Bu, çox ciddi vəziyyətdir.
Fransa Senatının Qətnaməsi Cənubi Qafqazda gedən geopolitik savaşın bir göstəricisidir. Əsas məqsəd 44 günlük müharibədən sonra regionda Azərbaycanın xeyrinə yaranmış status-kvonun nəticələrinin qarşısını almaqdır.
Paris “erməni məsələsini” beynəlxalq masaya çıxarmağa cəhd edir, və bununla Qafqazda mandat almağa çalışır.
Bakının sərt reaksiyası onu göstərir ki, bu status-kvoya mane olacağı halda Makron administrasiyası ilə “körpüləri yandırmağa” hazırdır. Və bu zaman iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin zədələnməsinin məsuliyyəti Parisin üzərində qalacaq.
Proseslərin təhlili göstərir ki, Fransa Azərbaycana qarşı “erməni cəbhəsi” yaratmağa çalışır. Paris çox güman ki, bu siyasətini Avropa İttifaqının kluarlarına da daşımağa cəhd edəcək.
Fransa bu addımı ilə Praqa və Brüssel formatında əldə olunan razılaşmaları da təhlükəyə salır.
Bölgədə təhlükəsizliyin və davamlı sülhün əldə olunması isə Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır. İrəvan bu sülhü süni şəkildə yubatmaqla Fransaya anti-Azərbaycan düşərgəsinin qurulması üçün vaxt qazandırdığını düşünürsə, səhv edir.
Bu səhv isə ona baha başa gələcək.
Bakının maraqları və şərtləri nəzərə alınmadan Qafqazda geopolitik masa qurmaq heç bir qüvvəyə nəsib ola bilməz.