizim kimi bu fəaliyyəti və səmimiyyəti hiss etməmiş deyil.

Belə olan halda isə dünyanın “keçmiş ağası” kimi adının hallanmasından narahatlıq keçirməyə başlayan sözügedən güc-beyin mərkəzləri Türkiyəni durdurmağın yolunu bu cür iyrənc əməllərə əl atmaqda görürlər. Amma anlamırlar ki, Türkiyəni və türk millətini terrorla ələ keçirmək, gözünü qorxutmaq mümkün olmayacaq. Daha anlamırlar ki, bu cür terror əməlləri ilə Türkiyə qarşısında hədəfə çatmaq dünən olduğu kimi bu gün də, sabah da mümkünsüzün mümkünsüzüdür.

 





14.11.2022    çap et  çap et