Vaxt.Az

Yalquzaq ömrü


 

Dünyanın göründüyü kimi olmadığının fərqinə varanda yaşamaq çətinləşir

Yalquzaq ömrü Gecəyə heç vaxt günün yorğunluğunu candan çıxarmaq üçün yaradılan fürsət kimi baxa bilmədim. Həmişə düşündüm ki, gecə – dünyanı “görmək” üçün gözdən başqa da duyğuların mövcudluğunu insana xatırlatmaq üçündür; ətraf qaranlığa bürünəndən, gözün imkanları məhdudlaşandan sonra duyğular, hisslərlə həyatın dərki başlayır.

Böyük şəhərlər yatmır, həmişə oyaqdır və bəlkə də ona görə dünyanın böyük mütəfəkkirlər “meqapolis həyatına” mənfi münasibətlərini deməkdən çəkinməyiblər. Şəhər yatmayanda, gecə gündüzə dönəndə insanın duyğuları daha çox mürgüləyir. Duyğular oyaq olmayanda isə həyat yuxudaymış kimi keçib gedir. Sanki bir ömür yatırsan və yalnız onda ayılırsan ki, artıq sondur!

Əslində gecəni gündüz kimi yaşamaq istəyi – insanın öz duyğularından qaçmasıdır. Özünə çəkiləndə və gözlə yox, ürəklə düşüncə başlayanda, dünyanın heç də “göründüyü kimi” olmadığının fərqinə varanda yaşamaq çətinləşir.

Axı, “yaman olur anlamaq dərdi”!

Gündüz başını qata bilərsən, amma gecənin bir aləmində baş götürüb hara gedirsən-get, hansı yana istəyirsən qaç, özündən qurtula bilməzsən – əgər özünü cəmi bircə yol tapmısansa…

Gecənin qoynuna başını söykəyib, səhəri unudanda, həyatı yaddan çıxaranda isə “yalquzaq ömrü” başlayır…

***

… “Yalquzaq ömrü” – həyatın gözlə görünməyən, əllə tutulmayan… – hiss etdiyin bir gerçəkliyin ağrısını çəkmək arzusudur bəlkə də; bəlkə də qopub gəldiyimiz bir Varlıqdan ayrı düşmək əzabını özümüz də dərk etmədən səssizcə yaşamaq istəyidir!

Hər nədirsə, yanımızda olsa belə, gözlə “görə bilmədiyimiz”dən, əlçatmaz könül ucalığına qaldırdığımız bu istəyin şipşirin həsrətini dadmaq zövqü – varlığımızın özünü təsdiqidir.

Ona görə heç zaman gecədən gündüzə pənah aparmadıq, hər zaman gecənin sehrinə qaçdıq ki, ürəyimizin pıçıltısını, duyğularımızın səsini görə bilək.

Ürəyimiz sözünü gözlərimizə söylədi, duyğularımız içimizdə əsən yelləri dodağımızdan bir “ah”la bəyan etdi… Qəlbimiz gündüzün qayğılarından, his-pasından bu pıçıltılarla yuyunub təmizləndi, duyğularımız bu səslərlə ovundu.

***

…Gecə – sevgimizin mövcudluğunu gördüyümüz ən işıqlı məkandır;

...Gecə - hamının gözündən uzaq olduğumuzdan, sevgimizə yenilməyimizi qürurla qarşıladığımız tək məkandır. Bu məkanda heç vaxt cəng açmadıq, qalib gəlmək istəmədik, əksinə, sevgiyə əsir düşməyimizi qələbə sevinciylə qarşıladıq;

…Gecə – həyatımızın bəzəksiz-düzəksiz, əsl üzüdür, Gün isə – gecənin dərdiyi bir anlıq nəfəsin işığıdır. Ona görə hər günün öz Adı olsa da, bu gecələrin heç zaman Günü olmur.

Çünki Gündən fərqli olaraq, Gecə doğulmur, o, varlığımızı özümüzə göstərmək üçün sadəcə mövcuddur – əbədi sevgi kimi…

 





16.11.2022    çap et  çap et