Vaxt.Az

Fransa nə istəyir?


 

Yaxud qarımış ölkənin makiyajsız sifəti ...

Fransa nə istəyir? Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi son dərəcə riyakar, qərəzli, əsassız, erməniyanlı qətnaməsi hər bir azərbaycanlıda hiddət, nifrət doğurur. Həqiqətən də, bu günlərdə Fransa dövlətinə də, Senatına da, Makrona da, senatdakı makronoidlərə də qəzəb və nifrət bildirməkdə haqlıyıq. Çünki onların Senatda qəbul etdikləri qətnamə siyasi sənəd deyil, müstəqil dövlət olan Azərbaycana hədədir, hərbə- zorba gəlməkdir. Qətnaməni oxuduqca dəhşətə gəlirsən: budurmu qərb hüququ, qərb demokratiyası, qərb ədaləti, qərbin müstəqil bir dövlətin suverenliyinə hörməti?

Yoxsa fransız parlamentariləri yatıb yuxularında irqçi, şovinist, işğalçı qaniçən və qan içində çimən müstəmləkəçi babalarını görüblər və hesab ediblər ki, Azərbaycan xalqı da onların müstəmləkəsi olmuş xalqlardan biridir? Hesab edirlər ki, Azərbaycana qarşı istədikləri kimi davrana bilərlər və əks reaksiya görməzlər?

Fransanın erməni yançısı olduğu təzə bir şey deyil və bu qədim peşəsi ilə öyünən tör-töküntü toplumu da fransızların özlərinə kiçik bacı kimi qəbul etmələri heç kimi narahat etmir. Amma , ey Fransa, ey Ermənistan, siyasi və mənəvi əxlaqsızlıqlarınızı istəyirsiniz birgə, istəyirsiniz ayrı-ayrılıqda edin, bu öz işinizdir, amma çirkin oyunlarınızı bizdən aralıda oynayın! 

Fransanın qarnının ağrısı hər kəsə bəllidir və bu sancı “əzabkeş erməni xalqı”nın dərdinə dərman olmaqdan daha çox , özünü xristian təəssübkeşi və türk- islam düşməni kimi yenidən dünyaya bəyan etməkdir. Əslində Fransa Ermənistan- Azərbaycan münaqişəsini xristian- müsəlman qarşıdurması kimi qələmə verməklə özünün ermənipərəst mövqeyini din təəssübü pərdəsi altında gizlətməyə çalışır.

Qətnamədə fransız senatorlarının Avropa İttifaqına və digər birliklərə Azərbaycana qarşı iqtisadi, siyasi, mənəvi embarqo qoymaq çağırışlarının sadə dilə tərcüməsi “yeni səlib yürüşü” anlamından başqa bir şey deyildir.

Qətnamədəki digər absurd müddəa Azərbaycanın Ermənistanın işğal etdiyi ərazilərindən çıxmasını və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasını tələb etmələridir. Ya bunların dünyadan xəbərləri yoxdur, eləcə erməni lobbisinin hazırladıqları cızma- qaranı qətnamə adı ilə qəbul ediblər, ya da özlərini axmaq yerinə qoyublar.  Senatdakı müsyö və madamlar, Azərbaycanla Ermənistan arasında beynəlxalq səviyyədə tanınmış sərhəd yoxdur axı? 

Ermənilər 30 il ərzində bizim torpaqları işğal altında saxlayıb, biz Ermənistanın ərazisini işğal etməmişik! Və bizim elə ən çox istədiyimiz də Ermənistanla sərhədlərin delimitasiya edilməsidir. Qoymursunuz axı!!!

Fransız parlamentarilər “Dağlıq Qarabağ” da yaşayan ermənilərin təhlükəsizliyinin qorunması və müstəqilliyinin tanınmasını gündəmə gətirirlər.  “Dağlıq Qarabağ”  deyilən bir inzibati ərazi yoxdur, çoxdan ləğv edilib.  Bax burda bir erməni misalı yada düşür: “Vartan əlli ildir ölüb, bu indi deyir – “Vartan, vay!”

10 noyabr 2020- ci il tarixli 3 tərəfli bəyanata görə 2025-ci ilə qədər Qarabağda yaşayan erməni vətəndaşların təhlükəsizliyi rus sülhməramlıları tərəfindən həyata keçiriləcəkdir və keçirilir. Digər tərəfdən kim deyir ki, dinc  erməni əhaliyə azərbaycanlılar tərəfindən təhlükə var? 

