Məqalədə bildirilib ki, oktyabrın 3-də bir qrup senator anti-Azərbaycan qətnamə layihəsini Fransa senatına təqdim edib. Bu qətnamə noyabrın 15-də böyük səs çoxluğu ilə qəbul edilib.
Məqalədə müəllif qeyd edib ki, Senatın Fransanın xarici siyasəti üzərində heç bir səlahiyyəti yoxdur və bu halda bu qətnamə heç bir təsirə malik deyil.
Senatın iclasından əvvəl Fransada yaşayan azərbaycanlıların Lüksemburq sarayının qarşısında dinc nümayiş keçirdiyini də xatırladan fransız jurnalist vurğulayıb ki, bir neçə min nümayəndəsi ilə Fransadakı azərbaycanlı icması erməni lobbiçiləri ilə müqayisədə Fransa siyasətində az çəkiyə malikdir. “Bir amili də xatırlatmaq lazımdır ki, Fransada erməni lobbinin əsas sözçüsü Jan-Mark Ara Toranyan 1980-ci illərdə Orli hava limanında 1983-cü ildə törədilmiş dəhşətli təxribatın arxasında duran ASALA-nın (Ermənistanın Azadlığı Naminə Gizli Erməni Ordusu) sözçüsü idi. Bu, onun bu gün Yelisey sarayında, Milli Assambleyada və Senatda dost kimi qəbul edilməsinə heç də mane olmur”.
Məqalədə həmçinin əlavə olunub ki, səsverməyə çıxarılan qətnamənin mətnində xüsusilə Fransa və Avropa hakimiyyət orqanlarından Azərbaycandan idxal olunan qaza embarqo tətbiq edilməsi və “Azərbaycanın Ermənistan ərazisindən dərhal çıxarılması” tələb olunur. “Lakin bu sənəddə Ermənilərin bütün beynəlxalq qanunlara və BMT-nin 4 qətnaməsinə zidd olaraq Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və son üçtərəfli bəyanatlara əsasən Qarabağdan erməni ünsürlərinin tam çıxarılması nədənsə ifadə olunmayib”.
Jurnalist Brön vurğulayıb ki, son seçkilərdən sonra İtaliya kimi ağır iqtisadi vəziyyətdə olan digər Avropa ölkələrindən nümunə götürərək təsirini artıran Fransa siyasi sinfinin ən mühafizəkar hissəsi “Avropa kimliyi” fərziyyəsinin müdafiə olunmasını arqument kimi seçib və bu fərziyyə Qərbin xristian köklərinə əsaslanmalıdır.
“Avropanın, xüsusən də Fransanın çoxlu və müxtəlif köklərə sahib olduğu nəzərə alınmaqla, “milli kimliyi” müəyyən etmək mümkün olmadığından, identitarlar öz mövqelərini müəyyən etməyə çalışdıqları üçün bizim nə olmadığımızı nümayiş etdirməyə səy göstərirlər. Bizim olmadığımız isə təbii ki, müsəlman olmaqdır. Türkiyənin Avropa İttifaqına üzvlüyündən imtina edilməsinin əsas səbəblərindən biri də budur.
Bu, təbii ki, İbn Sinaya, İbn Xəldun və ya Nizamiyə, Müqəddəs Avqustinə və ya Foma Akvinaya borclu olan fransız mədəniyyətinin böyük bir hissəsinin müsəlman köklərini unutması deməkdir.
Bu cəhalət və ya korluq, əsasən, dünyəvi məktəbin atası, Avropa ərəb köklərinə dair bütün istinadları məktəb dərsliklərindən çıxarmaq qərarına gələn Jül Ferridən qaynaqlanır. Bu, həmvətənlərimizin bu məsələdə məlumatsızlığını ehtiva edir”, – deyə fransız jurnalist təəssüf hissi ilə qeyd edib.
“Bu, bu gün müsəlman inanclı fransızların hər gün bədəlini ödədiyi şiddətli islamafobiya kampaniyaları ilə özünü göstərir.
Əhalisinin əksəriyyəti müsəlman olsa da, bütün dinlərin öz fikirlərini azad şəkildə ifadə edə bildiyi tamamilə dünyəvi ölkə olan və regionda ən böyük yəhudi icmasına malik olan Azərbaycana niyə hücum edirsiniz?
Sadəcə olaraq, ona görə ki, erməniləri guya ki müsəlmanlar tərəfindən təhdid edilən “Şərq xristianları” kimi müdafiə etmək iddiasında olan fransız identifikatorları xristianlığı və bununla da “Avropa sivilizasiyası”nı qorumaq üçün yeni bir səlib yürüşünə girdiklərini hesab edirlər”, – deyə məqalədə əlavə olunub.
Fransız jurnalist məqalədə onu da xatırladıb ki, haqqında bəhs olunan qətnamədə ərazisinin bir hissəsinin işğal olunduğunu və dağıdılmasını, torpaqlarının minalandığını, əhalisinin etnik təmizləməyə məruz qaldığını görən Azərbaycan xalqının 26 illik iztirablarına məhəl qoyulmur.
“Bu qətnamə, azərbaycanlılardan “Ermənistan ərazisini tərk etmələrini” tələb edərək, məsuliyyəti bilərəkdən təhrif edir və digərinin üzərinə atır. Bu qətnamə erməni əsirlərin ölkələrinə qaytarılmasını tələb edərək, erməni diversantlarının davamlı hücumlarına, Ermənistan hökumətinin Azərbaycan torpaqlarında basdırılmış minaların xəritələrini verməkdən imtina etməsinə məhəl qoymur, münaqişələr zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyinin müəyyən edilməsini nəzərə almır. Ukraynanı dəstəkləmək və eyni zamanda Rusiya qoşunları ilə çiyin-çiyinə döyüşən Ermənistanın tərəfini tutmaq paradoksu ilə də narahat deyil, baxmayaraq ki, Azərbaycan münaqişənin başlanğıcından Kiyevi dəstəkləyib və ona yardım göstərib”, – deyə Brön qeyd edib.
Müəllif yekun olaraq bildirib ki, Fransa parlamentarilərini bu acınacaqlı maskarada sürükləməyi bacaran erməni ekstremistlərinin istehzalı reklamı olan Senat epizodu, özünün islamofob daxili siyasəti, habelə Qafqaz və Mərkəzi Asiya dövlətlərinə qarşı aşağılayıcı xarici siyasət aparan və bununla da getdikcə siyasi, mədəni və hətta linqvistik baxımdan xalqlar arasında nüfuzunu itirən Fransanın öz fundamental prinsiplərindən üz döndərməsinin əksidir. “Əfsuslar olsun!”, – məqalədə vurğulanıb.