Vaxt.Az

Subsidiyalar verilməsə...


 

Bir yandan yanacağın qiymət artımı, digər yandan sonuncu qar bahalıq yaradacaq

Subsidiyalar verilməsə... Ötən ilin dekabrında benzinin qiymətində müşahidə edilən artımlar fermerlərə verilən subsidiyaların artırılması məsələsini gündəmə gətirsə də sonradan kənd təsərrüfatına birbaşa maliyyə dəstəyinin gücləndirilməsi müzakirə mövzusu olmadı.

Yaz vaxtına keçidin gətirdiyi ilk qar isə yenidən subsidiyalar məsələsini aktuallaşdırdı. Belə ki, sonuncu qarın kənd təsərrüfatı məhsulları istehsalının azalacağına səbəb olacağını proqnozlaşdırmaq çətin deyil. Belə olan halda isə, həm fermerlərin xərclərinin azaldılmasının, həm də mövsüm zamanı gözlənilə qiymət artımlarının qarşısının alınması üçün subsidiya məbləğlərinə yenidən baxılması və artırılmasına ciddi ehtiyac var. Qeyd edək ki, Azərbaycanda aqrar sektora verilən subsidiyalar hazırda strateji və adi məhsullar üzrə qruplaşdırılır: Strateji məhsullar üzrə subsidiyaların həcmi adi məhsullar üzrə verilən subsidiyaların həcmindən 2 dəfəyə qədər çoxdur. Strateji olmayan məhsullar istehsal edən fermer təsərrüfatlarının hər hektarına 40, strateji məhsul istehsal edən fermer təsərrüfatının hər hektarına isə 80 manat ödənilir CESD-nin eknometrik hesablamaları göstərir ki, subsidiya məbləğinin adi məhsullar üzrə 40 manatdan 80 manata, strateji məhsullar üzrə isə 80 manatda 140 manata artırılması dövlət büdcəsi üçün hər hansı ağırlıq yaratmamaqla yanaşı fermerlərinin xərclərinin qarşılanmasına imkan verər. Avropa Birliyi büdcəsinin 40 faizindən çoxu sadəcə kənd təsərrüfatına subsidiyaların verilməsinə yönəldildiyini nəzərə aldıqda o zaman inkişaf etməkdə olan ölkə kimi Azərbaycanda da fermerlərə birbaşa maliyyə yardımın əhəmiyyətini müəyyənləşdirmək çətin olmaz. Eləcə də nəzər almaq lazımdır ki, subsidiyaların məbləği son 4 ildə dəyişdirilməyib. Amma bu müddətdə fermerlərin xərclərində artımlar var. O baxımdan subsidiyaların məbləğinə yenidən baxılması, xüsusən strateji məhsulların istehsalına yönələn subsidiyaların məbləğinin artırılması daha məqsədəuyğundur.

Digər tərəfdən, subsidiyaların verilməsi üçün tətbiq edilən bu meyar da kifayət qədər sadədir. Subsidiya məbləğlərinə yenidən baxılmaqla yanaşı, aqrar sektora yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsinə ehtiyac var. O baxımdan strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir. Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var. İkincisi, Azərbaycanda tətbiq edilən meyar sadə olması ilə yanaşı, fermerlərin daha çox məhsul istehsalını stimullaşdırmır. Praktiki olaraq burada əkin sahəsindəki hər hektara görə ödənişlər olur. Bu da kifayət qədər sadə üsuldur. Yəni, fermerin hansı həcmdə məhsul istehsal etməsindən asılı olmayaraq, hətta ərazidə yonca əkməsindən asılı olmayaraq, bütün hallarda həmin subsidiyanı alır. Amma bu belə olmamalıdır. Bu üsul daha çox zəhmət tələb edən və ya daha çox məhsul verən ərzaq məhsullarının yetişdirilməsində əlavə subsidiyaların alınmasına imkan yaratmır. O baxımdan subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsi və subsidiyaların əkin sahələri üzrə hektarlara bölünməməsi lazımdır.

Subsidiyalarin ABŞ-da edilən meyarlar əsasında tətbiq edilməsi mümkündür. Belə ki, subsidiyaların məbləği istehsal olunan məhsulun həcminə uyğunlaşdırılır. Yəni, daha çox məhsul istehsal edən fermer dövlətdən daha çox subsidiya alır. Az istehsal edən fermer isə az subsidiya almalıdır. Yəni, faktiki olaraq subsidiyaların məbləği dəyişən olmaqla fermerlərin daha çox məhsul istehsal etməsini stimullaşdırmalıdır. Bu da təbii ki, subsidiyanın tətbiqi ilə bağlı meyarın dəyişdirilməsi və subsidiyanın hektarlar üzrə deyil, istehsal olunan məhsulun həcminə uyğun olaraq müəyyənləşdirilməsidir. Ümumilikdə subsidiyalar daha çox fermerlərin məhsul istehsal etmələrini təşviq etməlidir.

 





01.04.2014    çap et  çap et