Belə bir təhlükə yoxdur və ola da bilməz. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, erməni vətəndaşlar da Azərbaycanın digər vətəndaşları kimi eyni hüquqlara malikdirlər,  onların təhlükəsizliyi, azadlığı və hüquqları Azərbaycanın qanunları ilə təmin ediləcəkdir.

O ki, qaldı müstəqilliyin tanınması məsələsinə, bu da absurd bir şeydir, hətta 30 illik işğal dövründə buna cəsarət etməyən Ermənistan və Fransa qalib Azərbaycana qarşı heç bir qələt edə bilməzlər.


Fransa nə istəyir?


Sual oluna bilər, Fransanın Cənubi Qafqazda marağı nədir ki, özünə belə əl qatıb? O doğrudanmı bədbəxt və rəzil Ermənistan üçün - sahibsiz , küçələrdə qalmış dul bacısı üçün göz yaşları axıdır. 

Əlbəttə,  xeyir! Əvvəla, Fransanın canfəşanlığının səbəbi dünyada aparıcı dövlət kimi nüfuzunun itirilməsinin ört-basdır edilməsi, Minsk qrupunun həmsədri kimi fəaliyyətini yenidən bərpa edərək, Ermənistanın vasitəsi ilə bölgədə qalmaq, ən azı, erməni bacılarına, qorxmayın mən də buradayam söyləmək, “ Xaçaturun da xəncəri var”-, deyə bilmək istəyidir.

İkincisi, Makron hökumətinin fahişə davranışının səbəbi gələn il Fransada  keçiriləcək seçkilərlə bağlıdır. Makron və makronoidlər bu qətnamə ilə erməni lobbisindən  seçki kampaniyasına maliyyə dəstəyi adı altında aldıqları çirkli pulları və seçkilər zamanı erməni elektoratının səslərini “ağartmağa” çalışırlar. Təbii ki, öncədən erməni biznesmenləri ilə masaaltı danışıqları olub və bu danışıqların sonrakı bəndlərini də seçkiyə qədərki dövrdə izləmək təəccüblü olmayacaqdır.

Fransanın erməni və Ermənistan “sevgisinin” digər mənbəyi bu ölkənin tarixi bir qələti ilə bağlıdır. On doqquzuncu əsrin ortalarından başlayaraq Fransanın “öncüllüyü” ilə bir neçə qərb dövləti Osmanlı imperatorluğunu içəridən dağıtmaq üçün məkrli planlar qurmağa başladılar. Bu planlardan biri Osmanlı ərazisində yaşayan qeyri- müsəlman əhalinin mənəvi haqlarının və siyasi hüquqlarının qorunması və genişlənməsi ilə bağlı idi. Bu planın həyata keçirilməsinə 1878- ci ildə keçirilən Berlin Konfransı təkan verdi. Berlin Konfransından sonra Osmanlının süqutu sürətləndi, təbəəliyində olan bir sıra xristian xalqlar (bolqarlar, serblər, rumınlar, macarlar, yunanlar və s.)   daha geniş müstəqillik əldə etdilər, yeni dövlətlər yarandı, Qotur vilayəti İranın, Tunis knyazlığı Fransanın nəzarətinə keçdi. Ancaq Fransanın cəhdlərinə baxmayaraq Şərqi Anadoluda müstəqil erməni dövləti qurmaq mümkün olmadı, çünki ermənilər bu bölgədəki müsəlman əhali ilə müqayisədə xeyli azlıq təşkil edirdilər. Ancaq Osmanlı ərazilərinə xristian Avropanın müdaxiləsi getdikcə artmağa başladı, bu işdə xüsusən fransız missionerləri ermənilərdən maşa qismində istifadə etdilər. Erməniləri üsyanlara qızışdıraraq yerli kürd və türklərin qətliamına rəvac verdilər, 30 ildən çox davam edən erməni üsyanları nəhayət 1915-ci il məlum deportasiya qərarı ilə başa çatdı. Necə deyərlər, fransız şampanı təkcə axmaq erməni beynini dumanlandırmadı, həm də şampanın butulkası erməninin sarsaq başlında partladı.

Sürgün olunan imkanlı erməni ailələri Fransaya gəlib orada yerləşməyə, daha sonra isə biznes və diaspora şəbəkəsini qurmağa nail oldular. 

