Yeni Knessetdə 29 qadın, 18 ultra-pravoslav icma nümayəndəsi, 8 rusdilli deputat, 8 müsəlman, 1 xristian və bir druz yer alıb.
Pandemiyadan sonra ilk dəfə olaraq deputatlar heç bir məhdudlaşdırıcı tədbir görülmədən tam tərkibdə təntənəli iclasa toplaşıblar. Andiçmə zamanı bütün deputatlar adları ilə sadalanıb və hər biri dövlətə sadiq qalacaqlarını və Knessetdə öz vəzifələrini yerinə yetirəcəklərini vəd ediblər.
Noyabrın 1-də Knessetə növbədənkənar seçkilər keçirilib və bu, üç il yarım ərzində ardıcıl beşinci seçki olub. Noyabrın 3-də İsrail Mərkəzi Seçki Komissiyası Knessetə seçkilərdə yığılan səslərin hesablanmasının başa çatdığını elan edib və nəticədə sabiq baş nazir Benyamin Netanyahunun bloku 64 səslə parlament çoxluğunu qazanıb.
Keçən bazar günü prezident yeni Knesset partiyalarının nümayəndələri ilə üç günlük məsləhətləşmələrdən sonra yeni hökumətin qurulması tapşırığını "Likud" lideri Benyamin Netanyahuya həvalə edib. İsrail qanunu koalisiya danışıqları və yeni nazirlər kabinetinin formalaşdırılması üçün 28 gün vaxt ayırır, lazım gələrsə, daha 14 gün əlavə oluna bilər.
İsrailin 2019-2022-ci il seçki seriyasına qalib partiyaların sabit parlament çoxluğuna əsaslanan həyat qabiliyyətli hökumət yarada bilməməsi səbəb olub. Netanyahu blokunun 64 mandat aldığı 25-ci Knesset seçkilərindən sonra ölkədə uzun sürən siyasi böhranın aradan qaldırılacağı güman olunur.