Vaxt.Az

Avro dolları keçdi


 

Qızıl da bahalaşmaqda davam edir

Avro dolları keçdi Dünən ABŞ-da açıqlanan istehsal qiymətləri indeksi ardıcıl dördüncü ayda da geriləyərək 8%-ə düşdü. Proqnozlaşdırılandan daha çox azalan istehlak qiymətlərindən sonra, istehsal qiymətləri indeksində də gözləniləndən daha çox azalma müşahidə olunması fonunda dollar indeksi avqustun 12-dən sonra ən aşağı səviyyə olan 104.8 bəndə qədər düşüb. Dollar üzərində artan təzyiqlər nəticəsində avro 1.0480, funt-sterlinq 1.2020 hədlərinə kimi yüksəlib.

Bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə açıqlanacaq istehlak (CPİ) və istehsal (PPİ) qiymətlərində inflyasiya səviyyələri və saat 18:15-də İngiltərə Mərkəzi Bankının sədri Endrü Beylinin çıxışı investorların diqqət mərkəzində olacaq. Əgər proqnozlaşdırıldığı kimi İngiltərədə inflyasiya bu ay da artımla açıqlanarsa, bazar iştirakçıları Beylinin çıxışında daha sərt monetar siyasətə dair mesajların verilməsini gözləyəcəklər. Nəticədə artan sərt monetar siyasət ehtimalları fonunda funt-sterlinq dünya valyuta bazarlarında bir qədər də möhkəmlənə bilər.

Qızıl ucuzlaşan dollar fonunda 1784 dollara kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq bir qədər geriləyib. Hazırda 1772 dollardan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1784  həddinin üzərində möhkəmlənə bilsə, 1800-ə kimi bahalaşa bilər.

 





16.11.2022    çap et  çap et