Fransanın Anadoluda ermənilərə dövlət qurmaq fəaliyyətinin nəticələri məlumdur. Bu tarixdən dərs çıxartmayan ağlı çaş millət yenə də Fransaya bel bağlamaqla bu dəfə Qafqazda həm şamsız, həm də çıraqsız qalacaqlar. 

Tarixi ekskursdan bu günün gündəminə dönərək qeyd etmək istəyirəm ki, 

Fransanın qəbil etdiyi bu riyakar və bədnam qətnamənin növbəti və bəlkə də ən əsas səbəbi sualtı daşlarla bağlıdır. Bu səbəb getdikcə güclənən və ciddi şəkildə təşkilatlanaraq nüfuz dairəsinə çevrilən Türk Dövlətləri Təşkilatıdır. İranın da son vaxtlar bölgədə banlamağının səbəbi məhz budur! Hərçənd ki, İranda yaxşı bilirlər ki, müsəlman inancına görə vaxtsız banlayan xoruzu  erkən də kəsirlər. 

Fransa erməni qətnaməsi oyununu ortaya atmaqla bölgədə gərginlik yaratmaq, Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə ləng getsə də, pozitiv inkişaf edən davamlı sülh danışıqlarını ləngitmək, İpək Yolu layihəsi və Orta Asiyanın türk dövlətləri üçün bölgəni maraqsız və hətta problemli bir əraziyə çevirməkdir.


Adekvat cavablar verildi


Biz nə etməliyik, cavab tədbirlərimiz nədən ibarət olmalıdır?

Əvvəla, ümummilli səviyyədə dərk və qəbul etməliyik ki, Fransa Azərbaycana dost dövlət deyil, dost olmayıb və olmayacaqdır. Fransa ilə münasibətlərdə dəstək və fayda axtarmaq havayı vaxt itkisidir. Fransaya adekvat və bir az da artıq cavab verməliyik. Bu cavablar artıq ən yüksək səviyyədə verilir və hədəfə çatmaqdadır.

İlk cavab Fransa Senatının qətnaməsindən bir neçə saat sonra, olduqca mədəni şəkildə və diplomatik etika səviyyəsində hörmətli birinci Vitse-prezident Mehriban xanım Əliyevadan gəldi : Fransanın sədrliyi dövründə BMT- nin əsas təşkilatlarından biri olan, Baş ofisi Fransada yerləşən UNESKO- nun xoş məramlı səfiri vəzifəsindən istefa etdi.

Bu istefa həm də  30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş soyqırım siyasəti və vandallıq barədə UNESKO-nun susqun tərzinə etirazın ifadəsi kimi qiymətləndirilir.

Növbəti addım Xarici İşlər Nazirliyi tərəfindən atıldı. Senatın biabırçı qətnaməsindən bir gün sonra  Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili JüLyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılaraq, ona noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edildi, Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə çatdırıldı.

Eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisi də özünün sərt mövqeyini dünyaya bəyan etdi. Fransa Senatının düşmənçilik notları üzərində qəbul etdiyi qətnaməyə millət vəkillərinin hiddət dolu etirazı Milli Məclisin 16 noyabr tarixində qəbul etdiyi bəyanatında öz əksini tapdı. Bəyanatda Fransa hökumətinin və parlamentinin ikiüzlü, riyakar, saxtakar, bölgədə yenidən müharibənin alovlanmasını körükləyən qətnaməsi kəskin şəkildə pislənməklə yanaşı, milli parlament hökumətə öz tövsiyələrini də verdi.


Daha nələri etməliyik? 


Dövlət səviyyəsində görülən tədbirləri vaxtında və adekvat addımlar kimi qiymətləndirməklə yanaşı, düşünürəm ki, biz digər imkanlardan da daha geniş şəkildə istifadə etməliyik.

1. Bizə bu gün həmişəkindən artıq milli birlik lazımdır. Siyasi ideologiyasından, istək və ambisiyasından asılı olmayaraq bütün siyasi partiyalar, ictimai hərəkat və təşkilatlar Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını bəyan etməli və Fransa Senatının riyakar qətnaməsinə münasibət bildirməlidirlər;

2. Qeyri- hökumət təşkilatları fəallıq göstərməli, müxtəlif aksiyalarla Fransa senatına təpki göstərməli,  onların ədalətsiz, riyakar qətnamələrini pislədiklərini dünya birliyinə çatdırmalıdır;

3. Türk Dövlətləri Təşkilatına və İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək onları məlumatlandırmalı və Fransa Senatına etiraz məktubu göndərilmələrini xahiş etməli;

4. Türk və Azərbaycan diasporlarının güclərini birləşdirmək istiqamətində fəallığımızı artırmaq, xüsusilə Fransadakı diasporamız vasitəsi ilə bu ölkədə yaşayan türk xalqlarının 500 mindən çox sayda olan nümayəndələrini və 6 milyondan çox müsəlmanın Fransanın anti-türk, anti-müsəlman siyasətinə qarşı dirənişinə nail olmaq;

5. Fransaya qarşı bütün vasitələrlə təzyiq göstərməyi davam etmək məqsədi ilə Əlcəzair parlamenti və hökuməti ilə münasibətləri artırmaq, Fransanın Əlcəzairdə törətdiyi 1,5 milyonluq insan qətliamını soyqırım aktı kimi tanımaq və qarşılığında Əlcəzairin Xocalı soyqırımını tanıması məsələsini gündəmə gətirmək;

6. Fransa Senatında Azərbaycanla əməkdaşlıq qrupunun bir nəfər istisna olmaqla hamısının əleyhimizə olan qətnaməni dəstəklədiyini əsas götürərək Azərbaycan- Fransa parlamentlərarası əlaqələrə yenidən baxmaq;

7. Fransanın Azərbaycana və Türkiyəyə düşmən münasibətini dəyişməyəcəyi halda 200 milyonluq türk dünyasının fransız mal və xidmətlərindən imtina edəcəyini bəyan etmək;

8. Qətnaməyə səs verən senatorların adlarını Azərbaycan üçün  arzu edilməz şəxslərin siyahısına salmaq və onların ölkəyə girişinə ömürlük qadağa qoymaq. 


İşıqlı sabahlara doğru


Biz qalib xalq, güclü dövlətik, nə iqtisadi, nə hərbi, nə də siyasi cəhətdən Fransadan asılılığımız və qorxumuz yoxdur. Bölgənin titul xalqıyıq, dünyada imicimiz müsbət, nüfuzumuz yüksəkdir. Dünya Fransadan, hətta Avropadan ibarət deyildir, cənab Rəcəb Tayyib Ərdoğanın dəqiq ifadə etdiyi kimi “dünya beşdən böyükdür”. Avropa İttifaqı üzvlərinin hər birinin öz dövlət maraqları vardır və bu maraqlar onların Azərbaycan əleyhinə hər hansı sanksiyaya qoşulmağa imkan verməyəcək.

Necə ki, torpaqlarımızı işğaldan azad etdik, necə ki, ərazi bütövlüyümüzü təmin etdik, necə ki, BMT-nin 30 illik qətnamələrini özümüz həyata keçirtdik, eləcə də yolumuza davam edəcəyik. Belə kağız-kuğuz parçaları əl- ayağa dolaşa bilər, könül bulandıra bilər, amma yolçunu yolundan saxlaya bilməz. Yolumuz isə məqsədimizə, hədəflərimizə doğrudur. 10 noyabr 2020- ci il bəyanatının bütün müddəalarının yerinə yetirilməsini təmin edəcəyik, lazım gələrsə Ermənistanı buna məcbur edəcəyik. Kommunikasiyalar, o cümlədən, Zəngəzur dəhlizi açılacaq, böyük sülh müqaviləsi imzalanacaq, bölgədə əməkdaşlıq və tərəqqi başlayacaq. Bunları biz edəcəyik, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, dost ölkələrin dəstəyinə arxalanaraq edəcəyik. 

Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi kimi-”Azərbaycan dünyaya günəş kimi doğacaq”!

Bu yolda inamla irəliləyirik, böyük planlarımız və hədəflərimiz var. 

Bölgədə sülhü təmin edəcəyik, tərəqqiyə nail olacağıq, daha da zəngin ölkəyə çevriləcəyik. 

Qarşıda daha işıqlı, daha  aydın sabahlarımız bizi gözləyir. 

Xoruzu milli simvol kimi qəbul edənlər isə bilməlidirlər ki, sabahın açılmasının xoruzun banlaması ilə heç bir əlaqəsi yoxdur!

 





17.11.2022    çap et  çap et